Vətənpərvər alim, pedaqoq və dövlət xadiminin ömür yolu
“Böyük Azərbaycan naminə Əziz Əliyev” kitabı türk dilində işıq üzü görüb
Tədqiqatçı Adıgözəl Məmmədovun Azərbaycan və ingilis dillərində çap olunmuş “Böyük Azərbaycan naminə Əziz Əliyev” kitabı türk dilində də işıq üzü görüb. Bu nəşrdə görkəmli dövlət xadimi, diplomat, alim, səhiyyə işçisi Əziz Məmmədkərim oğlu Əliyevin zəngin və mənalı həyat yolu, vətən və xalq qarşısında tarixi xidmətləri geniş əksini tapıb.
Kitabda göstərilir ki, Azərbaycanın və Dağıstanın siyasi və dövlət idarəçiliyində rəhbər vəzifələr icra etmiş yurdsevər insanın karyerası 1920-ci illərdən başlayaraq uğurla inkişaf edib. Əziz Əliyevin dövlət xadimi kimi ən diqqətçəkən fəaliyyəti İkinci Dünya müharibəsi dövründə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi və 1942-1948-ci illərdə Dağıstan MSSR Vilayət Partiya Komitəsinin birinci katibi kimi çalışdığı mərhələ olub. Əziz Əliyevin ictimai fəaliyyətinin digər istiqaməti onun xalq təmsilçisi-deputat kimi parlament fəaliyyətidir. O, SSRİ Ali Sovetinin və Azərbaycan SSR Ali Sovetinin deputatı kimi ictimai-siyasi fəaliyyətlə məşğul olub.
Tədqiqatda Əziz Əliyevin diplomatik fəaliyyətinə də xüsusi diqqət yetirilib. Həmin fəaliyyət onun Cənubi Azərbaycana göndərilməsi, alay polkovniki rütbəsində siyasi rəhbər kimi burada SSRİ-nin strateji maraqlarını təmsil etməsi, mürəkkəb geosiyasi şəraitdə diplomatik bacarığını nümayiş etdirməsidir. Əziz Əliyevin diplomatik fəaliyyəti təkcə Cənubi Azərbaycanla məhdudlaşmırdı. Azərbaycan və Dağıstan xalqları arasında mədəni və siyasi əlaqələrin möhkəmlənməsində Ə.Əliyevin əməyi danılmazdır. Onun Dağıstandakı fəaliyyəti bu regionda Azərbaycanın nüfuzunu artırmış, eyni zamanda, çoxmillətli əhalinin birliyini təmin etmişdir.
1950-1951-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini kimi, Ə.Əliyev kadrlarla işləyərkən dövlət siyasətini xalqın ehtiyaclarına yönəltməyə çalışırdı. Kitabda Əziz Əliyevin səhiyyə sahəsində işin bacarıqlı təşkilatçısı, alim kimi fəaliyyəti detallı təhlil edilir. Ə.Əliyev tibb elmləri doktoru, professor və Əməkdar həkim kimi Azərbaycan tibb elminin, səhiyyəsinin inkişafında müstəsna xidmətlər göstərib. 1929-cu ildə namizədlik, 1934-cü ildə doktorluq dissertasiyasını müdafiə edən alim Azərbaycanda SSRİ Elmlər Akademiyasının mükafatına layiq görülən ilk elmi işin də müəllifidir. Onun elmi fəaliyyəti travmatologiya, ortopediya və səhiyyə təşkilatçılığı sahələrini əhatə edirdi. Xüsusilə, müharibə əlillərinin bərpa-müalicəsi, eləcə də kənd təsərrüfatı işçiləri arasında travmatizmin profilaktikası üzrə tədqiqatları müasir tibb elmi üçün dəyərlidir.
O, Azərbaycan Dövlət Tibb İnstitutunun (indiki Azərbaycan Tibb Universiteti) inkişafında mühüm rol oynayıb, milli kadrların hazırlanmasına böyük töhfələr verib. Onun pedaqoji fəlsəfəsi tələbələrdə vətənpərvərlik və peşəkarlıq hisslərini aşılamağa yönəlmişdi. Ə.Əliyevin tibbi idarəçilik fəaliyyəti ölkəmizdə səhiyyə sisteminin inkişafında yeni yanaşmaların formalaşmasında böyük rol oynayıb. Əziz Əliyevin tibb sahəsində elmi-pedaqoji fəaliyyətinin mühüm istiqaməti ölkədə tibb işçilərinin peşə səviyyəsinin yüksəldilməsi, fasiləsiz təhsil və ixtisas istiqamətinin dəyişdirilməsi sisteminin inkişaf etdirilməsi istiqamətindəki fəaliyyəti olub.
1956-cı ildən ömrünün sonuna qədər Həkimləri Təkmilləşdirmə İnstitutunun direktoru vəzifəsində çalışan görkəmli alim-pedaqoq bu müəssisənin fəaliyyətini yüksəltməyə nail olub. O, tələbələrə tibb elmini öyrətməklə kifayətlənmir, həm də milli kadrların yetişdirilməsi üçün sistemli təhsil mühiti formalaşdırırdı. Onun rəhbərliyi altında Azərbaycan Dövlət Tibb İnstitutunda 11 nəfər doktorluq və çox sayda gənc alim namizədlik dissertasiyası müdafiə edib.
Bütün bunlar barədə mötəbər bilgi qazanan “Böyük Azərbaycan naminə Əziz Əliyev” kitabının oxucusu bu qənaətə gəlir ki, Əziz Əliyev Azərbaycanın XX əsr tarixində silinməz iz qoymuş şəxsiyyətlərdən biridir. Onun dövlət xadimi kimi prinsipiallığı, alim kimi novatorluğu, pedaqoq kimi fədakarlığı Azərbaycanın elm və təhsil sisteminin inkişafında mühüm rol oynayıb.
Əliyusif Məmmədov,
“Xalq qəzeti”