“Vətən fədailəri” kitabının təqdimat mərasimi
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında uzun illər Zaqatala rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru vəzifəsində çalışmış Gülniyar Qurbanqızının müəllifi olduğu Zaqatala rayonu şəhidlərinə və döyüşçülərinə həsr olunmuş, birinci və 44 günlük Vətən müharibəsini özündə əks etdirən “Vətən fədailəri-I” və “Vətən fədailəri-II” kitablarının təqdimat mərasimi keçirilib. Tədbirdə Azərbaycan Ədəbiyyat Fondunun Baş direktoru, Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü, Avrasiya Millətlər Assambleyası Ədəbiyyat Şurasının həmsədri Varis Yolçuyev, tanınmış yazıçı, tarixi romanların müəllifi Yunus Oğuz, Vətən Müharibəsi iştirakçıları, şəhid ailələri, Bakı Dövlət Universitetinin İnformasiya və sənəd menecmenti fakültəsinin tələbələri və kitabxana əməkdaşları iştirak edib.
Tədbir Ulu Öndər Heydər Əliyevin və dövlətin müstəqilliyi, ərazi bütövlüyü uğrunda canını fəda etmiş qəhrəman Azərbaycan oğullarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.
Tədbiri giriş sözü ilə açan kitabxananın direktoru Aslan Cəfərov Şanlı Zəfər tarixinə nəzər salaraq, böyük Sərkərdə, Ali Baş Komandan cənab Prezident İlham Əliyevin müdrik siyasəti, rəşadət göstərən əsgər və zabitlərimizin qəhrəmanlığı, xalqın birlik və həmrəyliyi sayəsində düşmənə sarsıdıcı zərbələr endirildiyini və bununla da, tariximizə yeni bir səhifənin yazıldığını, şəhidlərimizin qisasının alındığını söylədi. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş Azərbaycan oğullarının qəhrəmanlıq dolu həyat hekayələrinin böyüməkdə olan gənclərə bir örnək olduğunu bildirərək, bu mövzuda qələmə alınan əsərlərin əhəmiyyətindən danışdı. Gülniyar Qurbanqızının müəllifi olduğu “Vətən fədailəri” kitablarının bədii dəyərini, gələcəkdə bir çox ali və orta məktəblərin, kitabxanaların rəflərini bəzəyəcəyini qeyd etdi. Respublika Gənclər Kitabxanasının hərbi vətənpərvərlik mövzusunda həyata keçirilən “Şanlı Zəfər tarixinin qəhrəmanları” layihəsi çərçivəsində aparılan işlərdən, keçirilən tədbirlərdən danişaraq, kitabxanaların, mədəniyyət ocaqlarının bu səpkili tədbirlərin təşkili və təbliği baxımından müstəsna əhəmiyyətə malik olduğunu bildirdi.
Yazıçı Yunus Oğuz bu gün Şanlı Zəfər tarixini yazan qəhrəmanların həyat və döyüş yolunu əks etdirən hər bir ədəbiyyat nümunəsinə ehtiyacın olduğunu bildirdi. “Tarix yazan” qəhrəman oğullar sayəsində Azərbaycan xalqının qırılmış qürur və iradəsinin bərpa olunduğunu, milli ruhumuzun geri qaytarıldığını söylədi. Şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi, uzun illər qəlblərdə yaşaması və gələcək nəsillərə ötürülməsi üçün onların qəhrəmanlıq yolunun, döyüş xatirələrinin gələcəkdə dərsliklərə salınması, məktəblərdə tədris olunması, ssenarilərin yazılması və filmlərin çəkilməsi zəruriyyətindən danışdı.
Azərbaycan Ədəbiyyat Fondunun Baş direktoru, yazıçı Varis Yolçuyev Şanlı Zəfər tarixini bütün çalarları, qalibiyyəti ilə təsvir edəcək nəzm və nəsr nümunələrinin yazıldığını və gələcəkdə də yazılacağı əminliyini dilə gətirdi. Qarabağ uğrunda gedən 44 günlük Vətən savaşında tarix yaradanların sırasında yer alan, əzəli Azərbaycan torpağı olan Qarabağ uğrunda gedən döyüşlərdə düşmənə qarşı mərdliklə vuruşan qəhrəmanlarımız haqqında məhz belə bölgələrə bölünməklə məlumatların toplanması və sonradan kitab formasında çap olunmasının olduqca təqdirəlayiq olduğunu bildirərək, belə olduğu təqdirdə bütün şəhidlərin yad olunacağı və onlar haqqında məlumatların qorunub saxlanılacağını bildirdi.
Vətən Müharibəsi iştirakçıları qazi, mayor Hümbətov Yusif, baş leytenant Fərzəliyev Pətərək, qazi Səttarov Vüsal döyüş xatirələrini tədbir iştirakçıları ilə bölüşərək, yüzlərlə poladların, mübarizlərin, xudayarların qisasının döyüş meydanında alındığını, şəhidlərimizin qanlarının yerdə qalmadığını böyük qürur hissi ilə dilə gətirdilər. Gülniyar xanımın böyük sevgi, təmkin və peşəkarlıqla qələmə aldığı “Vətən fədailəri” I və II cildlik kitablarında onları riqqətə gətirən, keçmiş xatirələri hafizədə canlandıran səhnələr haqqında danışdılar. Kitabın böyük sevgi ilə yazıldığını və çox maraqlı üsluba malik olduğunu bildirdilər.
Şəhid Sayad Hacıyevin ailə üzvləri oğullarının ali məqam olan şəhidlik zirvəsi ilə qürur duyduqlarını, yüzlərlə qəhrəmanın qanı bahasına geri qaytarılan torpaqların gələcək nəsillər tərəfindən qorunmalı olduğunu bildirdilər.
Kitabxananın əməkdaşı Lamiə Sarıyeva Vətənin ərazi bütövlüyü, xalqımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan bütün qəhrəman oğullarımızın daim Azərbaycan xalqının qəlbində yaşayacağını bildirdi. Gənclərin Azərbaycanın şanlı döyüş yolunun, tarixi həqiqətlərinin beynəlxalq aləmdə tanıdılması yönümündə daim çalışmalı, yaşadıqları ölkənin qədim tarixini, mədəniyyətini, ədəbiyyatını mükəmməl bilməli olduqlarını söylədi.
Kitabın müəllifi Gülniyar Qurbanqızı adını Azərbaycanın Şanlı Zəfər tarixinə qızıl hərflərlə yazmış qəhrəmanlardan bəhs edən bu kitabın yazılmasında iştirak edən şahid ailələrinə dərin hörmət və ehtiramını bildirərək, bu uzun və məsuliyyətli yolun sonunda belə bir kitabın ərsəyə gəlməsinin özünə, xalqına bir Vətən sevgisi töhfəsi olduğunu bildirdi. Tədbirin məhz mədəniyyət ocağı olan Gənclər Kitabxanasında təşkil olunmasından böyük məmnunluq hissi duyduğunu qeyd etdi, tədbirin təşkilinə, kitabxana əməkdaşları tərəfindən hazırlanan təqdimata görə kitabxanaya öz dərin minnətdarlığını bildirdi.
Tədbirin sonunda xatirə şəkli çəkdirildi.




















