17 fevral, 2025
Paylaş:

Zərnigar Ağakişiyeva

Deyirlər, insan həyatda ən çox nədən qorxarsa, o başına gələr. Zərnigar Ağakişiyevanın da tale payına qorxuları ilə üzləşmək düşdü... Onun bu həyatda ən böyük qorxusu tək qalmaq və öləndə yanında kimsəni tapa bilməmək idi. "Qorxuram qəfildən çətin vəziyyətə düşərəm, heç kimə əlim çatmaz" deyərdi... Elə belə də oldu... Ömrü boyu yalnızlıqdan qorxan aktrisa həyatının sonuna kimi tənha qaldı və evində ölü tapıldı...

Zərnigar xanım Quba rayonunun Rustov kəndində dünyaya gəlib. Anası Səadət xanımın birinci həyat yoldaşı müharibədə həlak olub. O, ikinci dəfə ailə qurub. Bu evlilikdən Zərnigar Ağakişiyeva dünyaya gəlib. Zərnigar anasının ilk evliliyindən olan ögey qardaşı ilə heç vaxt doğmalaşa bilməyib. Qardaşı ilə yola getməyən aktrisanı bir az kasıb həyat, bir az da tənhalıq ailəsindən didərgin salıb. O, heç kimə yük olmamaq üçün evlərini tərk edib. Zərnigar xanım o illəri müsahibələrində belə xatırlayır: "Anam işləməyimə qarşı çıxırdı. Qonşudan pul alıb, Bakıya gəldim. Həm oxuyurdum, həm də işləyirdim. Maddi sıxıntılarım hər zaman olurdu. Ailə qurmamağımın səbəbi isə şəxsi həyatımı sənətimdən artıq sevdirə biləcək insanla qarşılaşmamağım oldu. Qarşılaşdığım insanlar tələblərimə cavab vermədi. Mən də bütün illərimi teatrda, tamaşalarda keçirdim".

Heç vaxt ailə qurmayan Zərnigar xanımın həyatında unuda bilmədiyi məhəbbəti olub. Bu şəxsin kimliyi haqqında heç vaxt danışmayan aktrisa müsahibələrində onları aktyorluq sənətinin ayırdığını bildirərək, sevdiyi insan haqqında deyirdi: "Həyatımın böyük sevgisini yaşadım. Amma bu sevgi ailə həyatı ilə tamamlanmadı. O adam mənim sənətimi qəbul etmirdi". Maraqlıdır ki, Zərnigar Ağakişiyevanın vəfatından sonra Əməkdar artist Məcnun Hacıbəyov ağlayaraq verdiyi açıqlamasında onu sevdiyini etiraf edib. İlk sevgisi daşa dəyən aktrisa illər sonra bir şəxslə nikahsız yaşamağa başlayıb. Bu bərabərliyin də sonu olmayıb. 13 il sonra birlikdə yaşadığı adamdan ayrılan sənətkar ömrünün sonuna qədər tənhalığı seçib. Heç vaxt övlad sahibi ola bilməyən aktrisanın övladlığa uşaq götürmək istəyi maddi vəziyyətinin qənaətbəxş hesab edilmədiyi üçün baş tutmayıb.

Uşaqlıqda gözəl rəsm çəkmək qabiliyyəti olan Zərnigar xanım sənədlərini Əzim Əzimzadə adına rəssamlıq məktəbinə təqdim etsə də, qəbulda olan şəxsin söylədiyi bir cümlə ilə fikrini dəyişir. O cümlə təxminən belə olub: "neynirsən rəssam olmağı, qız üçün Tibb Texnikumu yaxşıdır". Mənə qəribə gəldi ki, bu niyə qaramat tökür işimə? Çıxdım atama dedim ki, "gedək, pis adamlar var burada".

"Təhminə və Zaur" filminin çəkilişləri zamanı Rasim Ocaqovdan xahiş edib ki, Zivərin Təhminəyə söyüş söydüyü səhnədə söyüşü açıq şəkildə ifadə etməsin. Ancaq rejissor razı olmayıb: "Biz Həsən Məmmədovla birgə Rasim müəllimə yalvarırdıq ki, ayıbdır, tamaşaçı bizdən efirdə belə sözlər eşitməyib, çıxardın bu sözləri. Rasim müəllim yek kəlmə dedi ki, "yox! Deməlisiz. Vəssalam".

Ölənə qədər həmkarı aktrisa Safura İbrahimova ilə küsülü qalıb. Zərnigar Ağakişiyeva rəhmətə gedəndə Safura xanım onunla küsülü qaldığına görə peşmançılığını dilə gətirib: "Gərək barışaydıq, küsülü ayrılmazdıq". Aktrisa "Ötən ilin son gecəsi" filmində anasının obrazını canlandırdığını söyləyib. O müsahibələrinin birində "O filmdə mən anamı oynamışam, daha doğrusu, oynamamışam, sadəcə anamın həyatını yaşamışam" deyib. Gözəl vokal səsə sahib olan Zərnigar xanım heç vaxt özünü aktrisa olaraq qəbul etməyib. Hətta "Ordan-burdan" teletamaşasında Salman bəyin bacısı Pərinin qız bəyənməyə gəldiyi epizodda Firuzə xanımın oxuduğu mahnını Zərnigar Ağakişiyeva özü ifa edib. Deyilənə görə, tamaşalarda ondan oxumaq tələb olunduğu üçün aktrisa Moskvada vokal dərsləri alıb.

Ömrü boyu təklikdən qorxan, uzun illər şəkər xəstəliyindən əziyyət çəkən Xalq artisti 72 yaşında yaşadığı evdə ürək çatışmazlığından tək-tənha vəfat edir və yalnız ölümündən 3 gün sonra tapılır...

Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.

 

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()