Ziya Bünyadov
O, fevral ayını heç sevməzdi. Bunun səbəbini dostları təkidlə soruşsalar da, fevral qaranlıq aydır deyərdi. Bəlkə də bu qaranlıq ayda başına gələcək faciəni öncədən hiss etmişdi... Söhbət gələcək taleyini qaraçıdan öyrənən, nikah evinə getmək üçün tramvaya minməyə pul tapmayan, görkəmli şərqşünas və tarixçi, Sovet İttifaqı Qəhrəmanı, elm və ictimai-siyasi xadimi, Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik Ziya Bünyadovdan gedir...
Ziya Bünyadov Astara şəhərində hərbçi, tərcüməçi ailəsində anadan olub. Onun atası Bibi-Heybət alim-şeyxləri nəslindən olmuş Musa Mövsüm oğlu Bünyadov, anası isə rus əsilli Raisa Mixaylovna Qusakova idi. Nəsil şəcərəsinin əsaslandığı tarixi sənədlərə görə, alimin Bünyadov soyadı onun 13-cü ulu babası şeyx Bünyadın adından götürülüb. Ziya Bünyadov özü bu haqda deyib: "Atam azərbaycanlı, anam rusdur... Mənim əsl adım Ziyavuddin, atam şeyx Musa, babam - şeyx Məsum, atamın babası - şeyx Məhdi və b. Nəslimin tarixini sənədlər üzrə araşdırmışam və məlum olub ki, mənim ata tərəfdən 15 sülaləm şeyxlər olubdur və onların hər birinin adını təyin etmişəm... Mənim soyadım 15-ci ulu babamın adından yaranmışdır - Büned".
O, atasının sayəsində hələ uşaqlıqdan ərəb dilini öyrənmiş və Quranı oxumağa başlamışdı. Orta məktəbi bitirəndən sonra aviasiya məktəbində oxumaq istəsə də, boyunun hündürlüyü buna mane olmuşdu. Tibb komissiyasından keçə bilmədiyi üçün yaşına 2 il əlavə etmişdi. Daha sonra o, təhsilini S.Orconikidze adına Bakı Piyadalar Məktəbində davam etdirmək məcburiyyətində qalmışdı. 1941-ci ilin mayında hərbi məktəbi leytenant rütbəsində əlaçı diplomu ilə bitirəndən sonra onu Moldovaya göndərirlər. Burada - Dnestr çayı üzərindəki kiçik liman şəhəri olan Bəndərdə İkinci Dünya müharibəsi başladıqdan cəmi 1 saat sonra həyatında ilk dəfə döyüşünə girir. Xəstəxanalarda keçirdiyi vaxtı çıxmaqla, Ziya Bünyadov İkinci Dünya müharibəsində cəbhədə Berlinədək vuruşaraq şərəfli döyüş yolu keçib.
Akademik elmdə həmişə orijinal araşdırma və məqalələri ilə yaddaşlarda qalıb. Onun araşdırmalarından biri də orta əsrlərin böyük mütəfəkkir şairi İmadəddin Nəsiminin ölümü ilə bağlıdır. Çoxumuza ədəbiyyatdan və Nəsimi haqqında çəkilmiş filmdən məlumdur ki, şairi diri-diri edam edib, dərisini soyublar. Lakin Ziya Bünyadovun məqaləsində Nəsimi barədəki bu məlumatlara yeni yanaşma öz əksini tapıb. Nəsiminin edam olunması və dərisinin diri-diri soyulması barədə məlumatları akademik təkzib edib.
Ziya Bünyadov çox inanclı olub. Deyilənlərə görə, bəzən gözlənilmədən məscidə dua etməyə gedərmiş. O fala inanmasa da, bir dəfə müharibədə olduğu dövrdə qaraçının onun gələcək taleyi barədə danışmasına icazə verib. Qaraçı deyib ki, həyat yolun çox çətin olacaq, ağır yaralanacaqsan, lakin savaşdan sağ çıxacaq və ulduzunun parladığı zirvəyə qalxacaqsan. Bu ulduz sənin bütün həyat yolunu işıqlandıracaq. Ziya Bünyadov deyirdi: "Qaraçının müharibədən sağ çıxacaqsan sözləri həmişə ağlımda idi". Sonra o, həqiqətən də kontuziya alır və ağır yaralanır. Stalinqradın müdafiəsində iştirak edir. Yeri gəlmişkən, Stalinqradda Mamoyev kurqanında vəfat edən bütün hərbçilərin adları yazılıb. Orda Ziya Bünyadovun da soyadı qeyd olunub, xəstəxanada bir müddət yaralı və huşsuz halda yatdığına görə hamı düşünürdü ki, vəfat edib. Özünün də bu heykəlin yanında fotosu var.
Akademik Tahirə xanımla ailə qurub. Onlar universitetdə tanış olublar. Tahirə xanımın sözlərinə görə, Ziya Bünyadov çox ciddi və qısqanc adam idi. Hansısa bir məclisə gedəndə o heç kimin Tahirə xanıma yaxınlaşıb rəqsə dəvət etməsinə icazə verməyib. Bir dəfə tələbə yataqxanasında Tahirə xanımın rəfiqələrindən birinin toyu olur. Bu toyda hər ikisi iştirak edir. Tahirə xanım deyir ki, Ziya Bünyadov heç gözləmədiyi halda ona yaxınlaşıb səssizcə "Mənə ərə gəl" deyə pıçıldayıb. Daha sonra Tahirə xanımın böyük xalası Moskvaya gedib Ziya ilə tanış olur və ondan xoşu gəlir. Beləliklə, gənclər ailələrin də xeyir-duası ilə evlənirlər. Onlar nikah bağlamağa gedəndə tramvaya minməyə pulları olmayıb. VVAQ-dan yataqxanaya 15 kilometr yolu piyada gəliblər. Yataqxanada müəllim və tələbə dostları onlar üçün gözəl süfrə açıb, toy ediblər. 50 il birlikdə ömür sürən cütlük bütün çətinliklərdən birgə keçib.
Akademik nizam-intizamı olmayan insanları heç sevməzdi. O deyirdi ki, əgər adam intizamlı deyilsə, heç kimdir. Ömrünün sonuna qədər hərbçi ruhu onu tərk etmədi. İşə piyada və hamıdan tez gəlirdi, otağının qapıları da hamıya açıq idi, onunla görüşmək üçün əvvəlcədən yazılmaq lazım deyildi. Əgər məşğul deyildisə, insanlar dərhal onunla görüşə bilirdilər. Bütün məktubları və xahişləri cavablandırıb, imkan daxilində kömək etməyə çalışardı. Sərt adam olduğundan tənbəlləri və boş gəzənləri xoşlamazdı. Eyni zamanda sözünün üstündə dura bilməyən insanları görəndə dərhal özündən çıxırdı. Böyük ürəyə sahib, xeyirxah, həm də hamıya qarşı eyni dərəcədə həssas olan akademik 75 yaşında qaranlıq ay hesab etdiyi bir ayda - fevralın 21-də yaşadığı binanın qarşısında cinayətkar qrup tərəfindən vəhşicəsinə qətlə yetirilib. Deyilənlərə görə, akademik "Hizbullah" üzvləri tərəfindən öldürülüb və bununla bağlı bir neçə nəfər azadlıqdan məhrum edilib.
Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.