Yazıçı-publisist Yunus Oğuzun "Cığır" tarixi romanının təqdimat mərasimi

23 avqust, 2023
Paylaş:

Yazıçı-publisist Yunus Oğuzun "Cığır" tarixi romanının təqdimat mərasimi

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında "Azərbaycanın Bütövlüyü Uğrunda" İctimai Birliyinin  həyata keçirdiyi  "Vətən müharibəsinin təbliğində və vətənpərvərlikdə ictimai rolun artırılması" layihəsi çərçivəsində  yazıçı-publisist Yunus Oğuzun Şuşa şəhərinin inşa edilməsinin 270  illiyinə və 44 günlük Vətən  müharibəsinə ithaf olunmuş "Cığır" tarixi romanının təqdimat mərasimi keçirilib.

Tədbirdə yazıçı-dramaturq, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Elçin Hüseynbəyli, "Bakı-xəbər" qəzetinin baş redaktoru  Aydın Quliyev, şair, tərcüməçi Elxan Zal, dramaturq, şair  Əyyub Qiyas, kitabxana əməkdaşları, tələbə-gənclər və başqaları iştirak edib.

Tədbiri giriş sözü ilə açan kitabxananın direktoru Aslan Cəfərov 200 ilə yaxın bir zaman kəsiyində torpaqlarını parça-parşa itirən Azərbaycanın bu gün öz ərazi bütövlüyünü bərpa etməsi, əzəli torpaqlarını geri qaytarması Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu, uzaqgörən diplomatik siyasətinin bariz nümunəsi olduğunu diqqətə çatdıraraq, bu gün sevincini yaşadığımız Zəfər tariximizdən bəhs edən əsərlərin əhəmiyyətindən danışdı. Cənab Prezident İlham Əliyevin “Şuşa sən azadsan, Biz səni dirçəldəcəyik” şuarından sonra əzəli Azərbaycan torpağı olan, mədəniyyətimizin beşiyi Şuşamızın tarixinin, ədəbiyyatının, incəsənətinin təbliği yönümündə atılan hər bir addımın tarixi əhəmiyyət daşıdığını söylədi. “Cığır” romanının bədii dəyərini, gələcəkdə bir çox ali və orta məktəblərin, kitabxanaların rəflərini bəzəyəcəyini, tarixi araşdırmaq üçün dəyərli dərslik olacağını qeyd etdi.

"Cığır" romanının redaktoru, yazıçı Elçin Hüseynbəyli müharibə mövzusunda əsərlərin yazılmasının çox çətin olmasına baxmayaraq Yunus Oğuzun “Cığır” romanında yaratdığı obrazlar vasitəsilə qəhrəmanlığın yüksək səviyyədə tərənnüm edildiyini bildirdi.

"Bakı-xəbər" qəzetinin baş redaktoru  Aydın Quliyev müasir Azərbaycan ədəbiyyatında tarixi roman janrında bir sıra uğurlu əsərlərin müəllifi olan Yunus Oğuzun “Cığır” romanının tarixi əhəmiyyətinin illər ötdükcə daha aydın hiss ediləcəyini söylədi.

Şair, tərcüməçi Elxan Zal Yunus Oğuzun milli dəyərlərə bağlı yazıçı olduğunu vurğulayaraq, romanda da bu dəyərlərin, xalqın əsrlərdən bəri qoruyub yaşatdığı mənəviyyatın böyük ustalıqla təsvir edildiyini bildirdi.

Yazıçı Əyyub Qiyas romanda müşahidə edilən yazı üslubu, hadisələrin canlı təsviri, oxucuları riqqətə gətirən səhnələr haqqında danışdı. Yunus Oğuzun bütün əsərlərində olduğu kimi bu romanın da çox maraqlı üsluba malik olduğunu bildirdi.

Yazıçı-publisist Yunus Oğuz qələmə aldığı tarixi romanlarda iki cür yanaşmanın olduğunu qeyd etdi. Müəllifin sözlərinə görə  "Ovçu" və "Cığır" əsərlərində özü şəxsən iştirak etdiyi halda, qalan əsərlərdə yalnız hadisələrin müşahidəçisi olmuşdur. Müəllif bu tədbirin məhz mədəniyyət ocağı olan Gənclər  Kitabxanasında təşkil olunmasından böyük məmnunluq hissi duyduğunu qeyd etdi, tədbirin təşkilinə görə kitabxanaya öz dərin minnətdarlığını bildirdi.

 

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()