20 iyun, 2024
Paylaş:

"Yaşıl enerji": günəşimiz və küləyimiz kara gəlir

Səudiyyə Ərəbistanının "ACWA Power" şirkəti bu sahədə Azərbaycanla əməkdaşlığını genişləndirir

Azərbaycan və  Səudiyyə Ərəbistanı iqtisadiyyatın müxtəlif sahələrində fəal əməkdaşlıq edirlər. İki ölkə arasında əlaqələr enerji sahəsində özünü daha bariz şəkildə göstərir.  Belə ki, son  illər ərzində dünya neft sənayesində və OPEC+ formatında ölkələrimiz arasında güclü müttəfiqlik, tərəfdaşlıq və dostluq əlaqələri qurulub. İqtisadi əməkdaşlıq bərpaolunan enerji layihələri ilə getdikcə genişlənir və möhkəmlənir.

Elə bu günlərdə  Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" şirkəti arasında daha bir saziş - "yaşıl gübrə"lərlə bağlı əməkdaşlıq sazişi imzalanıb. SOCAR-dan verilən məlumata görə, görüşdə Azərbaycanda dənizdə və quruda külək, günəş və "yaşıl hidrogen" kimi bərpaolunan enerji, həmçinin onlarla əlaqəli digər potensial layihələrin birgə işlənməsinə dair Əməkdaşlıq haqqında sazişin imzalandığı məmnunluqla qeyd olunub.  Bu xüsusda yeni imzalanan sənədin "Aşağı karbonlu yaşıl gübrə" layihəsi çərçivəsində "yaşıl gübrə"lərin (əsasən karbamid olaraq) potensial istehsalı və sonrakı satışı üzrə əməkdaşlığı nəzərdə tutduğu bildirilib. Sazişə əsasən, "ACWA Power" şirkətinin "Aşağı karbonlu yaşıl gübrə" layihəsinin bərpaolunan enerji və "yaşıl hidrogen"in istehsalına aid olan hissələrində aparıcı rol oynayacağı vurğulanıb.

Əlbəttə, bu, "ACWA Power"in ölkəmizdə dəstəklədiyi ilk layihə deyil.  2022-ci il  yanvarın 13-də Bakıda, " Gülüstan" sarayında "ACWA Power" şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilmişdir. Həmin tədbirdə Prezident İlham Əliyev çıxış  edərək demişdir: "Təxminən bir il bundan əvvəl Azərbaycan Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanının "ACWA Power" şirkəti arasında icra müqaviləsi imzalanmışdır.

 Faktiki olaraq stansiyanın tikintisi ilə bağlı qərar verilmişdir və son bir il ərzində fəal iş aparılaraq bu gün artıq biz bu gözəl günü birlikdə qeyd edirik.

Bu stansiya Azərbaycanda bərpaolunan enerji sektorunda ən böyük elektrik stansiyası olacaqdır. Onun istehsal gücü 240 meqavatdır və təbii ki, dediyim kimi, həm ölkəmizin enerji təhlükəsizliyinə töhfə verəcək, eyni zamanda çoxlu iş yerlərinin yaradılmasına səbəb olacaq.

Həmçinin bizim təbii qaza qənaətimiz ilə bağlı planlarımızda olan məsələlər də öz həllini tapacaq. Təbii ki, ətraf mühitə mənfi təsirin azaldılması istiqamətində bu stansiyanın çox böyük əhəmiyyəti olacaqdır.

Mən şadam ki, bizim bərpaolunan bu böyük enerji layihəsinin icraçısı və investoru qardaş Səudiyyə Ərəbistanının şirkətidir... Şirkət haqqında çox danışmaq olar, təkcə onu qeyd etməliyəm ki, bu, enerji sahəsində dünyanın ən böyük şirkətidir. Mənə verilən məlumata görə, şirkət tərəfindən inşa edilmiş stansiyaların enerji istehsalı gücü 42 min meqavatdan çoxdur. Yəni təsəvvür etmək o qədər də çətin deyil və şadam ki, bu şirkət Azərbaycana da maraq göstərir".

Həmin tədbirdə Səudiyyə Ərəbistanından gəlmiş səlahiyyətli nümayəndə  vurğulamışdır ki, hazırda ölkələrimiz bütün dünya ilə birgə iqlim dəyişikliyinə qarşı mübarizənin aparılmasında və qlobal istiləşmənin fəsadlarının qarşısının alınmasında bir araya gələrək ortaq və mühüm marağa sahibdir: "ACWA Power" 2030-cu ilə qədər Səudiyyə Ərəbistanında elektrik enerjisinə olan daxili tələbatın 50 faizini məhz bərpaolunan enerji mənbələri sayəsində təmin etmək üçün külək və günəş enerjisi potensialını artıraraq Krallığımızın bərpaolunan enerji sahəsində təşəbbüslərinin önündə olub. Bu gün qeyd etdiyimiz kimi, Azərbaycana yatırılan 300 milyon dollara yaxın sərmayə "ACWA Power" şirkətinin Səudiyyə Ərəbistanı hüdudlarından kənarda qoyduğu ən iri sərmayədir.

Bildiyiniz kimi, bu enerji stansiyasının gücü külək hesabına əldə olunan 240 meqavat olacaq ki, bunun da sayəsində 300 min evin elektrik enerjisi təmin ediləcək. Eyni zamanda 220 milyon kubmetr qaza qənaət olunacaq və biz il ərzində 400 min ton karbon qazının atmosferə atılmasını azaldacağıq. Bununla biz Azərbaycanın 2030-cu ilə qədər bərpaolunan enerji mənbələri sayəsində 30 faiz elektrik enerjisinin əldə olunması məqsədinə əhəmiyyətli dərəcədə töhfə vermiş olacağıq. Əlavə olaraq "ACWA Power" şirkəti Azərbaycanda dənizdə külək enerjisi stansiyasının tikilməsi layihəsi ilə əlaqədar anlaşma memorandumu imzalayacaq ki, onun ümumi gücü təxminən 500 meqavat olacaq. İlkin mərhələdə külək enerjisindən istifadə potensialı araşdırılaraq "yaşıl karbohidrogen"lərin hasil edilməsindəki mümkün tətbiqi öyrəniləcək". 

Bundan bir il sonra,  2023-cü il fevralın 3-də Bakıda "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının 9-cu və "Yaşıl Enerji" Məşvərət Şurasının 1-ci iclasları çərçivəsində Azərbaycanın Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" şirkəti arasında "Dənizdə 1,5 QVt-dək külək layihəsinin həyata keçirilməsinə dair İcra Müqaviləsi", "Quruda 1 QVt külək stansiyasının yaradılmasına dair İcra Müqaviləsi" və "Azərbaycan Respublikasında enerji saxlanc sistemlərinin inkişaf etdirilməsinə dair Anlaşma Memorandumu" imzalanmışdır.

 Bununla da ölkəmizin "ACWA Power"lə bərpaolunan enerji sahəsində əməkdaşlığı yeni mərhələsinə qədəm qoymuşdur.

Keçən ilin sentyabr ayında isə İqtisadiyyat Nazirliyində "ACWA Power" şirkətinin İdarə Heyətinin sədri ilə  görüşdə Azərbaycanda həyata keçirilən külək-elektrik stansiyası, dəniz suyunun duzsuzlaşdırılması layihələrinin icra vəziyyəti, alternativ enerji mənbələrindən istifadənin səmərəliliyi, "yaşıl enerji" sahəsində potensial layihələrin reallaşdırılması imkanları barədə müzakirələr aparılmışdır. Bildirilmişdir ki, enerji səmərəliliyinin artırılması, bərpaolunan enerji sahəsinin inkişafı müasir çağırışlar fonunda ölkəmizin əsas prioritetlərindəndir. Bu istiqamətdə "ACWA Power" şirkəti ilə əməkdaşlığa önəm verilir.

"Yaşıl dünya naminə həmrəylik ili"ndə, ölkəmizin COP29-a evsahibliyi etməyə hazırlaşdığı bir dövrdə bu əməkdaşlığın önəmi daha da artır.

                                                                                                      Flora Sadıqlı
                                                                                                   "Azərbaycan"qəzeti

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()