Vladimir İliç Lenin
Fincanı sındırıb sonra da boynuna alan vunderkind uşaq, çiyinlərində şalban daşıyan əməksevər insan, Azərbaycandan gələn alma sovqatını uşaq evinə göndərən, uğrunda çalışıb vuruşduğumuz əliaçıq Lenin baba, yoxsa... "Almaniyanın casusu”, “dünya proletariatının və inqilabının rəhbəri”, “inqilabdan yan ötən fırıldaqçı”, “qaniçən diktator” və daha nələr, nələr... Uzun illər bizlərə dahi rəhbər kimi təqdim edilən bu məşhur şəxsiyyətlə bağlı bütün təsəvvürlərimiz müxtəlif cür obrazlar arasında gedib-gəlir. 150-yə yaxın təxəllüsü olan və bu təxəllüslər arasında dünyada sadəcə, "Lenin" kimi tanınan, hətta bəşəriyyətin tarixini belə, dəyişdirməyi bacaran bu insan kim idi əslində? Dahi, manyak, sadist, bisavad, "yüngül əxlaqlı həyat tərzi" sürən biri, yoxsa...
Bu adam, məlum olduğu kimi, sıradan biri olmayıb, dahi idi - sözsüz. Onun böyük şəxsiyyət olması danılmaz faktdır. Təbii ki, dünyanın siyasi mənzərəsinə yenilik gətirmək, ilk kommunist dövləti yaratmaq Vladimir İliç Leninin dahiliyinin nəticəsi olub. Sadist idi - bu da bəlli. Amma bisavad deyildi, əsla, çünki 19 yaşından etibarən masa arxasında saatlarla oturub yazan, müstəsna istedadı olan polemist, jurnalist, xüsusi təşkilatçılıq qabiliyyəti ilə seçilən bir siyasətçiyə bu adı vermək böyük haqsızlıq olardı.
Sovet dövrünün ədəbiyyatlarında bizlərə sadə həyat tərzi sürən, ideal bir şəxs kimi təqdim olunan bu adamın deyilənə görə, aylıq əməkhaqqısı guya 500 rubl olub və bütün mükafatlardan, dövlət büdcəsi hesabına gələn güzəştlərdən qəti şəkildə imtina edib. Hətta bir dəfə inflyasiya ilə bağlı maliyyə məmuru onun maaşını 800 rubla qaldırdığına görə, rəhbər ona bu "səxavətinə" görə şiddətli töhmət də veribmiş. Bu kimi vasitələrlə əməlisaleh bir insan obrazı yaradaraq ətrafdakıların gözünü boyayan fırıldaqçı, əslində qəddar, zalım və qaniçən biri olub. Əsərlərində “Proletariat diktaturası amansız olmalıdır”, “Kütləvi terror siyasi mübarizənin əsas formasıdır” tezislərini qırmızı xətlə xüsusi vurğulayan, Rusiya çarı Nikolay Romanovu xaricə buraxmayıb, arvadı və körpə uşaqları ilə birlikdə güllələtdirən və bu kimi bir çox qətliamlarda adı hallanan birinə sizcə, bundan başqa hansı titulu yaraşdırmaq olar.
Dələduzluğu sayəsində hakimiyyət zirvəsinə yüksələn, sözün əsl mənasında təxminən yarıməsrlik “vor zakon” həyatı yaşayan bu balacaboy şeytan həm də zərif cinsin böyük həvəskarı olub və eyni zamanda bir neçə məşuqə saxlayırmış. Deyilənlərə görə, Nadejda Krupskaya adlı yastıburun, gombul qadın heç bir zaman Leninin arvadı olmayıb. Lenin sürgündə olanda bu qadın onun yanına qulluqçu kimi göndərilib, ayaqlarını və paltarını yuyurmuş. Sonradan "dahi rəhbər"in subay olması məsləhət bilinməyib və Krupskaya Leninin həyat yoldaşı kimi sadəcə qeydiyyatdan keçib.
Lenin Sibirdə olarkən evləndiyi Krupskayanı sürgün başa çatan kimi "dost, yoldaş" qismində görür. Qadın səhhətindəki problemlərdən dolayı, ana ola bilməyəcəyini anlayanda Leninə məşuqələri ilə birgə onunla bir damın altında qalmasına özü razılıq vermişdi.
Siyasi fəaliyyəti, ölkəyə rəhbərliyi dövründə Leninə, kiçik insidentləri nəzərə almasaq, 7 dəfə sui-qəsd cəhdi edilib. Yəqin ki, insult səbəbindən ömrünün son günlərini yaşayarkən keçmişinə nəzər salan Lenin, həmin sui-qəsd cəhdlərini xatırlayanda, yaşadığı 53 il 9 aya da şükür edib...
Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.