Valeri Çkalov
Qızıl Ordu səma qüvvələrinin komandiri, Sovet İttifaqı Qəhrəmanı məşhur pilot Valeri Çkalov...
Moskvadan Uzaq Şərqə 56 saatlıq uçuşla 9375 kilometr məsafə qət edərək dünyada rekord göstəriciyə imza atan bu əfsanəvi pilot 32 yaşında "Stalinin şahini" tituluna layiq görülüb... Bəlkə də o Stalinin Daxili İşlər naziri vəzifəsi təklifini qəbul etsəydi, onun müəmmalı ölümü ilə nəticələnən məşhur təyyarə qəzası baş verməyəcəkdi və biz indi Çkalovu qəhrəman pilot kimi deyil, cəllad kimi yadda saxlayacaqdıq...
Nijeqorodda anadan olan Valeri Çkalov yediillik təhsil illərində məktəbdə heç də yaxşı şagird kimi yadda qalmayıb. Dərsə davamiyyəti tez-tez pozan, davakarlığı ilə müəllimləri tərəfindən tənbeh edilən Valeri yalnız riyaziyyat fənni üzrə həmyaşıdlarından fərqlənib. Çkalov ilk dəfə 15 yaşında səmada təyyarə görəndə, onda aviasiya sahəsinə böyük maraq yaranıb və o, məktəbi bitirdikdən sonra öz arzusunun arxasınca gedib. Əvvəlcə orta texniki aviasiya məktəbində, sonra isə ali pilotlar hazırlayan hərbi hava qüvvələri akademiyasında təhsil alıb. Çox qısa zamanda hərbi aviasiya sahəsində tanınmış pilotlardan birinə çevrilən Valeri rekord göstəricilərə sahib olduqdan sonra xalq arasında böyük nüfuz qazanıb. Təsadüfi deyil ki, sınaq uçuşlarının 75-80 faizi ona həvalə edilib. İctimai fəallığı ilə də fərqlənən pilot, SSRİ Ali Sovetinə deputat seçilib. Sıravi sovet vətəndaşları Çkalova böyük inam bəsləyiblər. Ay ərzində yüzlərlə məktub alan Çkalov orada qeyd olunan problemləri, şikayətləri maksimum həll etməyə çalışıb. Təyyarəçiyə qarşı olan bu böyük sevgi Kremlin də diqqətindən yayınmayıb. Bir sıra dövlət məmurları Çkalova qısqanclıqla yanaşıblar.
Deyilənlərə görə, Çkalov fikirlərini açıq söyləməkdən, yüksək ranqlı məmurları tənqid etməkdən heç vaxt çəkinməyib. Stalinin sevimlisi olmasına baxmayaraq, o, sovet liderinə də lazım olan məqamlarda iradını bildirib.
Çkalov qış məzuniyyətində olarkən ona " İ-180" qırıcı təyyarəsinin sınaq uçuşu həvalə edilib. O, ezamiyyətdən geri qayıtsa da, sınaq uçuşu göstərilən tarixdə təxirə salınıb, səbəb göstərilib ki, təyyarə istismara tam hazır deyil. Nəhayət, qısa müddət sonra sınaq uçuşu baş tutub. Həmin gün havanın temperaturu mənfi 25 dərəcəyə çatıb. Aerodromun üzərində birinci dövrədə uçuş normal keçib, ikinci dövrəni vurduqdan sonra Çkalov eniş etmək istəyəndə mühərrik dayanıb. Təcrübəli pilot yerdən 100 metr hündürlüyə olan məsafəyə qədər təyyarənin müvazinətini saxlaya bilib, çalışıb ki, təyyarə ətrafdakı tikililərin üzərinə düşməsin. O, xilas üçün bütün mümkün variantlardan istifadə etsə də, sonda təyyarə elektrik dirəklərinə dəyərək zərbə ilə yerə çırpılıb. Dərhal xəstəxanaya çatdırılan pilot həkimlərin səyinə baxmayaraq, iki saatdan sonra aldığı zədələrdən keçinib.
Hadisə ilə bağlı bir neçə komissiya yaradılıb. Komissiyaların işinə Stalin şəxsən nəzarət edib. Bütün komissiyaların rəyi təxminən eyni olub: təyyarədə nasazlıq, temperaturun mənfi 25 dərəcə olması və bunun nəticəsində də mühərrikdə yaranan problem. Mütəxəssislərlə yanaşı, pilotun yaxınları və bir sıra dövlət məmurları komissiyaların rəyləri ilə razılaşmayıblar. Uzun illər Çkalovun ölümü haqqında fərqli versiyalar səsləndirilib, məsələ gərgin mübahisələrə səbəb olub.
Versiyaların birinə görə, "İ-180" qırıcısı sınaq uçuşuna hazır olmayıb. Güman edilir ki, bu, Çkalovu aradan götürmək üçün qəsdən edilib. Şübhəli məqamlardan digəri isə o sayılıb ki, sınaq uçuşunun tarixi dəyişdirilib və dəyişikliyi Lavrenti Beriyanın göstərişi ilə ediblər.
Digər versiyaya görə, Stalin sevimli pilotunu özü aradan götürüb. Belə ki, hadisədən 7-8 ay əvvəl Stalin Çkalova "NKVD"nin başçısı olmağı təklif edib.
Çkalovun qanlı repressiya illərində ölkənin baş cəlladı olmaqdan imtina etməsi Stalinin qəzəbinə səbəb olub. Diqqətçəkən məqamlardan biri də o olub ki, Çkalov "NKVD" rəhbərliyindən imtina edəndən sonra bir neçə dəfə ona qarşı sui-qəsdə cəhd edilib. Bu isə o deməkdir ki, Çkalovun sınaq uçuşu zamanı aradan götürülməsi əvvəlcədən planlaşdırılmış məsələ olub. Sonralar pilotun qızı atasının ölümündə Stalini və Beriyanı ittiham edib. O, atasının nüfuzu, ona olan xalq sevgisinin Kremli hədsiz dərəcədə narahat etdiyini bildirib.
1930-cu illərin digər müəmmalı hadisələri kimi, Çkalovun ölümü də qaranlıq qalıb. Stalinin göstərişi ilə dəfn mərasimi yüksək səviyyədə keçirilən 34 yaşlı pilotun yandırılmış nəşinin külü Kreml divarlarına yerləşdirilib, üzərinə xatirə lövhəsi vurulub. Qəhrəman pilotun adına şəhər, qəsəbə, küçə, məktəb adları verilib, bir neçə yerdə abidəsi, büstü qoyulub, haqqında filmlər çəkilib, kitablar yazılıb. Amma bütün bunlara baxmayaraq, SSRİ-nin 1 nömrəli pilotunun ölümü ilə bağlı müəmmalara aydınlıq gətirilməyib...
Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.