09 fevral, 2024
Paylaş:

Xalqımız öz xilaskarının əziz xatirəsini daim uca tutacaq

Azərbaycan xalqının bugünkü uğurları məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Müasir Azərbaycanın qurucusu olan Ümummilli Lider müasir dövlətçiliyimizin banisi və memarıdır. Ömrünü Azərbaycan xalqına həsr etmiş Ulu Öndər fenomeni ölkəmizə rəhbərlik etdiyi dövrlər ölkəmizin uğurları və güclənməsi ilə tarixin yaddaşlarında qalıb. 
Məhz ilk dəfə 1969-1982-ci illər ərzində ölkəmizə rəhbərlik etdiyi dövr həyata keçirilən islahatlar və görülən strateji tədbirlər nəticəsində Azərbaycan SSRİ respublikaları arasında ən çox inkişaf edənlərdən birinə çevrilmişdir. Məhz həmin dövrlər Azərbaycanın SSRİ tərkibindəki ən parlaq dövrləri hesab olunub və ölkəmizdə bütün sahələrin inkişafı ilə yadda qalıb. Artan inkişaf tempi, sənaye sahələrinin genişlənməsi, sürətli tikintilərin aparılması fonunda milli-mənəvi dəyərlərə sahib çıxmaq, onları qorumaq Ulu Öndərin siyasi xəttində mühüm yer tuturdu. Məhz SSRİ-də yaranmış imkanlardan öz xalqının mənafelərinə uyğun olaraq məharətlə istifadə edən Ulu Öndər bütün imkanları ölkəmizin abadlaşmasına, genişmiqyaslı quruculuq işlərinə sərf edərək bu sahələrin inkişafına xüsusi əhəmiyyət verirdi. Mədəniyyətimizə verdiyi yüksək qiymət, incəsənət xadimlərinə göstərilən ehtiram həm də ümumilikdə milli-mənəvi dəyərlərimizin xalqımıza aşılanması ilə xarakterik idi. 
Ulu Öndər hər zaman insan hüquqlarının və qanunun aliliyinin təmin olunması məsələsinə xüsusi həssaslıqla yanaşmışdır. Təsadüfi deyildir ki, Sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə dünya və xüsusən də Qərb ölkələrinin mətbuatının nəzər-diqqətini özünə çəkmişdir. 1969-cu ildən əvvəl də Heydər Əliyev əhalinin vəziyyətini öyrənər və xalqın rifahı ilə yaxından maraqlanırdı. 1969-cu ildə hakimiyyətə gələrkən Heydər Əliyev proqram xarakterli məruzəsində ölkəmizdəki korrupsiyadan ilk dəfə bəhs edərək, buna qarşı mübarizə aparılacağını bildirmişdir. Bununla da Azərbaycanda korrupsiyaya qarşı mübarizə başlanmışdır, qeyd etməliyəm ki, bu, 15 sovet respublikası arasında ilk belə hal idi. 
Ulu Öndərin rəhbərliyi ilə ölkəmizdə genişmiqyaslı abadlıq-quruculuq işlərinə başlandı, Kremlin qərarı dəyişdirilərək kondisioner zavodu Bakı şəhərində salındı. 1971-ci ildə C.Naxçıvanski adına Hərbi Lisey yaradıldı və bu qəbildən olan yüzlərlə irimiqyaslı layihələr icra edildi. Naxçıvanski adına liseyi yaratmaqla Ulu Öndər həm də Azərbaycan Ordusu üçün milli kadr potensialının əsasını qoydu. Məhz həmin ordu bizə Müzəffər Ali Baş Komandanın rəhbərliyində qələbə bəxş etdi.
1980-ci illərdə  Böyük Britaniyanın məşhur Tayms nəşri Heydər Əliyevi yüksək bacarıq və keyfiyyətlərinə görə "SSRİ-nin parlayan ulduzu" adlandıraraq onu Sovet İttifaqının növbəti rəhbəri olmağa əsas namizəd kimi qiymətləndirirdi. 
Beləliklə, Heydər Əliyev sovet dönəmindən azərbaycanlıların ümumi fəxr, qürur mənbəyi olmaqla, milləti öz ətrafında birləşdirən liderə çevrilmişdir. 
Heydər Əliyev həm də Azərbaycanın ərazi bütövlüyünün qarantı idi. Ermənilər hər zaman bildirirdilər ki, nə qədər Heydər Əliyev hakimiyyətdədir, Azərbaycana qarşı torpaq iddiasını həyata keçirə bilməyəcəklər.
1978-ci ildə Ulu Öndər Heydər Əliyevin cəhdləri və təşəbbüsü sayəsində Azərbaycan SSR-in Konstitusiyasına "Azərbaycan dili Azərbaycan SSR-in rəsmi dövlət dilidir" maddəsinin daxil edilməsi soykökümüzə bağlı qalmağımızı təmin etdi. 
Təbii ki, öz xalqını hər şeydən çox sevən və peşəkar idarəçinin göstərdiyi yüksək bacarıqlar SSRİ rəhbərliyinin də diqqətini çəkirdi. 1982-ci ildə Ulu Öndər Moskvaya yüksək vəzifəyə getsə də, qəlbində dövlətinə sevgini hər zaman qorudu və hər zaman xalqının yanında oldu. Üzləşdiyi müxtəlif təqiblərə baxmayaraq, hər zaman Azərbaycanın maraqlarını hər şeydən üstün tutan Ulu Öndər 1990-ci ilin 20 Yanvar tarixində xalqımıza qarşı baş vermiş 20 Yanvar faciəsini dünya ictimaiyyətinin diqqətinə çatdırması isə çox böyük hadisə idi.
Daha sonra xalqın ağır günündə Azərbaycana qayıdan, Naxçıvan Muxtar Respublikasında üçrəngli bayrağımızın qaldırılması və digər əhəmiyyətli məsələlər ilə bağlı qərarlar verən Ulu Öndərin atdığı addımlar xalqımızı həm də vahid dövlətçilik ideologiyası ətrafında birləşdirilməsi istiqamətində mühüm işlər idi. 
1990-cı illərin əvvəlləri ağır dövr idi, hakimiyyət ölkədə xaos yaratmış, ərazilər işğal olunmuşdu. Belə bir vəziyyətdə xalqın və ictimaiyyətin tanınmış nümayəndələrinin Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət etmələri ölkəni xilas etmənin yeganə yolu idi. Məhv olmaq təhlükəsi qarşısında qalan Azərbaycan dövlətçiliyi dəhşətli, təhlükəli vəziyyətdən Ümummilli Lider Heydər Əliyevin hadisələrə qətiyyətli və fəal müdaxiləsi nəticəsində çıxdı. Belə vəziyyətdə Azərbaycanın əsl xilaskara böyük ehtiyacı vardı. Xalqın sağlam qüvvələrinə arxalanan qurtuluş hərəkatı meydana gəlir, sürətlə genişlənir, sadə xalq öz xilaskarı, böyük siyasətçisi Heydər Əliyevin ətrafına toplaşırdı.
1993-cü il iyunun 4-də Azərbaycan vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qalanda AXC-Müsavat cütlüyü xalqın əsaslı tələbini, özlərinin yaratdıqları xaosu nəzərə alaraq Heydər Əliyevi Bakıya dəvət etmək məcburiyyətində qaldı. Azərbaycanın görkəmli oğlu, böyük vətənpərvər Heydər Əliyev xalqın bu ağır günündə, şübhəsiz, kənardan baxa bilməzdi. O, xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib xilaskarlıq missiyasını öz üzərinə götürdü.  Heydər Əliyevin hakimiyyətə qayıdışı təkcə siyasi tələb deyildi, bu dövrün ictimai tələbatına çevrilmişdi. 
1993-cü il iyunun 15-də parlamentin iclasında Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi, nəticədə müstəqil Azərbaycan tarixində ən önəmli hadisə  olan Qurtuluş Günü elan olundu. 
Heydər Əliyev Azərbaycan qarşısında böyük bir addım atdı, xalqının səsini eşitdi, yenidən hakimiyyətə qayıtmaqla müstəqil dövlətimizi dünya xəritəsində silinmək təhlükəsindən birdəfəlik xilas etdi. Ulu Öndər Heydər Əliyev 15 iyun tarixi barədə danışarkən vurğulamışdı ki, bu hadisə zərurətdən doğan bir faktor idi. 28 May Respublika Günü münasibəti ilə 2001-ci il mayın 26-da keçirilmiş tədbirdə bu barədə belə demişdir: "1991-ci ildə müstəqilliyi elan etmək çətin bir məsələ deyildi. Çünki bu, tarixi zərurətdən irəli gəlmiş bir hadisə idi. SSRİ dağılırdı, istəsən də, istəməsən də sən öz respublikanın aqibətini müəyyən etməli idin. Burada da müstəqillikdən savayı başqa yol yox idi. Amma bu müstəqilliyi qoruyub-saxlamaq o müstəqilliyi əldə etməkdən qat-qat çətin bir vəzifə idi".
1993-cü ilin böhranlı yayında xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər həmin il oktyabrın 3-də seçicilərin böyük əksəriyyətinin səsi, ümumxalq etimadı ilə dövlət başçısı seçildi. 
Azərbaycan xalqının ağır günlərində hakimiyyətə qayıtmış Ulu Öndərin xalq qarşısında icra etməli olduğu tarixi missiyaya başladı. Bununla onun adı ən yeni tariximizə müstəqil Azərbaycanın memarı və xilaskarı kimi daxil oldu. Heydər Əliyev Azərbaycan dövlətçiliyinin gələcək inkişaf yollarını müəyyənləşdirdi. Dünyaya inteqrasiya, demokratik inkişaf və hüquqi dövlət quruculuğu, azad bazar münasibətlərinə keçid, sosial-iqtisadi islahatlar, hüquqi islahatlar kursu, düşmənin təcavüzünə son qoyulması və s. kimi genişmiqyaslı islahatlara başlandı.
Ümummilli Liderin səyləri nəticəsində respublika ərazisinə səpələnmiş silahlı cinayətkar dəstələr zərərsizləşdirildi, vətəndaş müharibəsi təhlükəsinin qarşısı alındı, respublikamızın cənub və şimal-şərqində separatçı meyillərə son qoyuldu. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, Azərbaycanda sabitliyin, iqtisadi tərəqqinin geniş vüsət almasında Ulu Öndər Heydər Əliyevin gərgin səylərinin nəticəsi olaraq 12 may 1994-cü ildə atəşkəs sazişinin imzalanmasının xüsusi yeri vardır. Sabitliyi bütün inkişafın əsası kimi dəyərləndirən Ümummilli Liderin bu mühüm addımı müharibə şəratində yaşayan ölkəmizin qarşısında yeni imkanlar açdı. 
Bazar münasibətlərinə əsaslanan iqtisadi islahatların həyata keçirilməsi ölkə iqtisadiyyatına xarici sərmayələrin axınını reallaşdırdı. Heydər Əliyev yeni neft strategiyasının nəticəsi kimi təzahür edən "Əsrin müqaviləsi"ni 1994-cü ilin sentyabrın 20-də imzalamaqla, Azərbaycanın dünya iqtisadi sistemindəki yerini müəyyənləşdirdi.
1993-cü il iyunun 15-də Heydər Əliyev ölkənin ali qanunvericilik orqanına sədr seçildi. Həmin iclasda Ulu Öndər çıxış edərək, tarixi nitqini söylədi: "Azərbaycan Respublikasının bugünkü ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm. Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf etdirməyi özüm üçün ən əsas vəzifələrdən biri hesab edirəm. Heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harada olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm". Bu tarixi qayıdış, sözün həqiqi mənasında, Azərbaycan dövlətçiliyinin və millətimizin qurtuluşu idi.  
Heydər Əliyev hakimiyyətdə olduğu illərdə müxtəlif təhdidlərlə üz-üzə qaldı, xarici və daxili qüvvələrin iştirakıyla çevriliş cəhdləri oldu, ancaq heç biri nəticə vermədi. Çünki Heydər Əliyev mahir siyasətçi kimi onlardan bir addım irəlidə olmağı bacarır və ölkəmiz əleyhinə qurulan planları puç edirdi. Heydər Əliyev siyasətində xalqın dəstəyinə arxalanırdı. "Heydər Əliyev xalq birliyi" ifadəsi məhz buna görə yaranmışdı. Həqiqi lider xalqın dəstəyinə arxalanaraq uğur qazana bilər. Heydər Əliyev məhz belə liderlərdən idi. 
Müdrik rəhbərin göstərişi əsasında hələ ötən əsrin 70-80-ci illərində yüzlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin aparıcı ali məktəblərinə, müxtəlif ixtisaslar üzrə təhsil almağa göndərilmişdi. Təkcə 1970-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə 1500-dən artıq azərbaycanlı gənc aparıcı ali təhsil olcaqlarına göndərilmişdi. Onların əksəriyyəti geri qayıdaraq Azərbaycanda müxtəlif sahələrdə çalışdılar, təcrübəli mütəxəssislərə çevrildilər. Gənclərimiz o dövrdə Moskvadan başqa Kiyevdə, Xarkovda, Minskdə və Sankt-Peterburqda təhsil alırdılar. 
Ulu Öndər 26 iyul 1994-cü ildə tarixi bir fərman imzaladı. Bu fərmanla ölkəmizdə Gənclər və İdman Nazirliyi yaradıldı. Nazirliyin yaradılmasında əsas məqsəd qısa vaxtda gənclər siyasətinin əsas konturlarını müəyyənləşdirməkdən ibarət idi. 
1995-ci ildə Gənclər Təşkilatlarının Milli Şurası yaradıldı. Bunun davamı kimi cəmiyyətin inkişafında və müxtəlif problemlərin  həllində gənclərin rolunu artırmaq, onların ölkənin gələcək inkişafında iştirakını və məsuliyyətini yüksəltmək məqsədilə Ümummilli Lider Heydər Əliyev tərəfindən 1995-ci ildə Azərbaycan Gənclərinin Forumunun keçirilməsi təşəbbüsü irəli sürüldü. 2 fevral 1996-ci ildə gənclərin I Forumu keçirildi. İlk Forum Azərbaycanda gənclər siyasətinin müəyyən olunmasında mühüm rol oynadı. 
Ulu Öndər 1997-ci ilin 2 fevral tarixində Azərbaycanda Gənclər Gününü təsis etdi. Bununla Heydər Əliyev Azərbaycanda gənclər siyasətinin bünövrəsini möhkəmlətdi. Bu illər ərzində Azərbaycanda gənclər sahəsində dövlət siyasəti ilə bağlı müxtəlif proqramlar qəbul olundu və həyata keçirildi. 
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsinin əsas hərəkət qüvvəsi gənclər oldu. Vətən müharibəsindəki qələbəmiz həm də gənclərlə bağlı aparılan uğurlu siyasətin nəticəsi idi. Fərəhləndirici haldır ki, 44 günlük döyüşlərdə bir fərarilik faktı qeydə alınmadı. Halbuki Ermənistan ordusunda minlərlə fərarilik halı baş verdi və həmin fərarilik hallarıyla bağlı Ermənistanda bu gün də məhkəmə işləri davam edir. Vətən müharibəsində gənclərimizin yüksək fiziki və mənəvi hazırlığı və vətənpərvərlik hissi əməldə sübut olundu. 
Azərbaycanda demokratik prinsiplərin bərqərar olması, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla həyata keçirilməsi də Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanaraq 12 noyabr 1995-ci il tarixdə ümumxalq səsverməsi - referendum yolu ilə qəbul olunmuş ilk Konstitusiyamız hüquqi, demokratik dövlət quruculuğunun, hüquq sisteminin bünövrəsini təşkil etmişdir. Qəbul edilmiş Konstitusiyanın 3-cü fəsli bütövlükdə, yəni 158 maddənin 48-i insan və vətəndaş hüquqlarına və azadlıqlarına həsr edilib. Eləcə də, qeyd edilən hüquq və azadlıqların qorunması, müdafiə olunması vəzifəsi qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının üzərinə qoyulub. Azərbaycanda müasir məhkəmə hakimiyyətinin əsası qoyuldu, yeni məcəllələr, qanunların qəbul edilməsinə nail oldu. 
Konstitusiyanın hazırlanması və qəbulu ilə yanaşı, ölkədə ciddi hüquqi islahatlar həyata keçirildi. Konstitusiya Məhkəməsi və Ombudsman institutu yaradıldı. Ölüm hökmünün və mətbuatda senzuranın ləğvi Ulu Öndərin demokratik islahatları sırasında mühüm yer tutdu. "İnsan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında konvensiya"ya məhz Ulu Öndər Heydər Əliyevin dövründə - 2001-ci ildə ratifikasiya edildi. Həmin konvensiyaya 2002-ci ildə ölüm cəzasının ləğvi ilə bağlı 13 saylı protokol əlavə olunmuşdur. Ümummilli Lider isə ölüm cəzasının ləğvi ilə bağlı sərəncamı həmin protokoldan 4 il qabaq, 1998-ci ildə imzalamışdır. Azərbaycan Şərqdə ilk dəfə olaraq ölüm cəzasını ləğv edən ölkə kimi tarixə düşdü.  
Heydər Əliyevin xarici siyasət strategiyası Azərbaycana beynəlxalq aləmdə nüfuz və hörmət qazandırdı ki, bunun da nəticəsi olaraq respublikamız dünyanın əksər aparıcı ölkələrinin maraq mərkəzinə çevrilərək beynəlxalq və regional əməkdaşlıq sahəsində mühüm rol oynamağa başladı. 2001-ci ilin yanvarın 25-də Azərbaycan Respublikası Avropa ailəsinin tamhüquqlu üzvü kimi Avropa Şurasına qəbul olundu, "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi" haqqında Avropa Konvensiyasına qoşuldu. Hazırda Azərbaycan BMT, ATƏT, Avropa Şurası, İslam Konfransı Təşkilatı kimi mötəbər qurumların tamhüquqlü üzvüdür. Azərbaycan Avropa İttifaqı və Şimali Atlantika Alyansı ilə münasibətlərini daha da genişləndirmişdir. 2003-cü ildə "Avropa Qonşuluq Siyasəti" ilə Avropa Birliyi Azərbaycanla qurduğu əlaqələrində yeni bir səhifə açdı.
Öz həyatını Azərbaycan xalqına fəda etmiş Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, özü qədər inandığı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ümummilli Liderin yolunu layiqincə davam etdirir. Məhz bu siyasi kurs tarixi Qələbəmiz, 30 ilə yaxın işğal altında qalmış torpaqlarımızın düşmən işğalından birdəfəlik azad edilməsi ilə nəticələndi. Ermənistan kapitulyasiya aktını imzaladı. Şuşa şəhərinin işğaldan azad olunması zamanı Müzəffər Ali Baş Komandanın ata vəsiyyətinə əməl etdim deməsi bir daha göstərdi ki, Ulu Öndər ömrünün son anlarında belə, Azərbaycanı, Qarabağı düşünürmüş və düşmən işğalına son qoyulmasını arzulamışdır. Bu il həyata keçirilən və 23 saat davam edən lokal xarakterli antiterror tədbirləri isə Azərbaycanın suverenliyini tam bərqərar etdi.
Məhz Ulu Öndər Heydər Əliyevin parçalanmasının qarşısını aldığı Azərbaycan, siyasi kursunun layiqli davamçısı İlham Əliyev tərəfindən dinamik inkişaf yoluna çıxardı. İqtisadiyyatı dəfələrlə böyüdü, regionun söz sahibi olmasından çıxıb, dünyada söz sahibi olan ölkələrdən birinə çevrildi. 
Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaqdır və qədirbilən Azərbaycan xalqı öndərini hər zaman hörmət və ehtiramla yad edəcəkdir.

Adil Əliyev

“Azərbaycan” qəzeti

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()