“Vətən oğulsuz olmasın” kitabının təqdimat mərasimi
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Vətən oğulsuz olmasın” kitabının təqdimat mərasimi keçirilib. Tədbirdə mədəniyyət, ədəbiyyat, ictimaiyyət, media və şəhid ailələrinin nümayəndələri, tələbə-gənclər iştirak edib.
Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş Qarabağ müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin sədri, Kəlağayı muzeyinin direktoru, şair-publisist Güllü Eldar Tomarlı təqdimatı keçirilən “Vətən oğulsuz olmasın” kitabının Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində nəşr edildiyini və ilk təqdimatının M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında keçirildiyini qeyd etdi. Güllü Tomarlı kitabda Ulu Öndərin Xalq şairi Mirvarid Dilbazi ilə görüşündə söylənilən nitqlərin, səsləndirilən fikirlərin, Mirvarid xanımın xalqın müdrik oğluna həsr etdiyi şeirlərin toplandığını bildirərək, kitabın növbəti təqdimatlarının Sabirabad, Bərdə, Ağsu və digər bölgələrdə keçiriləcəyini söylədi.
Kitabxananın Elmi işlər üzrə direktor müavini Günay Həsənova tədbir iştirakçılarını salamlayaraq Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində Respublika Gənclər Kitabxanasında həyata keçirilən layihələr, təşkil edilən tədbirlər, kitab təqdimatları, hazırlanan materiallar haqqında geniş məlumat verdi. Ulu Öndərin ədəbiyyat, mədəniyyət, poeziya sahəsinə olan qayğısından, şair və yazıçılara olan dərin hörmət və ehtiramından söhbət açaraq, “Vətən oğulsuz olmasın” kitabında toplanan faktların tarixi əhəmiyyət daşıdığını, Ulu Öndərin Xalq şairinə olan xoş münasibətinin bariz nümunəsi olduğunu bildirdi. Uzun illər Qarabağ həsrətilə yaşayan Mirvarid Dilbazinin xalqımıza Zəfər Tarixini yaşadan, Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən cənab Prezidentin yüksək diplomatik siyasəti, Müzəffər ordumuzun şücaəti və bütöv xalqımızın birliyi ilə qazanılan qələbə sayəsində bugün ruhunun şad olduğunu bildirdi.
Mirvarid Dilbazinin qızı Xatirə Dilbazi çıxışında Ümummilli Liderin hər zaman Vətənə, xalqa məhəbbət kimi mənəvi keyfiyyətlərin aşılanmasında ədəbiyyatın rolunu önə çəkdiyini bildirərək, şair və yazıçılar tərəfindən ədəbiyyatımızın böyük hamisinə minlərlə nəzm və nəsr nümunələrinin həsr olunduğunu bildirdi. Mirvarid Dilbazinin Ulu Öndərə həsr olunmuş qiymətli ədəbi nümunələr yaradan ilk şairələrdən biri olduğunu dilə gətirərək, anası ilə bağlı xatirələrindən danışdı.
Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Aşıqlar Birliyinin üzvü, Gürcüstanın Şərəf ordenli şairi Səadət Buta Ulu öndər Heydər Əliyevin daima mədəniyyətimizin, ədəbiyyatımızın, milli-mənəvi dəyərlərimizin qorunması, inkişafı və gələcək nəsillərə ötürülməsi məsələsinə xüsusi həssaslıqla yanaşmasından, Azərbaycan mədəniyyətinin inciləri hesab edilən poeziya, muğam, aşıq sənətinin inkişafına göstərdiyi diqqət və qayğıdan söhbət açdı.
Tədbidə “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin idarə heyətinin üzvləri Tərxanım Museyibqızı, Lilpar Qəzənfər, şairə Brilliant Atəş, Mirvarid Dilbazinin ailə üzvləri, Rusiya və Dünya Azərbaycan Qadınları İctimai Birliyinin nümayəndələri çıxış edərək kitabla bağlı fikirlərini söyləyərək, bu səpkili tədbirlərin, kitab təqdimalarının, müəllif görüşlərinin kitabxanalarda, kitab məbədlərində keçirilməsi əhəmiyyətindən danışdılar. Tədbir boyunca bəstəkar, müğənni Yaqut Almazın ifasında Mirvarid Dilbazinin sözlərinə bəstələnmiş mahnılar, şeirlər səsləndirildi.
Tədbirin sonunda “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin sədri Güllü Eldar Tomarlı “Vətən oğulsuz olmasın” kitabını Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasına hədiyyə etdi və tədbirin təşkilinə görə əməyi keçən hər bir kəsə öz dərin təşəkkürünü bildirdi.
















