Yunus Əmrə
Türk dünyasının böyük mütəfəkkiri və sufi şairi Yunus Əmrə... Sufiliyin azmanlarından sayılan, Azərbaycanda beş şagirdi olan, "şeyx" və "pir" kimi tanınan bu şairin həyatı da ruhu tək qarışıq olub...
Bu övliya şairin doğulduğu yer hələ də tam olaraq elm aləminə dəqiq məlum deyil. Elə bu səbəbdəndir ki, şairin doğum və ölüm yerinin bu vaxta qədər dəqiq məlum olmaması müasir elmi araşdırmalarda birmənalı olmayan fikir və mülahizələrə gətirib çıxarır.
Bəzi mənbələrdə verilən məlumata görə, Yunus Əmrə Porsuq çayının Sakaryaya töküldüyü yerdə - Sərfi kəndində dünyaya gəlib. Osmanlı imperiyasının dövründə yaşayıb-yaradan şairin atasının adı İsmayıl olub. Uşaq ikən məktəbə getsə də əlifbanı öyrənmədən təhsilini yarımçıq qoyub. Sonralar isə mədrəsə təhsili alan şair Tapdıq Əmrə adında şeyxə şəyirdlik edib.
Şairin adına gəlincə isə ailəsinin həqiqətən də ona Yunus adını verib-vermədiyi məlum deyil. Lakin onun adını günümüzə gətirən şeirləri olub. Çünki demək olar ki, hər şeirində adının Yunus olduğunu qeyd edib. Bəzi şeirlərində isə ləqəbinin Əmrə olduğu vurğulanıb.
Həyatı boyu əsasən əkinçiliklə məşğul olmuş Yunus Əmrə orta səviyyədə ömür sürmüşdür. Həyatını dərvişlik etməklə keçirən şairin ailə qurması haqqında fərqli fikirlər olsa da, iki dəfə evləndiyi, iki oğlu və bir qızının (İbrahim, Fatimə, İsmayıl) olduğu güman edilir.
Onun Türkiyə-Anadolu ədəbiyyatı tarixində olduğu kimi, Azərbaycan poeziyasının inkişafında da özünəməxsus yeri vardır. Mövlana Cəlaləddin Ruminin məclislərinin iştirakçısı olan şair Anadolunun bir çox kəndlərini gəzmiş, Azərbaycana və Şama da səfər etmişdir. Azərbaycanı çox sevən Yunus Əmrə 600 beytlik "Risalətün Nushiyyə"də birbaşa ölkənin adını çəkməsə də ondan 19 dəfə bəhs edib. Azərbaycanda ocaq, pir, dərgah bildiyi iki məkanı ziyarət edib: Şirvanda - "Əli ocağı", Qax rayonundakı Oncallı kəndindəki dərgah. Hətta deyilənlərə görə, şair həmin yerlərə səfər edəndə 5 azərbaycanlı dərvişi özünə şagird də elan edib: gəncəli Abdulla Heyrani, şirvanlı Hüseyn Əli, qarabağlı İlyas Pəhləvan, şamaxılı Yusif Qavvas və naxçıvanlı Həsən Cüneyd. Yunus Əmrə Qaxı tərk edəndən sonra isə onun şagirdləri də dərgahdan gediblər.
Yunus Əmrənin şeirləri ilə bağlı Anadoluda xalq arasında maraqlı bir rəvayət dolaşmaqdadır. Rəvayətə görə, onun vəfatından təxminən yüz il sonra (bəzi rəvayətlərdə isə Yunus Əmrənin sağlığında) Molla Qasım adlı özünü alimlər alimi hesab edən birisinin əlinə Yunus Əmrənin şeirləri keçir. O, bir çayın başında bu şeirləri oxuyur və onlardakı mənaları anlamadığı üçün: - Bunlar da şeirdirmi?, - deyə çaya atırdı. Nəhayət, şeirlərin birində bu misraları oxudu:
Dərvis Yunus, bu sözü əyri-bəyri söyləmə
Səni sınağa çəkər bir Molla Qasım gəlir.
Bu sözləri oxuyan Molla Qasım, o anda səhv etdiyini anlayır və böyük bir peşmanlıq içində: "Ay Allah, mən nə etdim! Qoca bir ümmandan xəbərim olmadı. Halbuki, bir ruhi və mənəvi hikmət xəzinəsi tapmışdım. Mən bunu anlaya bilmədim. Amma o, 100 il bundan əvvəl mənim halımdan xəbərdar imiş", - deyə ağlamağa başlayır. Sonra şeirlərin qalan hissəsini öpərək gözünün üstünə qoyur və onları mühafizə etməyə başlayır.
Təriqət əhli və söz adamı kimi özünəməxsus nüfuz qazanmış Yunus Əmrənin 82 yaşında dünyasını dəyişdiyi güman edilir. Şairin harada vəfat etməsi isə dəqiq məlum deyildir. Türkiyədə on dörd yerdə (Əskişəhər - Sarıköydə, Qaramanda, Bursada, Əmrə Sultan kəndində, Ərzurum - Dutçu kəndində, İspartanın Keçiborlu qəsəbəsində, Aksarayda, Sandıklıda, Ünyedə, Sivas ətrafında və s.), Azərbaycanda isə Qax rayonunun Oncallı kəndində Yunus Əmrəyə aid edilən məzarlar vardır.
Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.