13 dekabr, 2024
Paylaş:

Zamana sığmayan ömür

Həyatı çox sevirdi, bütün varlığı ilə doğma Azərbaycana aşiq idi, vətən, torpaq, yurd yerləri onun üçün qibləgah idi. Həyatı, ömür yolu, dövlətçilik məharəti, güclü siyasəti, mənəvi ucalığı dünya bir pəncərədir, hər gələn baxıb gedər fəlsəfəsini aşıb keçmişdi, dövrana sığmadı, baxıb, keçib getmədi, Azərbaycan adlı bir məmləkətin taleyini dəyişdi, onu parçalamağa girəvə güdənlərin caynaqlarından xilas etdi, dahilik missiyasını şərəflə yerinə yetirdi. Sözdən özünə heykəl ucaldan şair Məmməd Arazın "Dünya sənin, dünya mənim, dünya heç kimin" şeirini həyəcansız dinləmirdi, həmin sözlərə bəstələnmiş mahnıya qulaq asanda hətta kövrəlirdi. Tale onu mübarizə üçün yaratmışdı, böyük bir imperiyanın haqsızlığına qarşı mərd-mərdanə dayandı, əyilmədi, sınmadı, hər an püskürən vulkana bənzədi. Dünya gördü ki, Heydər Əliyev əfsanələri reallığa, tənəzzülü inkişafa çevirən nadir şəxsiyyətdir.

Yaxşı deyiblər ki, dünyada tarix haqqında yazanlar çox olsa da, tarix yaradanların sayı azdır. Çünki tarix yaratmaq tarix yazmaqdan qat-qat çətin və məsuliyyətlidir. Ulu öndər Heydər Əliyev də tarix yaradan dahi şəxsiyyətdir, mənalı həyatı və siyasi fəaliyyəti xalqımızın çoxəsrlik dövlətçilik tarixinə qızıl hərflərlə yazılıb. Dahi şəxsiyyətin qətiyyəti, cəsarəti və uzaqgörənliyi nəticəsində Azərbaycanda ictimai-siyasi sabitliyə nail olunub, dövlətçiliyimiz məhv olmaq təhlükəsindən xilas edilib, respublikamızın ictimai-siyasi, iqtisadi və mədəni tərəqqisində misilsiz nailiyyətlər qazanılıb. Ümummilli liderimiz Heydər Əliyevin həyatvəfəaliyyəti,xilaskarlıqmissiyası,Azərbaycanınmüstəqilliyinin möhkəmləndirilməsindəki xidmətləri, vətənin üzərinə hücum edən amansız dalğaları ram edən, başımızın üstündə asılan Domokl qılıncını korşaldan dahi şəxsiyyətin ideyaları bu gün yolumuza günəş kimi nur saçır. Həqiqət belədir ki, bütün türk dünyasının lideri Heydər Əliyev dühasına olan xalq sevgisi zaman-zaman öz təsdiqini tapıb. Nə qədər Azərbaycan var, ulu öndər Heydər Əliyev böyüklüyü yaşayacaq, nəsildən-nəsilə ötürüləcək. Tariximizdə zamanın sınağından keçmiş bir mənəviyyat qatı var, onu yaradan, dünyaya tanıdan, şəxsiyyəti ilə cahanı heyran qoyan ulu öndər əsrə sığmayan bir ömür yaşadı. Tale elə gətirib ki, bu sətirlərin müəllifi məcburi köçkün həyatı yaşadığı üçün ulu öndərin əhalinin bu təbəqəsinə göstərdiyi diqqət və qayğının şahidi olub, onların dahi şəxsiyyət haqqında dedikləri ürək sözlərini dinləyib.

Hələ keçmiş sovet dönəmində regionların inkişafını diqqət mərkəzində saxlayan ulu öndər Heydər Əliyev bir neçə dəfə - 1973, 1974, 1981 və 1982-ci illərdə doğulub boya-başa çatdığım Ağdam rayonuna gəlmişdi, əhali ilə görüşlər keçirərək onları narahat edən problemlərin həllinə nail olmuşdu. Həmin illərdə Ağdam bölgənin ən inkişaf etmiş rayonuna çevrildi, insanların həyat şəraiti yaxşılaşdı. Xalqımızın haqlı tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdandan sonra 1998-ci ilin oktyabr ayında - prezident seçkiləri ərəfəsində seçicilərlə Ağdam rayonunun Quzanlı qəsəbəsindəki görüşünü unuda bilmirəm. Həmin gün hava çiskinli idi, arada yağış da yağırdı, ulu öndər çıxışa başlayandan sonra buludlar dağıldı və ətrafa günəş şəfəqləri yayıldı. Azərbaycanı bütün təhlükələrdən xilas edən, dövlət müstəqilliyini qoruyub saxlayan Heydər Əliyev seçicilərlə görüşündə yenə də ağdamlıların fədakarlığını yüksək qiymətləndirərək demişdi ki, Qarabağsız, Ağdamsız Azərbaycan yaşaya bilməz! Ümummilli lider Ağdamın işğalı ilə bağlı 1998-ci ildə Milli Məclisdəki çıxışı zamanı bildirdi ki, beş ildir ki, bu əhali ağır şəraitdə yaşayır. Ağdam 1993-cü il 23 iyulda əldən getməyib. Ağdam 6 ay ondan əvvəl də boş idi. Amma orada dözüb qalan cəsarətli, qeyrətli adamların hesabına Ağdam o günə kimi işğal oluna bilməyib. Ağır şərtlər altında yaşayan ağdamlılar böyük hörmətə layiqdirlər. Ayrı-ayrı mafioz qruplar haqqında deyilən sözlər Ağdam və Qarabağ əhalisinə aid ola bilməz. Ağdam Azərbaycanın ən gözəl guşəsidir. İnsanların əsrlər boyu yaşadığı qüdrətli bir yerdir. Ağdam bizim hamımız üçün əziz və müqəddəs şəhər və rayondur. Mən Bərdə və Ağcabədidə qaçqın düşmüş insanlarla görüşdüm. Onların nə qədər daxili mənəvi zənginliyə malik olduqlarını hiss etdim.

Heydər Əliyev Azərbaycana günəş kimi doğdu. Azərbaycanın inkişaf tarixinin təxminən son yarım əsrlik dönəminə nəzər salsaq, gələcəyə istiqamətlənmiş, dayanıqlı inkişafı təmin edən və cəmiyyətin hər bir üzvünün rifahına xidmət göstərən müdrik və uzaqgörən siyasətin nəticələrini görə bilərik. Bütün bunlar ulu öndər Heydər Əliyevin Vətənə sonsuz xidmətləri hesabına başa gəlib. O, öncə vətənpərvər, Vətənini sevən bir insan, sonra isə böyük dövlət xadimi idi. Heydər Əliyevin "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam" fikri kiçikdən böyüyə hər bir azərbaycanlının dilində zərb-məsələ çevrilib. Tarixin yeni səhifələrini yazmaq ancaq dahi insanlara məxsusdur. Dövlətçilik tariximizin lideri, ulu öndər Heydər Əliyev məhz belə şəxsiyyətdir. Xalqını, Vətənini fədakarlıqla, böyük məhəbbətlə sevən, azərbaycanlı olmağı ilə həmişə fəxr edən ulu öndər bütün mənalı ömrünü Azərbaycanın müstəqilliyinin qorunmasına, ölkəmizin inkişafına və tərəqqisinə həsr edib. Ümummilli lider Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusu, müstəqil respublikamızın dünya birliyinə inteqrasiyasının, yeni inkişaf strategiyasının banisidir. Dahi şəxsiyyətə olan xalq sevgisi zaman-zaman öz təsdiqini tapıb. Nə qədər Azərbaycan var, ulu öndər Heydər Əliyev böyüklüyü yaşayacaq.

Ulu öndər qaçqın və məcburi köçkünlərin faciəsini öz şəxsi problemi kimi qəbul edirdi. Çünki on minlərlə azərbaycanlı ailəsi kimi, onun qohum-əqrəbası və doğmaları da 1918-1920-ci illərdə erməni təcavüzünün qurbanına çevrilmişdi. Tarixi faktlara görə 1905-ci ilin noyabr ayında Heydər Əliyevin atasının yaşadığı Zəngəzur qəzasının Comərdli kəndi erməni quldur dəstələrinin silahlı hücumuna məruz qalmışdı. Həmin vaxt comərdlilər erməni quldurlarına ciddi müqavimət göstərmişdilər. Lakin silah-sursat çatışmadığından əhali müvəqqəti olaraq kəndi tərk etmək məcburiyyətində qalmışdı. Ara sakitləşəndən sonra comərdlilər yenidən öz doğma kəndlərinə qayıtmışdılar. 1918-1920-ci illərin qırğınları daha dəhşətli olmuşdu. 1918-ci ilin payızında tayqulaq Andranikin qoşunu Zəngəzura soxuldu. Comərdlilər silaha sarılıb müqavimət göstərsələr də, erməni quldurların top-tüfəngi qarşısında duruş gətirə bilmədilər. Kənd əhalisini uşaq, qoca, qadın demədən qətlə yetirdilər, çox az insan qaçaraq qurtula bilmişdi. Yalnız yaylaqda olan comərdlilər ermənilərin hücumundan öncədən xəbər tutduqları üçün qonşuluqdakı Naxçıvan kəndlərinə pənah aparmışdılar. Bütün bunlar barədə Heydər Əliyevin ətraflı məlumatı var idi və sovet rejimi olmasına baxmayaraq, ermənilərin Azərbaycana və azərbaycanlılara qarşı xəyanətkar niyyətlərindən yaxşı xəbərdar idi. Bunu ermənilər də gözəl bilirdilər.

Şovinist və ekstremist ermənilər hələ ötən əsrin 60-cı illərində Qarabağda milli münaqişə törətmək üçün terrora əl atıblar. Erməni bicliyi və xisləti ilə törədilmiş həmin hadisəni Xocavənddən olan yaşlı sakinlərdən eşitmişəm. Onlar danışırdılar ki, daşnak quldurları Xocavənd rayonunun Qaradağlı kəndində erməni kolxoz sədrinin kiçik yaşlı oğlunu öldürərək gizli şəkildə həmin kənd məktəbinin direktoru işləyən Ərşad Məmmədovun həyətinə atıblar. Kənddə hamı yaxşı bilirdi ki, kolxoz sədri ilə məktəb direktoru dost olublar. Araya düşmənçilik düşüb, keçmiş vilayətin hüquq-mühafizə orqanları tərəfindən Ərşad müəllimlə bərabər onun iki qohumu da həbs olunub. Bir çox dəlil və sübutlar onların günahsız olduqlarını göstərsə də, buna məhəl qoyulmayıb. Xankəndidə keçirilən məhkəməyə hücum edən ermənilər günün günorta çağı həmin adamların başını kəsərək cəsədlərin üstünə benzin tökərək yandırıblar. Təbii ki, həmin qanlı cinayət cəzasız qala bilməzdi. Həmin dövrdə Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinın sədri vəzifəsində işləyən Heydər Əliyevin qətiyyətli mövqeyi, prinsipiallığı, fədakarlığı sayəsində cinayəti törədənlərin bəziləri həmin dövrün cinayət məcəlləsinə görə güllələnməyə məhkum oldu, bəziləri ömürlük həbs edildilər. Ulu öndər azərbaycanlıların qanının yerdə qalmasına imkan vermədi. Tarixi vərəqlədikcə, ermənilərin azərbaycanlılara, türklərə qarşı müxtəlif üsullarla törətdikləri faciələrin, dəhşətli qırğınların, işğalın, dağıntıların şahidi oluruq. Təkzibolunmaz tarixi qaynaqlar, şahidlərin söylədikləri sübut edir ki, erməni terror dəstələri 1918-1920-ci illərdə yüzlərlə azərbaycanlı kəndini yandırıb, on minlərlə insanı qətlə yetirib. Eyni dəst-xətlə ermənilər tərəfindən törədilən qətillər və dağıntılar 1988-ci ildən başlayaraq Qərbi Azərbaycanda, Şərqi Zəngəzurda və Qarabağda qəsdən və bilərəkdən, etnik nifrət zəminində baş verib.

1993 -cü ilin əvvəlində Azərbaycan ciddi təhdidlərlə üz-üzə qalmışdı, bir tərəfdən Ermənistanın hərbi təcavüzü, bəzi əcnəbi qüvvələrin ölkəmizi parçalamaq cəhdləri, digər tərəfdən daxildəki çəkişmələr vəziyyəti mürəkkəbləşdirmişdi. Xalq belə ağır məqamda Heydər Əliyevə müraciət edərək onu Naxçıvandan Bakıya dəvət etdi. Xalq bu gəlişi böyük ümid və ruh yüksəkliyi ilə gözləyirdi. Lakin həmin dövrdəki iqtidar, ondan hakimiyyət bölgüsü gözləyən müxalif qüvvələr Heydər Əliyevin Bakıda qalmasına hər cür maneə törətdilər. 1993-cü il iyunun 15-də Ali Sovetin sədri seçildikdən az sonra parlament prezident səlahiyyətlərinin icrasını da Heydər Əliyevə həvalə etdi. İctimai-siyasi vəziyyətin gərginliyinə və mürəkkəbliyinə baxmayaraq, ulu öndər, ilk növbədə, məcburi köçkünlərlə görüşməyi vacib saydı. 1993-cü il iyulun 25-də Bərdə rayonuna gedərək, bir neçə gün əvvəl ermənilərin işğal etdiyi Ağdam şəhərindən və rayonun bir sıra kəndlərindən didərgin düşən insanlarla görüşdü, mövcud vəziyyət barədə onlarla açıq söhbət apardı. Məcburi köçkünlər ölkə rəhbərinə qarşılaşdıqları problemlər haqqında məlumat verməklə yanaşı, ona böyük inam bəslədiklərini bildirdilər, bütün qüvvələrin vahid bir cəbhədə birləşməsinin, təxribatçı dəstələrin cinayətkar hərəkətlərinə qətiyyətlə son qoyulmasının, orduda ciddi nizam-intizam yaradılmasının vacibliyini qeyd etdilər. Məcburi köçkünlərlə görüşlərdən sonra Heydər Əliyev Bərdədə Nazirlər Kabinetinin rəhbər işçilərinin, əlaqədar nazirliklərin, şirkətlərin, konsernlərin, rayon icra hakimiyyəti başçılarının iştirakı ilə geniş müşavirə keçirdi. Müşavirədə Ağdamın işğalı ilə əlaqədar bölgədə yaranmış vəziyyət, köçkünlərin problemlərinin həlli və müdafiə sahəsində görüləcək tədbirlər müzakirə edildi, bunlarla əlaqədar müvafiq tapşırıqlar verildi.

Ulu öndər Heydər Əliyev müşavirəni yekunlaşdırarkən dedi: "...Müqəddəs torpaqlarımızın işğalı adamlarımızı sarsıtmamalıdır və hamı inanmalıdır ki, gec-tez düşmən bu torpaqlardan çıxarılacaq və öz layiqli cavabını alacaqdır!". Ulu öndər yerlərdəki görüşlər zamanı xalqı birləşməyə, səfərbər olmağa, vətənin xilası uğrunda mübarizə aparmağa səsləyir, millətə vətənpərlik hissləri aşılayırdı. Xalqın da tək ümidi məhz ümummilli lider Heydər Əliyev idi. Onun hər kəlməsi insanlara güc verir, mübariz olmağa sövq edirdi. Ulu öndər Heydər Əliyev Azərbaycanda yenidən hakimiyyətə qayıdanadək Ermənistandan qaçqın düşmüş və torpaqlarımızın işğalı nəticəsində məcburi köçkün həyatı yaşamağa vadar edilmiş insanlar üçün demək olar ki, heç bir iş görülməmişdi. Lakin ümummilli liderin hakimiyyəti illərində qaçqınlara və məcburi köçkünlərə dövlətin diqqət və qayğısı artırılmış, onların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində genişmiqyaslı işlər görülməyə başlanmışdır. Ulu öndər Heydər Əliyevin xalqımıza ünvanladığı 2003-cü il 1 oktyabr tarixli müraciətində ömrünün böyük qismini Azərbaycanın dövlətçiliyinə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına həsr etdiyini qeyd etmiş, bu yolda bütün gücünü və iradəsini yalnız müdrik və qədirbilən xalqımızdan aldığını qeyd etmişdir. Ən çətin anlarda ulu öndər yalnız və yalnız Azərbaycan xalqına arxalanmışdır. Ümummilli liderin səhhəti ona başladığı bir sıra planları həyata keçirməyə imkan vermədi. Buna görə də ulu öndər müraciətində onun axıra çatdıra bilmədiyi taleyüklü məsələləri, planları, işləri özü qədər inandığı və gələcəyinə böyük ümidlər bəslədiyi Prezident İlham Əliyevin tamamlayacağından əminliyini ifadə etmiş və Azərbaycan xalqından onun siyasi varisini dəstəkləməsini istəmişdir. Bu gün ulu öndərin həmin tarixi müraciətində qeyd olunan məsələlərin demək olar ki, hamısı öz həllini tapmışdır.

Ümummilli lider 11-12 dekabr 1993-cü ildə Ermənistanın hərbi təcavüzü nəticəsində yaranmış vəziyyətlə tanış olmaq üçün İmişli, Füzuli, Beyləqan və Şəmkir rayonlarında olmuş, Ağcabədi və Gəncədə qaçqınların vəziyyətinə həsr olunmuş müşavirələr keçirmişdi. 1998-ci il iyunun 27-də Heydər Əliyevin sədrliyi ilə Respublika Sarayında qaçqın və məcburi köçkünlərin məsələlərinə həsr olunmuş ümumrespublika müşavirəsindəki nitqində demişdir: "Bu gün sizə bir daha bəyan etmək istəyirəm ki, bu, Azərbaycan dövlətinin, hökumətinin və şəxsən Azərbaycanın dövlət başçısı, Prezidenti kimi, mənim qarşımda duran ən əsas vəzifədir və daim - hər gün, hər saat mənim diqqət mərkəzimdədir. ...Mən xarici ölkələrdən gələn dövlət başçılarını, hökumət üzvlərini, elm, mədəniyyət xadimlərini çalışıram ki, qaçqınların yaşadıqları yerlərə, çadır şəhərciklərinə göndərim. Nə üçün? Bəzən onların vaxtı olmur. Ancaq mən xahiş edirəm və buna nail oluram. Ona görə ki, görsünlər. Görməyəndə təsəvvür edə bilmirlər ki, insan altı il çadırda, vaqonun içində, vaqonun altında yaşaya bilər, - bunu təsəvvür edə bilmirlər". Ulu öndərin şəxsi nüfuzu, düşünülmüş siyasəti nəticəsində Azərbaycanın üzləşdiyi humanitar fəlakətin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində görülən işlər sayəsində 1993-2003-cü illərdə ayrı-ayrı dövlətlər, maliyyə qurumları, beynəlxalq humanitar təşkilatlar tərəfindən qaçqın, məcburi köçkün və aztəminatlı əhaliyə müxtəlif layihələr üzrə 640 milyon ABŞ dollarından çox həcmdə yardım göstərildi. Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 17 sentyabr tarixli sərəncamı ilə "Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə" Dövlət Proqramı təsdiq edildi. Dövlət ali və orta ixtisas təhsili müəssisələrində ödənişli formada təhsil alan qaçqın və məcburi köçkün tələbələr təhsil haqqını ödəməkdən azad edildilər.

Prezident Heydər Əliyevin 1999-cu il 29 dekabr tarixli fərmanı əsasında Dövlət Neft Fondu təsis edildi. Neft Fondunda toplanan ilk vəsaitin 72 milyon dolları Ermənistandan qaçqın düşmüş soydaşlarımızın məskunlaşması və Biləsuvarda çox ağır vəziyyətdə olan, Füzuli, Cəbrayıl və başqa rayonlardan köçüb çadırlarda yaşayanların şəraitinin yaxşılaşdırılması üçün ayrılmışdı. Ümummilli lider Heydər Əliyev 13 sentyabr 2002-ci ildə Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində Ermənistandan olan qaçqın soydaşlarımız və Xocalıdan olan məcburi köçkünlər üçün salınmış qəsəbənin açılış mərasimində iştirak etdi. Görüş zamanı güclü dolu yağmasına baxmayaraq, heç bir nəfər belə yerindən tərpənmədi. Suyun içində olan insanlar öz ümummilli liderlərinə olan sevgilərini nümayiş etdirdilər. Bu, Heydər Əliyevin qaçqınlar və məcburi köçkünlərlə son görüşü idi. Həmin görüşdə ümummilli lider demişdi: "Mən inanıram, tam inanıram ki, bizim bölgədə hər şey ədalət naminə dəyişəcəkdir. Azərbaycan xalqının bu əzab-əziyyətinə görə onun xeyrinə dəyişəcəkdir. Siz gələcəkdə mütləq və mütləq gedib hələ öz gözəl Göyçə torpağınızı da görəcəksiniz, öz doğma dağlarınızı, bulaqlarınızı, çaylarınızı da görəcəksiniz. Ata-babalarınızın qəbirlərini də görəcəksiniz. Mən buna heç şübhə etmirəm. Mən buna inanıram və bu inamla da sizin qarşınızda nitq söyləyirəm. Ancaq indi sizə bu şəraiti yaratmaq mümkün olub, mən də bunu yaratmışam".

Rəqəmlərə diqqət yetirək. 2001-2002-ci illərdə Dövlət Neft Fondundan ayrılmış vəsait hesabına 6411 fərdi yaşayış evi, 3150 yerlik 18 məktəb, 18 uşaq bağçası, 16 tibb məntəqəsi tikilib istifadəyə verildi, Biləsuvar rayonu ərazisindəki 5 çadır düşərgəsi ləğv edildi, 1329 qaçqın və 5081 məcburi köçkün ailəsinin 32 min nəfərinin mənzil-məişət şəraiti yaxşılaşdırıldı. Ümumiyyətlə, Heydər Əliyevin dövlət başçısı olduğu dövrdə qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı 43 fərman və sərəncam imzalanmış, Milli Məclis 23 qanun, Nazirlər Kabineti isə 192 qərar və sərəncam qəbul etmişdir. 2001-ci ilin 14 iyul tarixində ulu öndər Heydər Əliyevin xarici ölkələrin media rəhbərləri ilə olan görüşdə demişdir: "Mənim həyatımda çox şey olubdur. Ancaq mühüm olanı odur ki, mən bütün bu sınaqlardan, bütün bu çətinliklərdən keçmişəm və yaşayıram. Yəqin ki, hələ çox illər yaşayacağam. Belə taleyi olan insan indi çətin ki, tapılsın. Çünki mən 14 il burada işləmişəm, respublikaya rəhbərlik etmişəm, sonra 5 il Moskvada Siyasi Büronun üzvü, Sovetlər İttifaqı kimi fövqəldövlətin Nazirlər Soveti sədrinin birinci müavini işləmişəm. Sonra isə təqib dövrü olmuş və o təxminən üç il davam etmişdir. Sürgün dövrü də olmuşdur - mən məcbur olub Moskvadan Bakıya gələndə, mənə burada yaşamağa imkan vermədilər. Mən Vətənimə - doğulduğum, hazırda blokada vəziyyətində olan Naxçıvana getdim. Orada üç il yaşadım. Ondan sonra artıq 8 ildir Bakıda yaşayır və vaxtilə tikdiyim həmin bu binada işləyirəm. İnsanların taleyi müxtəlifdir. Kimsə öz taleyindən razı olur, kimsə narazıdır. Bütün bu çətinliklərə baxmayaraq, mən öz taleyimdən çox razıyam. Çünki qısa ömür, qısa tale o qədər də maraqlı deyildir. Amma insan cürbəcür hadisələrlə qarşılaşanda, hər cür sınaqlardan çıxanda, yəqin ki, həm də daha çox təcrübə toplayır, daha da mətinləşir və bu mənada mən öz taleyimdən çox razıyam. Sabah nə olacağını bilmirəm, amma onu bilirəm ki, bundan sonra daha yaxşı olacaqdır".

2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycan Silahlı Qüvvələrinin yüksək peşəkarlığını, döyüş qabiliyyətini, qəhrəmanlığını, torpaq və bayraq məhəbbətini bütün dünyaya nümayiş etdirdi. 30 ilə yaxın Ermənistanın işğalı altında qalan yurd yerlərimiz azad edildi, bu savaşda əsgərlərimiz, zabitlərimiz, generallarımız doğma Vətənimiz Azərbaycanın şərəfini ucaltdılar, Prezident, Qalib Ali Baş Komandan İlham Əliyevin əmr və göstərişlərini ləyaqətlə yerinə yetirərək düşmən ordusunu darmadağın etdilər, döyüş texnikalarını qənimət kimi götürdülər, işğalçıları torpaqlarımızdan qovdular. Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin qisası savaş meydanında alındı, əsir düşməmək üçün öz canlarına qıyan oğulların ruhu dinclik tapdı, keçmiş məcburi köçkünlərin taleyinə Günəş doğdu. Uzun illər ərzində Ermənistanın və havadarlarının düyünə saldıqları qondarma problem qətiyyətlə, ləyaqətlə, şərəflə, cəsurluqla həll edildi. Qalib Ali Baş Komandan tərəfindən üçrəngli bayrağımız Sərsəngdə, Ağdərədə, Əsgəranda, Xocavənddə, Xankəndidə ucaldıldı. Azərbaycanın uzun illər apardığı mübarizə işğal olunmuş torpaqlarımızın azadlığı ilə yanaşı, həm də bütövlükdə erməni faşizminə qarşı aparılan savaşı başa çatdırdı. Cəmi 20 ildə iki yüz illik problem həll edildi. Cahanda baş verən müharibələr artıq dünyanın taleyini dəyişir. Azərbaycanın taleyini yaxşılığa və qələbəyə çevirən liderimizin ideyaları reallığa çevrilir, şaxələnir, gələcəyə nikbin baxışlarda, sarsılmaz mövqedə öz əksini tapır. 2023-cü il oktyabrın 15-də Xankəndi şəhərində xunta rejiminin, separatçıların əski parçasına bənzəyən bayrağı Qarabağ fatehinin ayaqları altına sərildi. Azərbaycanın milli qürur məsələsini həll edən Prezidentin qədim Azərbaycan torpağından, cəmi 23 saata işğaldan azad edilən Xankəndidən xalqa müraciəti qürurlu, şərəfli tariximizin qızıl səhifəsidir və biz bu müqəddəs anların, xoşbəxtliyin şahidi olduq. Ata vəsiyyətini, ata etimadını şərəflə yerinə yetirən Qalib Ali Baş Komandan İlham Əliyev tarixi qələbəyə imza atdı. Azərbaycanı dünyaya tanıdan, xalqının məhəbbətini qazanan, sülhün və sabitliyin keşiyində dayanan və ölkəmizi daha işıqlı sabahlara aparan möhtərəm İlham Əliyevin titanik fəaliyyəti ulu öndər Heydər Əliyev ideyalarının uğurlu davamıdır.

                                                                                                            Salman Alıoğlu

                                                                                                         "Respublika"qəzeti

 

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()