“Zəfərimiz rənglərin işığında” adlı gənc rəssamların sərgisi
3 noyabr tarixində Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının həyata keçirdiyi “Zəfər tarixinin şanlı 44 günü” layihəsi çərçivəsində təşkil edilən “Zəfərimiz rənglərin işığında” adlı gənc rəssamların sərgisi keçirilmişdir.
Sərgi Respublika Gənclər Kitabxanasının uzun müddətdir ki, əməkdaşlıq etdiyi, birlikdə bir sıra uğurlu layihələrə imza atdığı Azərbaycan Rəssamlar İttifaqının fəxri üzləri Elnurə və Aygün İsgəndərovalar ilə birlikdə təşkil olunmuşdur. “Zəfərimiz rənglərin işığında” adlı sərgidə 40-dan çox gənc, həvəskar rəssamların Şanlı Zəfər tarixinə həsr etdikləri rəsm əsərləri sərgilənmişdir. Sərgidə “Ada”, “Güvən”, “Nilay” Tədris Mərkəzlərinin, “RM Art Studio” və “FR Studio”nun 44 nəfər şagirdinin, 44 ədəd əl işi yer almışdır. Sərgidə təqdim edilən rəsmlərin bir hissəsi Vətən müharibəsində qazanılan şanlı qələbənin sevincini əks etdirməklə yanaşı, əksəriyyəti füsünkar Qarabağın, Şuşanın görüntülərindən ibarət idi.
Sərgidə çıxış edən kitabxananın direktoru Aslan Cəfərov 44 gün davam edən və 8 noyabr tarixində əbədi və əzəli Azərbaycan torpaqlarının geri alınması, dövlətin ərazi bütövlüyünün bərpa olunması ilə nəticələnən Vətən müharibəsinin xalqımızın iftixar və qürur mənbəyi olduğunu deyərək, Azərbaycan xalqının öz liderinin - müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdiyini bildirdi. Bu qələbənin siyasi arenada öz sözünü demiş bir liderin müdrik siyasəti, bütöv bir xalqın birliyi və neçə-neçə qəhrəman Azərbaycan oğullarının şücaəti əsasında qazanıldığını vurğuladı. Kitabxananın onlarla vətənpərvər, istedadlı gəncin iştirak etdiyi bu sərgiyə ev sahibliyi etməkdən qurur duyduğunu söylədi.
Azərbaycan Rəssamlar İttifaqının fəxri üzləri Elnurə və Aygün İsgəndərovalar sərgidə nümayiş etdirilən hər bir rəsm əsərində qəhrəman Azərbaycan xalqının iradəsinin, hər bir Azərbaycan vətəndaşının uzun illər qəlbində yaşatdığı Vətən həsrəti və bu həsrətin sonunda qazandığı qələbə sevincinin əks olunduğunu vurğulayaraq, sərginin təşkilinə görə kitabxana kollektivinə öz dərin təşəkkürünü bildirdi.
44 günlük Vətən Müharibəsi iştirakçısı, qazi Elçin Nəsirov sərgidə nümayiş etdirilən hər bir rəsm əsərində bir parça Qarabağın, Şuşanın, azadlığın, Vətən sevigisinin olduğunu söyləyərək, Azərbaycanın gələcəyinin, müstəqilliyinin bu gün böyüməkdə olan gənc nəslin əlində olduğunu qeyd etdi, gənc rəssamlara gələcək işlərində uğurlar arzuladı.
Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim edildi.