Yaşıl tikinti
Bu, COP29-un gündəliyindəki əsas məsələlərdən biridir
İqlim dəyişikliyi bu gün dünyanın qarşısında duran həlli çətin məsələlərdəndir. Bu işdə vacib olan amillərdən biri budur ki, istilik emisssiyalarını yaradan amillər aradan qaldırılsın və enerji səmərəliliyi yüksəldilsin. Həmin istiqamətdə qarşıya çıxan əngəlləri aşmaq üçün vaxtaşırı qlobal səviyyədə müzakirələr aparılır, təklif və təşəbbüslər irəli sürülür.
Cəmiyyətdə ətraf mühitə təsir edən, ekoloji tarazlığı pozan çoxsaylı faktorlar mövcuddur. Onlardan biri də tikinti sektorunda qarşıya çıxan əngəllərdir. Mütəxəssislərin qənaəti belədir ki, binalar emissiyaların 20 faizini, üstəlik də enerji təchizatının 40 faizini təşkil edir. Azərbaycanda çox gərəkli yeni memarlıq layihələri var ki, heyrətlənməmək olmur. Onların sayəsində Bakıda tikilən çoxmərtəbəli yaşayış evləri, infrastrukturlar paytaxtın simasını dəyişir, göz oxşayır. Ona görə də, iqlim dəyişmələrinin fəsadlarının get-gedə atdığı bir zamanda "yaşıl tikinti"nin idarə edilməsinə ehtiyac yaranır.
"Yaşıl tikinti" layihəsinin idarə edilməsi tikinti layihəsi zamanı "yaşıl təcrübə"nin və ətraf mühitə uyğun digər tədbirlərin həyata keçirilməsini hədəfləyən idarəetmə yanaşmasıdır. Bu yanaşma tikinti layihəsi zamanı enerji, su, tullantıların idarə olunması, material seçimi və ətraf mühitə təsir kimi məsələləri nəzərdən keçirir, daha effektiv həllərin yaradılmasını hədəfləyir. "Yaşıl tikinti" layihəsinin idarə edilməsi həm tikinti zamanı, həm də tikintidən sonra ekoloji cəhətdən təmiz həllər təqdim edir. Onu da deyək ki, bu cür "yaşıl layihə"lər davamlı memarlığın nümunələridir. Bu üstünlüklər sayəsində "yaşıl tikinti" layihə idarəçiliyi ilə yaradılan tikinti layihələri ətraf mühitə daha az ziyan vurur və daha davamlı olmaqla yanaşı, daha az enerji və su sərf edilir ki, bu da layihənin xərclərini azaldır və əməliyyatı səmərəli edir.
"Yaşıl tikinti" layihələrində mövcud yaşıllıqlara toxunulmadan, ekoloji mahiyyət kəsb edən məsələlərə diqqət yetirilməsi çox vacibdir.
Tikinti şirkətlərinin öhdəlikləri var ki, layihə çərçivəsində müəyyən yaşıllıq salınmasını, onlara qulluq edilməsini, mövcud yaşıllıqların landşaft elementi kimi saxlanılması və onların ətrafında daha da geniş spektrdə, müxtəlif növ ağacların əkilməsini təmin etsin. "Yaşıl tikinti"nin digər məqsədi binaların keyfiyyətinin qorunması və ya artırılması, onların daxili mühitində rahatlığın təmin edilməsidir. Bu tikinti növü klassik tikinti-layihə ənənələrini qənaətlilik, faydalılıq, uzunömürlülük və rahatlıq kimi anlayışlarla təkmilləşdirir, ətraf mühitə və insan sağlamlığına ümumi zərəri azaldır, davamlı memarlığa geniş yol açır.
Qeyd edək ki, Azərbaycanda davamlı memarlığın ilk nümunələrindən biri 2011-ci ildə başlanmış Bakı Ağ şəhər layihəsidir. Bu şəhər regenerasiyası layihəsi Bakını daha dayanıqlı və ekoloji cəhətdən təmiz şəhərə çevirmək məqsədi daşıyırdı. Ölkənin "yaşıl tikinti" tarixində digər mühüm mərhələ 2013-cü ildə Azərbaycan Yaşıl Tikinti Şurasının (AzGBC) yaradılmasıdır. AzGBC ölkədə davamlı tikinti təcrübələrini təşviq edən və dəstəkləyən qeyri-kommersiya təşkilatıdır. O, sertifikatlaşdırma və təlim proqramları təqdim edir, həmçinin "yaşıl tikinti" prinsipləri və texnologiyaları haqqında məlumat yayır.
2015-ci ildə Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf üzrə 2030-cu il Gündəliyinə qoşularaq davamlı inkişafa dair öhdəlik götürüb. Bu addım hökumətin uzunmüddətli inkişaf planlarına "yaşıl tikinti" də daxil olmaqla davamlı təcrübələrin daxil edilməsinə sadiqliyini əks etdirir. Azərbaycanda diqqətəlayiq "yaşıl tikinti" layihəsi 2016-cı ildə tamamlanan Port Bakı Yaşayış Qüllələridir. Bu qüllələr enerjiyə qənaət edən sistemlər, suya qənaət edən texnologiyalar və "yaşıl məkan"lar kimi ekoloji cəhətdən təmiz dizayn elementlərinə malikdir. Bu üstünlüklər sayəsində "yaşıl tikinti" layihə idarəçiliyi ilə yaradılan tikinti layihələri ətraf mühitə daha az ziyan vurur və daha davamlı olur.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıqlar çərçivəsində tikinti sektorunun da vəzifələri var. Gözəlliyi nə qədər göz oxşasa da, görüntü arxasında tikintinin ətraf mühitə təsirinin aradan qaldırılması üçün əlaqədar təşkilat və qurumlar toplanıb müzakirələr aparır, "yaşıl tikinti"ni gündəliyə gətirirlər.
Belə tədbirlərdən biri iki gün öncə baş tutub. Tədbirdə "yaşıl tikinti"nin ətraf mühitə təsirinin azaldılması müzakirə olunub və tikinti şirkətlərinin COP29-un keçiriləcəyi vaxtadək bu yönümdə görəcəyi işlər müəyyənləşdirilib. "Dəyirmi masa"nın iştirakçıları Azərbaycanın karbon emissiyalarının 1,5°C səviyyəsinə qədər məhdudlaşdırılması səylərini dəstəklədiklərini bildirib, enerji səmərəliliyinin artırılmasında və karbon emissiyalarının azaldılmasında tikinti sektorunun rolundan bəhs ediblər. "Azərbaycanda Dayanıqlı Yaşıl Tikinti" üzrə bəyannamə imzalayan şirkətlər bilik və təcrübə mübadiləsi, iqlim fəaliyyətlərinin biznes modellərinə inteqrasiyası kimi müxtəlif öhdəliklər ətrafında razılığa gəliblər.
Züleyxa Əliyeva
“Azərbaycan” qəzeti