26 avqust, 2024
Paylaş:

Vanqa

Onun illər öncə verdiyi proqnozlar müasir dövrümüzdə də maraqla qarşılanır. Hələ ötən əsrin ortalarından illəri qabaqlayaraq gələcəkdə hansı hadisələrin baş verəcəyindən xəbər verən bu qadının bir çox proqnozları təsadüfdənmi, ya qeyri-adi öngörücülükdənmi həqiqətə çevrilib. Söhbət Beriyanın həbs etdirdiyi, Amerikanın oğurlamaq istədiyi, Hitlerin, Stalinin ölümünü öncədən görən Vanqadan gedir...

Vanqa Makedoniya Respublikası ərazisində anadan olub. Əsl adı Vangelia Pandevadır. Vaxtından əvvəl dünyaya gəldiyi üçün yaşayıb-yaşamayacağı bəlli olmayıb. Buna görə də, ənənəyə uyğun olaraq ona ad qoyulmayıb. Yalnız ilk dəfə qışqırıb səs çıxardıqdan sonra ona bolqar sözü "evangelosa" bənzər Vangelia adı qoyulub. O, həyatının böyük hissəsini Bolqarıstanın Kozxux dağlarında keçirib. Dünyagörüşünə görə herbalist (təbiətçi) olan Vanqanı milyonlarla insan paranormal istedadı olan biri kimi tanıyıb. Mavi gözlü, sarı saçlı normal qız uşağı olan bu xanımın həyatının dönüş nöqtəsinə bir qasırğa səbəb olub. Deyilənə görə, günlərin birində rəfiqələrilə gəzişən Vanqa anidən göy üzünü qara buludun aldığını görür. Havanın dəyişdiyini görüb, kəndə tərəf qaçan qızların arasından Vanqanı qasırğa ağuşuna alır. Sonradan görücü özü bu haqda deyirmiş: "Qasırğa məni sararkən elə bil başıma kiminsə əlinin toxunduğunu hiss elədim. Sonra heç nə xatırlamadım. Bir də gözümü açdım ki, yerdəyəm, başımda, gözümdə dəhşətli ağrılar var...".

Həmin qasırğa kiçik qızcığazı yaşadığı yerdən 2 kilometr uzağa atıb. Tapıldığında gözləri qum və toz dənələri ilə dolduğu üçün görmə qabiliyyətini itirib. Üzərində əməliyyat aparılsa da, bir daha görmə qabiliyyəti bərpa olunmayıb. Ancaq Vanqanın kor olması barədə başqa bir versiya da irəli sürülür. Bolqar jurnalist Sveteslava Todorkova xüsusi icazə ilə arxivi qaldırıb və meteoroloji qeydlər arasında həmin dövrdə o bölgədə güclü qasırğa olub-olmadığını araşdırıb. Cavab xeyr! Belə bir qeyd olmayıb. Vanqa ilə bağlı bu hekayə yalan idi. Polis məlumatlarında həmin zamanda o bölgədə 12 yaşlı qızın zorlandığı qeyd olunub. Novoselo kəndində meşə kənarında qız aşkarlanıb. O qızın təcavüzə uğradığı və gözlərinin oyulduğu məlum olub. Bu hadisənin Vanqa ilə əlaqəli olduğu iddia edilir. Eyni ərazidə iki oxşar hadisə. Həkimlər gözünə qum dolan insanın göz bəbəyinin olmamasını qəbul etmir. Vanqanın göz bəbəklərinin olmadığı üçün onun gözlərinin oyulduğu iddiası daha inandırıcıdır. Ancaq təcavüz hadisəsinin yayılması Vanqanın nüfuzuna zərbə vura bilərdi. Məhz buna görə başqa bir ssenari ortaya atıldı. Vanqa haqqında yayılan məlumatlarda onun zorlanması barədə çox az informasiya var.

Deyilənə görə, Vanqa dünya işığına həsrət qalandan sonra bir dəfə yuxusunda görür ki, gözəl bir gənc atlı onlara gəlir. Paltarı bərq vuran, ətrafa işıq saçan bu atlı evin astanasından içəri girər-girməz deyir: "Yaxınlarda bütün dünya təlatümə gələcək. Saysız-hesabsız insanlar qırılacaq. Sən insanların taleyi və ölümünü biləcəksən. Qorxma, hər vaxt sənin yanında olacam. Sən insanlara mənim sözlərimi çatdıracaqsan". Doğrudan da Vanqa sonralar dünyanın ən məşhur bilicilərindən biri olur.

Qısa zamanda bütün dünyada tanınmağa başlayan bu xanım dövlət başçılarının da diqqətindən kənarda qalmayıb. Bir çox dövlət başçıları açıq, yaxud da gizli şəkildə Vanqanın yanında olublar, onun proqnozlarını eşitmək istəyiblər. Onun siyasi proqnozlarına qarşı fikirlər birmənalı qarşılanmayıb. Fakt odur ki, ona inananlar da, inanmayanlar da bu proqnozlara biganə qalmayıblar. Məsələn, bəzi amerikalı alimlər Vanqanın yazıları oxumadan bir sənəd haqqında söylədiyi fikirlərin dəqiqliyini təsdiqləyiblər. Yəni Vanqa bir sənədi oxumadan orada yazılanlar və həmin sənədin icrasının gələcək nəticələri haqqında fikir söyləməyi bacarıb. Bir çoxları isə bunu absurd adlandırıb. Amma fakt odur ki, bu "bacarığına" görə ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi Vanqanı "oğurlayıb" öz xidmətlərinə cəlb etmək haqqında da düşünüblər. Siyasi proseslər haqqında proqnozlar verməsi Vanqaya böyük problemlər yaradıb. Düzdür, bir müddət ona toxunmayıblar. Buna səbəb isə Vanqanın qardaşı Vasilin partizan hərəkatında olduğu zaman göstərdiyi qəhrəmanlıq olub. Bu fakt Vanqanı bir müddət təzyiqlərdən qoruyub. Onun bir çox proqnozları özünü doğruldub. 1941-ci ilin yazında Vanqa nasist rəhbərlərinə müraciət edib. O bildirib ki, Almaniyanın SSRİ-yə hücumu Hitlerin ölümü ilə nəticələnəcək. Məşhur görücü Stalin haqqında dediyi sözlərə görə həbsxanaya düşüb. O, Stalinin ömrünə altı ay qaldığı haqqında fikir söyləyib. Vanqanın bu proqnozunu Stalinə çatdırıblar və bir neçə gün sonra o, həbs olunub. Bəzi versiyalara görə Vanqanın həbsini Stalinin göstərişi ilə Lavrenti Beriya gerçəkləşdirib.

Həqiqətən də, verdiyi proqnozdan altı ay sonra sovet lideri vəfat edib. Stalinin dəfnindən bir neçə gün sonra Vanqa azadlığa buraxılıb. Vanqanın sonrakı həyatı sakitliklə ötüşüb. Kommunist rejiminin hökm sürməsinə baxmayaraq, Bolqarıstan Kommunist Partiyasının baş katibi Todor Jivkov Vanqanın xidmətlərini dövlət qulluğu reyestrinə salıb. Görücünün qəbuluna düşmək istəyən yerli sakinlər 10 lev, xarici vətəndaşlar isə 50 dollar ödəyiblər. Bu xidmətlə Vanqa Bolqarıstanın büdcəsinə 10 milyon ABŞ dollarından artıq vəsait köçürüb.

Vanqa Dimitar Guşterov adlı bir kişi ilə ailə qurub. Qısa müddət evli qalan cütlük Dimitarın Bolqarıstan ordusuna qatılması ilə ayrılmalı olub. O, alkoqolizm xəstəliyinə tutulub və vəfat edib. Məşhur görücü isə 85 yaşında "Lozinets" klinikasında döş xərçəngindən dünyasını dəyişib. Qeyd edək ki, o onkoloji xəstəlikdən müalicə olunarkən, döş nahiyəsində yaranmış şişlərin cərrahiyyə əməliyyatı vasitəsilə götürülməsindən imtina edib...

Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()