12 dekabr, 2024
Paylaş:

Zamanın fövqündə dayanan əbədiyaşar lider

1969-cu il 14 iyul Azərbaycan tarixinə dönüş nöqtəsi kimi daxil oldu. Həmin gün Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildi. Bu dövrdə respublika tənəzzül dövrünü yaşayır, iqtisadiyyat zəifləyir, sosial problemlər artırdı. İdarəçilikdə sərt nizam-intizam, məsuliyyət və tələbkarlıq prinsiplərini tətbiq edən ümummilli lider Heydər Əliyev ilk növbədə kadr siyasətinə xüsusi diqqət ayırdı. Təhsilli, peşəkar və vicdanlı kadrlara üstünlük verilməsi sənaye, kənd təsərrüfatı və sosial sahələrdə ciddi irəliləyişlərə səbəb oldu. Məhz bu dövrdə Azərbaycanın neft sənayesi, elektrotexnika, maşınqayırma, yüngül sənaye kimi sahələrində mühüm irəliləyişlər əldə edildi. 1980-ci illərə doğru artıq ölkəmiz SSRİ miqyasında iqtisadi nailiyyətləri ilə fərqlənən respublikaya çevrildi. Bu dövr xalqın rifahının yaxşılaşdığı, kənd təsərrüfatında məhsuldarlığın artdığı, iqtisadiyyatın şaxələndiyi bir mərhələ kimi yadda qaldı. 1982-ci ildə ulu öndər Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü seçildi və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin olundu. SSRİ miqyasında təmsilçilik Azərbaycan üçün yeni üfüqlər açdı. Heydər Əliyevin bu vəzifədə çalışması Azərbaycanın imicini yüksəltdi, Moskva bürokratiyasında milli maraqların müdafiəsinə imkan yaratdı. Lakin 1987-ci ildə, Mixail Qorbaçovun rəhbərliyi dövründə hakimiyyətdən uzaqlaşdırıldı.

Xilaskarın dönüşü

1990-cı ilin 20 Yanvar gecəsi Azərbaycan tarixində qanlı faciə kimi yaddaşlara həkk olundu. Sovet qoşunlarının Bakıya daxil olaraq dinc insanlara qarşı həyata keçirdiyi kütləvi qırğın, əslində xalqın azadlıq və müstəqillik uğrunda apardığı mübarizəyə qarşı repressiya idi. Onlar qorxu və təhdidlə xalqın iradəsini sındırmaq istəyirdilər. Heydər Əliyev bu qanlı cinayətə qarşı cəsarətlə səsini ucaltdı. 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək SSRİ rəhbərliyinin ədalətsizliyinə, törədilmiş cinayətə etiraz bəyanatı verdi. Bu, bir xalqın səsini bütün dünyaya eşitdirən tarixi bir bəyanat idi. Ulu öndər açıq şəkildə tələb etdi ki, cinayətin təşkilatçıları və icraçıları cəzalandırılsın. Həmin dövrdə çoxları susurdu, qorxu içində idi, lakin Heydər Əliyev bu sükutu pozdu. Məhz bu bəyanat Azərbaycanın müstəqilliyə gedən yolunda mühüm rol oynadı. Ümummilli lider, həmçinin SSRİ rəhbərliyinin ikili standartlarını, Dağlıq Qarabağ məsələsindəki haqsız mövqeyini ifşa etdi, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarından çıxdı.

1990-cı ilin iyulunda Heydər Əliyev Azərbaycana qayıtdı, amma Bakıda çox qala bilmədi. Çünki o dövrdəki hakimiyyət onun mövqeyindən narahat idi. Ulu öndər Naxçıvana gedərək orada xalqın dərdinə şərik oldu. Naxçıvan o zaman blokada şəraitində, ağır iqtisadi və sosial vəziyyətdə idi. Xalq ümummilli lideri Ali Sovetə deputat seçdi və 1991-ci ildən etibarən Heydər Əliyev Naxçıvan Ali Məclisinin sədri kimi fəaliyyətə başladı. Ulu öndərin rəhbərliyi ilə Naxçıvanda SSRİ-nin bayrağı endirildi, "sovet sosialist" ifadəsi muxtar respublikanın rəsmi adından çıxarıldı.

1992-ci ildə Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis qurultayı keçirildi. Bu partiya xalqın Heydər Əliyev şəxsiyyətinə, onun ideyalarına olan dəstəyinin təzahürü idi. Ulu öndər partiyanın sədri seçildi. Yeni Azərbaycan Partiyası Azərbaycanın gələcək siyasi həyatında mühüm rola malik oldu. Bu partiya ölkədəki xaos, siyasi böhran və dövlətin dağılmaq təhlükəsi ilə qarşı-qarşıya qaldığı bir zamanda xilaskar missiya daşıdı.

1993-cü ilin may-iyun aylarında Azərbaycan əsl fəlakətin astanasında idi. Gəncədə Surət Hüseynovun başçılığı ilə qaldırılan qiyam ölkədə vətəndaş müharibəsi təhlükəsi yaratdı. O zaman Əbülfəz Elçibəy hakimiyyətdə olsa da, insanlar Bakının küçələrinə axışaraq ulu öndərin qayıdışını tələb etdi. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi. Bu tarix Milli Qurtuluş Günü kimi qeyd edildi. Bir neçə gün sonra iyunun 24-də ümummilli lider Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. Bu dönüş Azərbaycan üçün tarixi əhəmiyyət daşıyırdı. Çünki Heydər Əliyev xalqı yalnız vətəndaş müharibəsindən deyil, həm də müstəqilliyin itirilməsi təhlükəsindən xilas etdi. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi keçirildi və Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Heydər Əliyevin qayıdışı ilə Azərbaycanın siyasi, iqtisadi, sosial və mədəni həyatında dönüş baş verdi, dövlətçiliyin əsasları möhkəmləndirildi, yeni neft strategiyası həyata keçirildi.

Əbədi iz

1994-cü il sentyabrın 20-də Azərbaycan tarixində yeni səhifə açıldı. Bakıda dünyanın 11 ən iri neft şirkətinin iştirakı ilə "Azəri", "Çıraq" və "Günəşli" yataqlarının birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi barədə müqavilə imzalandı. Heydər Əliyevin neft strategiyası Azərbaycanın gələcək taleyini dəyişdi. Bu müqavilə Azərbaycanın iqtisadi müstəqilliyini təmin edərək ölkəyə milyardlarla dollar dəyərində sərmayənin cəlb olunmasına yol açdı. Azərbaycan neftini dünya bazarına çıxarmaq üçün Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsinin əsası qoyuldu. Qərb ölkələri Azərbaycanın müttəfiqinə çevrildi, neft-qaz layihələrinə maraq artdı. Heydər Əliyevin məqsədi sadəcə iqtisadi yüksəliş deyildi, əsas hədəf müstəqil, qüdrətli və dayanıqlı Azərbaycan dövləti qurmaq idi. "Əsrin müqaviləsi" ölkənin iqtisadi sabitliyinin təməli olmaqla yanaşı, geosiyasi gücə çevrildi.

Heydər Əliyevin fəaliyyətində xalqa xidmət prinsipi əsas yer tuturdu. Ümummilli lider deyirdi: "Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycan xalqına məxsusdur". 1995-ci ilin noyabrında keçirilən referendum nəticəsində ölkənin ilk milli Konstitusiyası qəbul edildi. Bu, Azərbaycan tarixində hüquqi dövlət quruculuğunun başlanğıcı idi. Konstitusiya xalqın iradəsini, bəşəri dəyərləri, demokratik prinsipləri özündə əks etdirdi. 1995 və 2000-ci illərdə çoxpartiyalı əsasda demokratik parlament seçkilərinin keçirilməsi, Konstitusiya Məhkəməsinin fəaliyyətə başlaması, Azərbaycanda ölüm cəzasının ləğvi, bələdiyyə seçkiləri haqqında qanunun qəbulu da demokratiya yolunda əhəmiyyətli addımlar idi. Ölüm cəzasının ləğvi Heydər Əliyevin humanizm dəyərlərinə, insan hüquqlarına olan sadiqliyinin bariz nümunəsi idi.

1998-ci il oktyabrın 11-də Azərbaycan xalqı yenidən Heydər Əliyevi prezident seçdi. Bu dəfə xalqın ona inamı daha da güclü idi. Seçkilərdə səslərin 76,1 faizini toplayan Heydər Əliyevin prezidentliyinin ikinci dövrü Azərbaycanın beynəlxalq münasibətlərdə daha da güclənməsi ilə yadda qaldı. Bu dövrdə Azərbaycan daha güclü, daha dayanıqlı dövlət kimi tanındı. 2001-ci il noyabrın 9-10-da Bakıda daha bir tarixi hadisə baş verdi - Dünya Azərbaycanlılarının I Qurultayı keçirildi. Bu, Heydər Əliyevin diaspor siyasətinin təntənəsi idi. Dünyanın müxtəlif guşələrində yaşayan milyonlarla azərbaycanlını bir araya gətirən qurultay, əslində xalqın birlik rəmzi idi. Qurultay təkcə Azərbaycan diasporunun təşkilatlanması deyil, həm də "Bütöv Azərbaycan" ideyasının təcəssümü idi. Dünya azərbaycanlılarının həmrəyliyinə nail olmaq Heydər Əliyevin tarixi missiyalarından biri idi. Diaspor təşkilatlarının fəaliyyəti daha da gücləndirildi, milli maraqların beynəlxalq səviyyədə müdafiəsi üçün vahid ideologiya formalaşdırıldı.

Xalqa vəsiyyət

2003-cü ilin payızında Azərbaycan xalqı növbəti tarixi sınaqdan keçdi. Siyasi arenada Heydər Əliyevin möhtəşəm iradəsi və əzmi ilə qurulmuş dövlət idarəetmə sistemi qarşıda duran çətinliklərin öhdəsindən gəlməli idi. Ümummilli lider Azərbaycan xalqına müraciət etdi: "Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm". Bu sözlər əslində sadəcə vəsiyyət deyildi, həm də gələcəyə ümid idi. Heydər Əliyev bütöv bir siyasət kursunu, dövlətçilik məktəbini xalqa əmanət edirdi. Bu kursun əsasında güclü dövlət, iqtisadi yüksəliş, müstəqil siyasət və xalqın rifahı dayanırdı. Xalq ulu öndərin çağırışına səs verdi. 2003-cü ilin prezident seçkilərində İlham Əliyev xalqın dəstəyini qazandı. Bu etimad illər sonra daha böyük zirvələrdə öz təsdiqini tapacaqdı.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daha da güclü dövlətə çevrildi. Heydər Əliyevin neft strategiyası əsasında əldə edilən gəlirlər iqtisadi inkişafa, Silahlı Qüvvələrin modernləşdirilməsinə yönəldi. Prezident İlham Əliyev ölkənin müdafiə gücünü artırmaqla diplomatiya masasında, döyüş meydanında söz sahibi oldu. 2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti təxribatlarına cavab olaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına başladı. 44 gün davam edən Vətən müharibəsi xalqın qələbə əzmini, ordu ilə xalqın birliyini və Prezident İlham Əliyevin hərbi-diplomatik strategiyasının möhtəşəm nəticəsini nümayiş etdirdi. Qarabağ işğaldan azad olundu. Bu zəfər Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Prezident İlham Əliyevin 2022-ci il 29 sentyabr tarixli Sərəncamı ilə 2023-cü il "Heydər Əliyev İli" elan edildi. Bu qərar Azərbaycanın öz keçmişinə və irsinə sadiqliyinin rəmzi idi. Heydər Əliyevin əmanət etdiyi Azərbaycan bu gün nəinki regional güc mərkəzi, həm də qlobal səviyyədə söz sahibi olan dövlət kimi tanınır.

                                                                                                                                Nəzrin Eldarqızı

                                                                                                      "Respublika" qəzeti

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()