26 sentyabr, 2022
Paylaş:

Uolt Disney

Elə adlar var ki, onların adını dilə gətirəndə böyükdən kiçiyə hər kəsin çöhrəsində təbəssüm yaranır. Uolt Disney də belələrindəndir. Onun adını eşidən kimi hamı ilk olaraq əfsanəvi Mikki Mausu, simic Skruc Makdakı xatırlayır və mütləq gülümsəyir...

Çoxuşaqlı, kasıb bir ailədə dünyaya göz açan Disney uşaqlıqdan incəsənət aləminə, rəsm çəkməyə meyilli idi. Lakin ona  qələm, kağız, boya almağa valideynlərinin imkanı olmurdu. Ona görə 4 yaşlı uşaq evlərinin divarını kömürlə çəkdiyi şəkillərlə bəzəyərdi. 3 il sonra çəkdiyi rəsmləri qonşulara sata biləcəkdi. Hətta ilk dəfə çəkdiyi  bir at şəklini 25 dollara, 40 il sonra isə həmin cızma-qaralardan biri hərracda ağlagəlməz qiymətə satılacaqdı...

Balaca Uolt 8 yaşından etibarən 6 il ərzində  hər gün səhər 4-ün yarısında durub poçtalyonluq edirdi. Çünki atasının qəzetpaylayan "firmasında" cəmi iki işçi - Uolt və ondan 8 yaş böyük olan qardaşı Roy işləyirdi. Oxucuların səhər yeməyində qəzet oxuması üçün Uolt hər gün saat dördün yarısı iş başında olmalıydı. Gözünün acısını da o, yalnız məktəbdə, parta arxasında ala bilirdi. Amma insafsız atası uşaqlarını möhkəm döyür, bütün qazandığı pulları əllərindən alırdı. Öz zirəkliyi ilə seçilən Disney "şef"indən gizlin, ikiqat artıq iş götürür və əlavə qazandığını cibinə qoyurdu. 17 yaşlı Uolt  müharibə dövründə əlinə keçən qənimətləri, kaskaları əzib, rəngləyib suvenir kimi satırdı.

Dostları, eləcə də Uolt nədənsə əmin idi ki, o, mütləq aktyor olmalıdı. Bu arzusunun ardınca Hollivuda yollanan Disney orada kütləvi səhnələrdə kiçicik rollar oynayır. Amma cizgi filmi yaratmaq həvəsi ona rahatlıq vermirdi. Nəhayət,  əmisinin qarajını icarəyə götürüb lazımi avadanlıqları borca alıb, qardaşı Roy ilə birgə "Disney Brothers" studiyasını yaradır. İlk cizgi filmi - "Alisa möcüzələr adasında" satılandan sonra isə o, studiyanın adını "Uolt Disney prodakşn" qoyur. Onun bioqrafiyasında dönüş nöqtəsini isə siçan Mikki Mausu yaratdığı gündən saymaq olar.

Hərdənbir başı işdən ayılan Uolt evlənmək haqqında da düşünürdü. Özünə söz vermişdi ki, 25 yaşı və bankda 10 min dolları olmamış evlənməyəcək. Lakin sözünün üstündə dura bilmədi. Evlənəndə 24 yaşı vardı, cibində isə qara qəpiyi də yox idi. Öz  studiyasında çalışan Lillian Baunds adlı qızla evlənən Disney sonralar xanımına belə deyərdi: "Mənimlə razılaşarsız ki, məhəbbət də ətrafdakı əşyalara çox bənzəyir. Səndə bu yoxdursa, onu heç kimə verə bilməzsən".

Sonralar qızları ilə birgə gəzintiyə çıxan Disneyi  Amerikada ailəvi istirahət üçün fərli bir yerin olmaması düşündürürdü. Bu səbəbdən "Disneylənd" parkını tikdirmək qərarına gəlir və bununla da 53 yaşında milyarderə çevrilir.

Əli pula çatandan sonra isə o, valideynlərinə malikanə alıb bağışlayır. Amma evin qaz boruları çox pis vəziyyətdə olduğundan evdəkilər dəm qazından zəhərlənirlər. Atasını xilas etmək mümkün olsa da, anası vəfat edir. Sonralar illər uzunu o, özünü anasının ölümündə günahkar sayırdı. Axı o, niyə simiclik edib boruları təmir elətdirməmişdi?!

Disney heç vaxt demokratik baxışlarıyla seçilməyib. Bəzi rejissorlar faşizmi pisləyəndə, o, yəhudilərə açıq-aydın nifrətini bildirməkdən çəkinməzdi.

Əyyaşlığı, günə üç qutu siqaret çəkməsi, aktrisalarla romanları belə onu gözdən salmırdı. Hətta 55 yaşında da oyuncaq dəmir yoluyla oynayan Disney bu əyləncəsini imperiyasının modeli adlandırırdı.

65 illik yubileyindən az müddət sonra Uolt Disney ağciyər xərçəngindən vəfat etmişdir. Həmişə xoşbəxt sonluğu çox sevən sənətçi ömrünün sonlarına yaxın   "Mən pis əhvalın nə olduğunu bilmirəm və çox xoşbəxt adamam" - deyirmiş...

Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür. 

 

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()