23 aprel, 2026
Paylaş:

Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş ekskursiya

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə maarifləndirici ekskursiya təşkil edilib. Tədbirdə Yasamal rayonu 133 nömrəli tam orta məktəbin şagirdləri iştirak ediblər.

Ekskursiya zamanı kitabxananın direktoru Aslan Cəfərov mütaliənin gənc nəslin dünyagörüşünün formalaşmasında mühüm rol oynadığını vurğulamış, kitab insanı düşünən, araşdıran və inkişaf edən bir fərd kimi yetişdirdiyini qeyd etmiş və eyni zamanda müəllif hüquqlarının qorunmasının əhəmiyyətinə toxunaraq bildirmişdir ki, hər bir əsərin arxasında müəllifin böyük zəhməti dayanır və bu zəhmətə hörmətlə yanaşmaq hər bir vətəndaşın borcudur. Həmçinin çıxışında kitabxanaların müasir funksiyalarından da bəhs edərək qeyd etmişdir ki, bu gün kitabxanalar yalnız kitabların qorunduğu məkan deyil, həm də informasiya, bilik və innovasiya mərkəzləri kimi fəaliyyət göstərir. O, şagirdləri kitabxanadan fəal istifadə etməyə, mütaliəni həyatlarının ayrılmaz hissəsinə çevirməyə çağırmışdır.

Ekskursiya çərçivəsində şagirdlərə Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününün tarixi və əhəmiyyəti barədə də ətraflı məlumat verilib, məktəblilər kitabxananın fəaliyyəti ilə yaxından tanış olublar. Onlara kitabxananın Oxu zalı, Xidmət şöbəsi və Musiqi otağı təqdim edilib, burada oxucular üçün yaradılmış müasir şərait nümayiş etdirilib. Şagirdlər kitabxananın zəngin fondu, nadir nəşrləri və Brayl əlifbası ilə çap olunmuş kitablar haqqında geniş məlumat əldə ediblər.

Ekskursiya zamanı iştirakçılara kitabxanadan istifadə qaydaları izah olunub, eyni zamanda oxucular üçün təqdim edilən pulsuz internet xidməti, elektron kitabxana, elektron kataloq və müxtəlif elektron məlumat bazaları nümayiş etdirilib. Şagirdlər kitabxananın rəsmi saytı və son dövrlərdə süni intellekt vasitəsilə hazırlanmış innovativ materiallarla da tanış olublar.

Tədbirin sonunda şagirdlərlə birlikdə ekskursiyada iştirak edən müəllimə Hüseynova Səhrayə və məktəbin kitabxanaçısı Yusifova Vüsalə yaradılmış şəraitə görə kitabxananın kollektivinə təşəkkürlərini bildiriblər. Onlar qeyd ediblər ki, bu cür maarifləndirici tədbirlər gənc nəslin kitaba marağının artırılmasında, mütaliə vərdişlərinin inkişaf etdirilməsində və müəllif hüquqlarına hörmət hissinin formalaşmasında mühüm rol oynayır.

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()