Yaşar Nuri
"Həyat kino kimidir, həmişə ən maraqlı yerində bitir". Hər zaman pərəstişkarlarının qəlbində yaşayan Azərbaycanın görkəmli sənətkarı, komik, psixoloji və dramatik rolların məharətli ifaçısı, Xalq artisti Yaşar Nurinin də ömrü özünün dediyi kimi, həyatının ən maraqlı yerində sona çatdı... Dörd dəfə ölüm xəbəri yayılan, bir gecədə saçları ağaran, tərəf müqabilinə aşiq olan bu aktyor həyatının sonuna kimi yalnız onu sevdi...
Yaşar Nuri tanınmış aktyor Məmmədsadıq Nuriyevin ailəsində dünyaya göz açıb. "Uşaqlığın son gecəsi" filmindəki o məşhur "məsələ sosiskada deyil e, məsələ "vnimatelni" olmaqdadır" deyən Davud obrazı ilə tanınan Məmmədsadıq Nuriyev uşaq vaxtından oğlunda aktyorluğa həvəs yaradıb. Yaşar Nuriyevin aktyor olmasının başqa bir səbəbi də var. Bir dəfə məktəbdə pəncərəni sındırıb, direktor deyib ki, get atanı gətir, şüşənin pulunu versin. Atası məktəbə gələndə direktor onu tanıyır və xəcalət çəkir, Yaşarı da bağışlayır. "Düşündüm ki, mənim kiçik xətamı, dələduzluğumu atama görə keçdilər, gərək mən də aktyor olam ki, böyüyəndə böyük xəta və dələduzluqlarımı da özümə görə keçsinlər. Özümə bələd idim axı", - sonradan Yaşar Nuri o günləri belə xatırlayacaqdı.
Tələbə vaxtından populyarlıq qazanan aktyorun pərəstişkarlarının çoxu qızlar idi. Qızlar ətrafında pərvanə kimi dolanırdı. Yaşar isə onların heç birinə fikir verməyib. Anasının sözünü qulağında sırğa edib: "Sənə qızı özüm tapacam". Elə də olub. Qız da kim ola? Konservatoriyada təhsil alan Rəhimə adlı uzaq qohum. Yaşar Nuri qızın izinə düşür, bir-iki gün arxasınca gedir, axırda bezib onun yolunu kəsir və deyir: "Bilirsən, nə var? Vaxt yoxdur ssenari qurmağa, bütün günü səhnədə ssenari ilə oynayıram. Evlənirik. Vəssalam". Qız isə belə cavab verir: "Yaşar Nuriyə hansı qız "yox" deyə bilər ki?".
Ona ən çox məşhurluq gətirən "Səni axtarıram" televiziya tamaşası olub. Deyilənə görə, tərəf müqabili Firəngiz Mütəllimova ilə aralarında sevgi münasibəti yaranıb. Elçin və Gülnar obrazı uzun müddət tamaşaçıların diqqət mərkəzində olub. Firəngiz xanım deyir ki, səhnədə "Gülnar, sən yaxşı qızsan" deyərək əlini başıma çəkən zaman ağlamalı idim. Amma ağlaya bilmirdim. Yaşar əlini başıma çəkəndə gördüm ki, ağlayır. Mən də ağlamağa başladım. Yəni insan nə isə hiss etməlidir.
Firəngiz xanımla münasibətinə Yaşar Nuri "dərdləşdiyim sevgi" adını qoymuşdu. Başqaları isə ayrı adlar qoyurdu bu münasibətə. Hətta həyat yoldaşı da bu münasibətdən xəbərdar olub və müsahibəsində belə deyib: "Firəngizlə olan söhbətlər yalan idi. Ola bilərdi ki, Yaşar Firəngizi sevsin. Mən hiss edirdim ki, Yaşar ona meyil edir. "Səni axtarıram" tamaşası çəkiləndə də bir çox məsələlərdə dərinə getmirdim. İndinin özündə də sizə o vaxtlar keçirdiyim hissin adını açıqlaya bilmirəm. Amma qadınam da müəyyən mənada Yaşarın Firəngizə olan hisslərini duyurdum. Bir-iki dəfə özünə bu haqda deyəndə, Yaşar söylədi ki, biz dostuq. Mən də ona demişdim, bəxtin onda gətirib ki, sən ona qarşı biganə deyilsən, amma o sənə qarşı biganədir. Bəlkə də Firəngizin Yaşara qarşı güclü məhəbbəti olsaydı, evlənərdilər. Amma Firəngiz mənə, dost olduğu insana qarşı heç vaxt elə hərəkət etməzdi. Həm də həmin dövrdə onun da öz daxili aləmi, şəxsi həyatı vardı. Sadəcə olaraq o tamaşadakı rolları ifa edəndən sonra qarşı tərəfdən birinin sevməməsi mümkünsüz idi. Onlar elə ifa edirdilər ki, buna inanmamaq olmurdu. Amma mən Firəngizdən arxayın idim. Başqa qadınlarla bağlı nəsə eşidəndə də mənə toxunmurdu. Yaşarın sənətkarlığı qarşısında qadın söhbətləri mənim üçün cılız məsələlər idi".
Aktyor çox həssas adam idi. 20 Yanvar hadisələrində o qədər sarsılmışdı ki, bir gecənin içərisində saçının xeyli hissəsi arxa tərəfdən ağarmışdı. İçki həvəskarı olan aktyor özünün təbirincə desək - yeyib-içən oğlan idi. Bunun ona əksər hallarda ziyanı dəyirdi. İçkili olduğuna görə bəzən çəkiliş təxirə salınırdı. Bir dəfə dövlət televiziyasında Yeni il şənliklərində "Şaxta baba" rolunda ikən içkili olması həmin şənliyin çəkiliş prosesini tamam əngəlləmişdi, bununla belə həmkarları, rejissorlar onu o qədər sevirdilər ki, güzəştə gedirdilər. Kimsə ona dərs vermək fikrinə belə düşmürdü ki, içmə, yaxud az iç. Buna Yaşar Nuri özü rəvac verməmişdi ki, kimsə bu cəsarətli addımı ata bilsin. Amma bu aludəçilik artdıqca öz izini, nəinki onun işində, səhhətində qoymağa başladı. Sağlamlığı əldən gedirdi. İlk dəfə qaraciyərində yaranan problem ona yeni ciyər köçürülməsi ilə nəticələndi. Hamı belə başa düşdü ki, bu xəstəliyin sonudur, yəqin Yaşar Nuri qalan həyatını sağlam, içkisiz keçirər. Amma belə olmadı...
Haqqında dörd-beş dəfə ölüm xəbəri yayıldı. Bu xəbərləri yayanın kimliyi bəlli deyildi. Bəlli olan o idi ki, aktyor həqiqətən də dörd ildə sözün əsl mənasında ölüb-dirildi. Gah aparatın köməkliyi ilə, gah da onu sevənlərin sevgisi sayəsində həyata qayıdırdı, tam bərpa olunmaq isə mümkünsüz idi. Təəssüf ki, sonuncu yayılan ölüm xəbəri düz çıxdı.
61 yaşında vəfat edən aktyor həyatla əbədi olaraq vidalaşdı...
Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.