17 iyul, 2023
Paylaş:

Xan Şuşinski

Azərbaycan muğam sənətinin korifeylərindən, Qarabağ xanəndəlik məktəbinin görkəmli nümayəndələrindən olan  Xan Şuşinski... Birinci arvadının təkidi ilə yenidən ailə quran, Hüseyn Cavidə görə qəzəbə tuş gələn xalq artistimiz...

Əsl adı İsfəndiyar olan böyük sənətkar Qarabağın məşhur tayfalarından olan Cavanşir sülaləsinə mənsub Aslan bəyin ailəsində dünyaya göz açıb. İsfəndiyara "Xan" adının verilməsinin maraqlı bir tarixçəsi var. "Segah İslam" tələbəsi İsfəndiyarla birgə Ağdamın Novruzlu kəndində bir məclisdə imiş. Ev sahibi İslam Abdullayevin arzusu ilə qrammofonu qurur və Təbrizli Əbülhəsən xanın ifasında "Kürd Şahnazı"nı dinləyirlər. Hamının heyranlıqla qulaq asdığı bu ifadan sonra "Segah İslam" üzünü İsfəndiyara tutub deyir: "Bəlkə sən də bizim üçün "Kürd Şahnazı" oxuyasan?". O, İslam Abdullayevin sözünü yerə salmır və  "Kürd Şahnazı"nı zilə çəkərək öz ifası ilə məclis əhlini heyrətləndirir, yerbəyerdən səslər eşidilir: "əsl xan elə bu imiş ki!". İslam Abdullayev isə şagirdinə ustad xeyir-duasını verərək deyir: "Bu gündən sən oldun Xan".

Dahi sənətkar  yaradıcılığında Hüseyn Cavidin qəzəllərinə geniş yer ayırdığına görə, hökumət nümayəndələrinin qəzəbinə tuş gəlmiş, bir müddət  onun kütləvi yerlərdə, el şənliklərində və rəsmi tədbirlərdə oxumasına qadağa qoyulmuşdur.

Xan Şuşinski uzun illər övlad həsrəti ilə yaşayıb. Bu mövzuya toxunan qızı Bəyimxanım atası haqqında belə demişdi: "Atam həmişə deyərdi ki, "Süsən-sünbül bitirmişəm, ömrü başa yetirmişəm, balam hanı?" mahnısını oxuyanda sanki öz taleyimi oxuyurdum. Deyirdi, o vaxtlar Allah mənə övladdan başqa hər şey vermişdi". Uzun illərdən sonra  övladlarının olması onu çox xoşbəxt edib.

Sənətkar gənc yaşlarında evlənib. O, ilk həyat yoldaşı Tovuz xanımla 35 il evli olur, lakin övladları olmur. Tovuz xanım özü Xanın ikinci dəfə evlənməsini istəyir. Beləliklə, Xan Şuşinski ikinci dəfə 56 yaşında özündən 30 il cavan Suğra xanımla evlənir. Və Xan hər iki həyat yoldaşı ilə ömrünün sonuna kimi bir yerdə yaşayır. Lakin ilk xanımını incitməmək üçün onun yanında ikinci həyat yoldaşına heç vaxt isti münasibət göstərmir. Yeri gəlmişkən həmin evlilikdən Bəyimxanım, Zümrüd, Səadət və Aslan adlı övladları doğulub.

Gənc yaşlarından siqaret çəkən Xan Şuşinski, sonradan Cabbar Qaryağdıoğlunun məsləhəti ilə qəlyan çəkməyə başlamış və ömrünün sonlarına qədər bu məşğuliyyətindən əl çəkməmişdir. Sağlığında böyük qəlyan və təsbeh kolleksiyası olsa da, əliaçıq insan olduğundan özünə ən əziz hesab etdiyi əşyasını belə kimdənsə əsirgəməyib.

Cavanlığında at sürməyi, ov-ovlamağı xoşlardı. İti görmə qabiliyyəti və cəld hərəkəti hesabına sərrast güllə atmağı varmış. Onun gözəl nərd oynamaq qabiliyyəti olub. Nərd oynamağı sevər və çox nadir hallarda uduzarmış. Latın, kiril və ərəb əlifbaları ilə yazıb-oxuyur, hafizəsi güclü olduğundan hətta ömrünün ixtiyar çağlarında belə yaddaşında minə yaxın şeir və qəzəli təhrifsiz saxlayıb ifadə edə bilirdi.

Ömründə heç vaxt spirtli içki qəbul etməmiş, səsinin qorunması xatirinə ömrü boyu özünü təbiətin bir sıra nemətlərindən təcrid etmişdir. Təmkinli, az danışan insan olub. Eyni zamanda həmyaşıdları və münasib bildiyi insanlarla zarafatlaşmağı xoşlayardı. Dövri mətbuatı izləyər, siyasi tədbirlərdən uzaq olmağa çalışardı. Dəvət olunduğu yerə, o cümlədən işə, konsertlərə heç vaxt gecikməz, xalq arasında olmaqdan, piyada gəzməkdən zövq alardı, adətən, ictimai nəqliyyatdan istifadə edərdi. Bir gün Xan Şuşinski musiqiçi yoldaşları ilə toydan gəlirmiş. Quldurlar onları soymaq üçün faytonlarını saxladırlar. Sənətkar olduqlarını biləndə Xandan oxumasını istəyirlər. Xan necə oxuyursa, uzun müddət ev-eşiyindən uzaq düşmüş quldurbaşını ağlamaq tutur, onlara xələt verib sağ-salamat Şuşaya yola salır.

Xan Şuşinski uzun sürən xəstəlikdən sonra  77 yaşında vəfat edib, Bakı şəhərindəki İkinci Fəxri Xiyabanda dəfn edilib.

Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()