VIII Bakı Beynəlxalq Kitab Sərgisinin son günü
Bu gün oktyabrın 5-dən start götürən VIII Bakı Beynəlxalq Kitab Sərgisinin son günüdür. Bu günlər ərzində Respublika Gənclər Kitabxanasının stendini millət vəkili, akademik Nizami Cəfərov, Türkiyə Prezidentinin Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Türkiyə - Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin Qəyyumluq Şurasının və İdarə Heyətinin sədri, professor Aygün Attar, filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev, filologiya elmləri doktoru, professor, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun "Terminologiya" şöbəsinin müdiri və AMEA Rəyasət Heyəti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova, AMEA-nın Nəsimi adına Dilçilik İnstutunun Nitq mədəniyyəti və monitorinq şöbəsinin müdiri Aysel Qəribli, Xalq şairi Nəriman Həsənzadə, Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan Şöbəsinin rəhbəri Sayman Aruz, Cəfər Cabbarlının Ev-Muzeyinin direktoru Qəmər Seyfəddinqızı, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı, Azərbaycan Yazıçılar Birliyinin Yaradıcılıq məsələləri üzrə katibi İlqar Fəhmi, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, Azərbaycan televiziya rejissoru və aktyoru Elçin Məmiyev, Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı, şair Ramil Əhməd, çox sayda məktəbli və tələbələr, kitabsevərlər ziyarət etmişlər. Kitabxananın əməkdaşları ziyarətçilərə stenddə sərgilənən incəsənət, tarix, bədii ədəbiyyat və s. sahələri əhatə edən kitablar haqqında məlumat vermiş, kitabxananın bu il elan etdiyi “Nəşrlərin satınalması müsabiqəsi” nəticəsində əldə edilən nəşrlərə xüsusi diqqət yönəltmişlər.
Bundan əlavə, Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası VIII Bakı Beynəlxalq Kitab Sərgisinin təşkilatçıları tərəfindən sertifikat ilə təltif edilmişdir.











