25 oktyabr, 2024
Paylaş:

Yaşıl, ədalətli, inklüziv və dayanıqlı dünya naminə

Bu gün müstəqil Azərbaycan qlobal problemlərin həllinə, həmçinin, beynəlxalq həmrəyliyin gücləndirilməsinə çağırışlar edərək bunu əməli fəaliyyəti ilə təsdiqləyən ölkə kimi tanınır. İqlim dəyişmələrinə qarşı mübarizədə qlobal məqsədlərə töhfə verilməsi istiqamətində qətiyyət göstərən ölkəmiz davamlı tərəfdaşlıq və əməkdaşlığa sadiqdir.

Prezident İlham Əliyevin "İqlim dəyişikliyi və insan hüquqları: ombudsmanların və milli insan hüquqları təsisatlarının rolu" mövzusunda təşkil olunan Beynəlxalq Bakı Forumunun iştirakçılarına ünvanladığı müraciətində deyilir: "Azərbaycan, eyni zamanda qlobal iqlim fəaliyyətinə də töhfə verən ölkədir. Əlamətdar haldır ki, bu Forum bütün dünya üçün xüsusi əhəmiyyət kəsb edən və cari ilin noyabrında Azərbaycanın ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 ərəfəsində keçirilir. Bu cür mötəbər tədbirin ölkəmizdə keçirilməsi Azərbaycana olan böyük hörmət və etimadın, eləcə də ölkəmizin bütün səviyyələrdə iqlim dəyişmələrinin qarşısının alınması işinə verdiyi töhfəsinin göstəricisidir. İnanıram ki, COP29 yaşıl, ədalətli, inklüziv və dayanıqlı dünya naminə iqlim həmrəyliyinin gücləndirilməsinə mühüm təkan verəcəkdir".

İqtisadi gücü və yeni texnologiyaların tətbiqi sayəsində respublikamız həm enerji idxalçısı, həm də etibarlı ixracatçı ölkə kimi dünyanın diqqətini cəlb edir. Məlum olduğu kimi, Qarabağ və Şərqi Zəngəzur "yaşıl enerji zonası" elan edilib, təbii ki, bu da qlobal çağırışlara və müasir inkişaf tendensiyalarına uyğun strateji yanaşmanın nəticəsidir.

Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında dəfələrlə bu ərazilərin enerji təminatında bərpaolunan enerji mənbələrindən maksimum istifadə ediləcəyi, ekoloji təmiz, səmərəli innovativ texnologiyaların tətbiq olunacağı barədə bildirib ki, azad edilmiş ərazilər "yaşıl enerji zonası"na çevriləcək. Yerləşdiyi əlverişli coğrafi mövqe və iqlim şəraiti dünyanın inkişaf etmiş ölkələrində olduğu kimi, Azərbaycanda, o cümlədən Qarabağ və Şərqi Zəngəzurda da ekoloji cəhətdən təmiz alternativ (bərpaolunan) enerji mənbələrindən geniş istifadə edilməsinə imkan verir. Bu ərazilərdə "yaşıl enerji" növlərinin yaradılması və "yaşıl enerji"nin digər dünya ölkələrinə nəqli Azərbaycanın enerji siyasətinin prioritetidir. Qarabağ və Şərqi Zəngəzur 7200 meqavat günəş, 2000 meqavat külək enerjisi potensialına malikdir. Ölkəmizin daxili su ehtiyatlarının isə təxminən 25 faizi, yəni illik 2 milyard 560 milyon kubmetri bu ərazilərdə formalaşır. Günəş enerjisi potensialı Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlıda, külək enerjisi potensialı isə Laçın və Kəlbəcərin dağlıq ərazilərində daha çox müşahidə olunur. Hər iki bölgədə Tərtərçay, Bazarçay, Həkəriçay kimi əsas və digər kiçik çaylar böyük hidroenerji potensialına malikdir.

Son illər Bakı şəhərinin müxtəlif guşələrində geniş abadlıq-quruculuq işləri aparılır, yeni yaşıllıq zolaqları salınır. Ölkədə fəaliyyət göstərən ictimai təşkilatlar da yaşayış məhəllələrinin abadlaşdırılmasında fəal iştirak edirlər. Heydər Əliyev Fondu və Leyla Əliyevanın rəhbərlik etdiyi "IDEA" İctimai Birliyi tərəfindən uğurlu layihələr həyata keçirilir. Bunlardan küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturun yaradılması, yaşıllıqların salınması məqsədilə həyata keçirilən "Abad həyət" layihəsi xüsusilə diqqətəlayiqdir.

Bakıda keçiriləcək COP29 tədbirinin iki yeni rəsmi tərəfdaşı elan olunub. Bunlar sinerji tərəfdaşı "NEQSOL Holding" və tekstil üzrə tərəfdaş "GİLTEX" şirkətləridir. Bu tərəfdaşlıq hər iki müəssisənin dayanıqlı təcrübə və qlobal iqlim məqsədləri ilə bağlı əzmkarlığını nümayiş etdirir.

"NEQSOL Holding" və "GILTEX" şirkətləri Azərbaycanın Milli Öhdəlik Proqramında aktiv iştirak edir. "NEQSOL Holding" şirkətlər qrupu telekommunikasiya, enerji, texnologiya və tikinti də daxil olmaqla, müxtəlif sahələrdə fəaliyyət göstərir. COP29 tədbiri "NEQSOL Holding" şirkətlər qrupuna iqlim dəyişmələri ilə bağlı qlobal təşəbbüslərə səmərəli töhfə vermək üçün qlobal liderlərlə əməkdaşlıq etmək, təcrübə mübadiləsi aparmaq və innovativ həll variantlarını müzakirə etmək imkanı yaradır.

Azərbaycan və Cənubi Qafqaz regionunda fəaliyyət göstərən "GILTEX" MMC yerli pambıqdan hazırlanan tekstil məhsulları istehsal edir. COP29 Azərbaycan Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova COP29-un yeni tərəfdaşlarının elan edilməsi ilə bağlı açıqlamasında qeyd edib ki, COP29 tədbiri həm dayanıqlı, həm də davamlı gələcək üçün qlobal iqlim siyasətləri üzrə danışıqlar aparmaq, iqlim fəaliyyətlərini təşviq etmək və beynəlxalq əməkdaşlığı artırmaq baxımından mühüm forum olacaq.

 "NEQSOL Holding" və "GILTEX" şirkətləri COP29-da bu məqsədə nail olmağımıza kömək edəcək. Konstruktiv iqlim fəaliyyətləri naminə bu şirkətlərlə sıx əməkdaşlıq edəcəyimizə ümid edirik.

Ölkəmiz qlobal problemlərdən biri olan iqlim dəyişmələrinə qarşı səyləri səfərbər etmək və bu mübarizəyə töhfə verməklə dünyanın diqqət mərkəzində olacaq. COP29 ilə Azərbaycan sülhpərvər dövlət olduğunu bir daha dünyaya bəyan edəcək. Azərbaycan bu nüfuzlu tədbiri də yüksək səviyyədə keçirməklə dünyada sabitlik adası olduğunu bir daha təsdiqləyəcək.

                                                                                                                          M.Mirzə

                                                                                       "Respublika" qəzeti

 

 

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()