08 iyun, 2023
Paylaş:

Ulu Öndər və mədəniyyət

Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir.

Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər ƏLİYEV, Ümummilli Lider.

 Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2023-cü il "Heydər Əliyev İli" elan edilib. Ölkəmizdə və onun hüdudlarından kənarda bu böyük insanın 100 illik yubileyi geniş şəkildə qeyd olunur.

Azərbaycanın ən çətin, dramatik dövründə böyük şəxsiyyət, millətin xilaskarı, dünya miqyaslı dövlət xadimi Heydər Əliyev siyasi səhnəyə çıxdı. Bu, Azərbaycan xalqının böyük xoşbəxtliyi idi. Heydər Əliyev tənəzzülə uğramış Vətənimizi böyük bəlalardan qurtarıb, bütün sahələrdə islahatlara başladı.

Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə mədəniyyətə xüsusi həssaslıqla yanaşırdı. Qədim Azərbaycan mədəniyyətinin inkişafı sahəsində onun çoxşaxəli fəaliyyəti əsl renessans yaratdı! Qeyd etdiyimiz kimi, bu renessans təkcə müstəqil Azərbaycan dövlətçiliyinin yaranması və inkişafı dövrünü əhatə etmir. Bunun başlanğıcı Heydər Əliyevin ötən əsrin 60-cı illərinin sonlarında hakimiyyətə gəldiyi vaxta təsadüf edir. Məhz həmin dövrdən başlayaraq mədəniyyətin bütün sahələri çiçəklənmə dövrünü yaşayır.

Ulu Öndər Heydər Əliyevin digər sahələrdə olduğu kimi, mədəniyyət, incəsənət, musiqi, teatr, kino sahələrindəki xidmətləri də misilsiz olmuşdur.

Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə "Kitabi-Dədə Qorqud" qədim yazılı abidəsinin, Füzuli, Nəsimi kimi korifey sənətkarların dünya miqyasında yubileyləri keçirilib.

1969-1982-ci illərdə Ulu Öndər Azərbaycana rəhbərlik etdiyi zaman mədəniyyət və incəsənət xadimlərinin 10 nəfərdən çoxuna Sosialist Əməyi Qəhrəmanı adı verilmişdir. Onların arasında Xalq şairləri Süleyman Rüstəm, Rəsul Rza, Xalq yazıçıları Mirzə İbrahimov, Süleyman Rəhimov, Xalq artistləri Qara Qarayev, Niyazi, Fikrət Əmirov, Rəşid Behbudov, Xalq memarı Mikayıl Hüseynov kimi böyük sənətkarlar olmuşdur. Həmin illərdə Adil İsgəndərov, Mehdi Məmmədov, Tofiq Kazımov, Soltan Hacıbəyov, İsmayıl Osmanlı, İsmayıl Dağıstanlı, Rauf Hacıyev, Qəmər Almaszadə, Müslüm Maqomayev, Zeynəb Xanlarova, Nəsibə Zeynalova, Fidan Qasımova, Fərhad Bədəlbəyli, Lütfiyar İmanov, Arif Məlikov və başqa sənət ulduzları Xalq artisti Tahir Salahov isə SSRİ Xalq rəssamı fəxri adlarına layiq görülmüşdülər.

Şair və yazıçıların yaradıcılığına Ulu Öndərimiz həssaslıqla yanaşaraq onları daima dəstəkləyir və qayğı ilə əhatə edirdi. Heydər Əliyev Bəxtiyar Vahabzadəni, Xəlil Rzanı daim müdafiə edərək, onların yaradıcılığının inkişafına təkan vermişdir.

İncəsənətin inkişafına xüsusi önəm verən Ulu Öndər baletlə bağlı dəfələrlə məşhur balerina, SSRİ Xalq artisti Qəmər Almaszadə ilə müzakirələr aparmış, həmin illərdə Bakıda Xoreoqrafiya məktəbinin yeni binası da inşa edilmişdir.

Heydər Əliyevin SSRİ-də yüksək nüfuzunun təzahürü kimi 1980-ci ildə bəstəkar Fikrət Əmirovun "Min bir gecə" baleti Moskvada Kremlin Qurultaylar Sarayında səhnəyə qoyulmuş və elə həmin ildə Fikrət Əmirova SSRİ Dövlət mükafatı verilmişdir.

O zaman gənc muğam ifaçıları-xanəndələr Ağaxan Abdullayevə, Məmmədbağır Bağırzadəyə, Zaur Rzayevə, Nisə Qasımovaya, Kəmalə Rəhimliyə, Səkinə İsmayılovaya və başqalarına da dövlət qayğısı göstərilirdi.

Heydər Əliyev bütün konsert və teatr tamaşalarından sonra səhnə arxasına keçərək sənət adamları ilə bir-bir görüşür, onların problemləri ilə maraqlanırdı. O, əsl rəhbər, qayğıkeş insan idi.

Kinonun və filmoqrafiyanın inkişafına Heydər Əliyev xüsusi diqqət yetirirdi. Həmin dövrdə vətənpərvərlik mövzusunda olan və çox böyük populyarlıq qazanan "Babək", "Nəsimi", "Dədə Qorqud" və başqa maraqlı filmlər çəkilmişdir.

Ulu Öndərin maddi və mənəvi sərvətimiz olan xalçaçılığın inkişafında da böyük xidmətləri var.

Heydər Əliyevin tariximizə, mədəniyyətimizə olan yüksək ehtiramının rəmzi kimi Bakının ən görkəmli yerlərində İmadəddin Nəsiminin, Cəfər Cabbarlının, Mikayıl Müşfiqin, Nəriman Nərimanovun, Mehdi Hüseynzadənin, Rixard Zorgenin və başqalarının heykəlləri ucaldıldı, Şuşada Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün büstlərinin açılışı oldu. Heydər Əliyev uzaq Sibirin İrkutsk vilayətindən böyük şair Hüseyn Cavidin cənazəsinin doğma yurdu Naxçıvana gətirilməsinə və Naxçıvanda Hüseyn Cavidin məqbərəsinin ucaldılmasına, Bakıda isə onun ev-muzeyinin yaradılmasına nail olmuşdur.

Heydər Əliyevin təşəbbüsü ilə Bakıda və Azərbaycanın bir sıra şəhərlərində ev-muzeyləri yaradılmışdır (Nəriman Nərimanovun, Bülbülün, Cəfər Cabbarlının, Abdulla Şaiqin, Səməd Vurğunun, Həzi Aslanovun və b.).

Azərbaycan xalqının Ümummilli Liderinin təşəbbüsü ilə inşa edilən "Gülüstan" sarayı, Ş.Məmmədova adına Opera Studiyası paytaxt Bakımızı gözəlləşdirən binalardan olmuşdur.

İkinci Dünya müharibəsi illərində yaradılan azərbaycanlılardan ibarət 416-cı Taqanroq diviziyasının şərəfinə Heydər Əliyevin təşəbbüsü ilə Taqanroq şəhərində abidə-kompleksi ucaldılmış, şəhidlərin xatirəsini əziz tutaraq Şəhidlər Xiyabanında Əbədi Məşəl abidəsi inşa edilmişdir.

Heydər Əliyev böyük siyasətçi kimi SSRİ-nin rəhbərlərindən biri olmuşdur. O, Siyasi büronun on bir üzvündən dördüncüsü idi. Azərbaycanlının bu cür yüksək kürsüdə təmsil olunması isə tarixdə ilk dəfə idi.

O, Moskvada SSRİ Nazirlər Sovetinin Birinci müavini vəzifəsində işləyən zaman 1986-cı ildə böyük şairimiz Səməd Vurğunun Moskvada 80 illik yubileyinin keçirilməsini təşkil etmişdir.

Heydər Əliyev Azərbaycan dilinə çox böyük önəm verərək hələ 1978-ci ildə Azərbaycan SSR-in Konstitusiyası qəbul edilən zaman orada Azərbaycan dilinin dövlət dili kimi qeyd olunmasına nail olmuş, ikinci dəfə hakimiyyətə qayıdandan sonra 1994-cü ildə Dil Komissiyasını yaratmış və gərgin müzakirələrdən sonra məhz onun sayəsində Konstitusiyamızda Azərbaycan türkcəsi, türk dili deyil, Azərbaycan dili dövlət dili statusunu almışdır.

Heydər Əliyev qeyd edirdi ki, biz öz simamızı, öz dilimizi, öz milli adətlərimizi qorumuş ölkəyik. "Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənələrini yaşatmalıdır!". Ulu Öndərin bu sözləri Azərbaycan xalqının həyat tərzinə çevrilməlidir.

Azərbaycançılıq - incə hisslər, fəlsəfi müdriklik, Şərq mədəniyyətinin zənginliyi deməkdir. Bu, 1300 il bundan əvvəl qələmə alınmış ölməz "Kitabi-Dədə Qorqud" xalq eposu, Molla Nəsrəddinin tükənməz yumoru, məxsusi təfəkkür deməkdir. Azərbaycançılıq - Koroğlu dastanında ifadə olunmuş şərəf kodeksidir: ləyaqət sərvətdən uca, şərəfsizlik ölümdən betər, ailə və övladlar - şöhrət və karyeradan üstündür.

Xalqın möhtəşəm və bənzərsiz mədəni impulsu onun görkəmli nümayəndələrinin zəkasında öz ifadəsini tapır. Müasir Azərbaycan dövlətçiliyinin xilaskarı və banisi olmuş Heydər Əliyev dəfələrlə deyirdi: "Mən fəxr edirəm ki, mən azərbaycanlıyam!"

Azərbaycan mədəniyyəti, onun zəngin ənənələri, Qərb ilə Şərq arasında unikal mövqeyi, bütün yenilikləri üzvi şəkildə mənimsəmək qabiliyyəti, onun tolerantlığı yeni Avropa identikliyinin formalaşmasının mühüm nümunəsidir. Azərbaycan mədəniyyəti gələcəyə istiqamətlənmişdir. XXI əsrdə məhz mədəniyyət millətin strateji resursuna çevrilir, Avrasiya məkanında sistem inteqrasiyasını müəyyən edir. Milli ənənələrdən irəli gələn ideyalar kompleksinin cəlbedici, rəqabətqabiliyyətli olmasını təmin etmək, beynəlxalq kontekstdə bu ideyalara tələbat yaratmaq strateji məsələdir.

Heydər Əliyev irsinin təbliğ edilməsi Avrasiya məkanında Azərbaycan mədəniyyətinin yayılmasının mühüm aspektlərindən biridir.

Azərbaycan Respublikasının Prezidenti, dünya səviyyəli görkəmli dövlət xadimi İlham Əliyevin rəhbərliyi ilə musiqi, təsviri incəsənət, xalçaçılıq, memarlıq və s. sahələrdə qazanılan bütün nailiyyətlər Heydər Əliyevin mədəni quruculuğu sahəsində aparılan siyasətin davamıdır.

2004-cü ildən ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevanın başçılıq etdiyi Fond Heydər Əliyevin adını daşıyır. Bu Fond mədəniyyətin, təhsilin, səhiyyənin, idmanın tərəqqisi sahəsində böyük işlər görmüşdür. Mehriban xanımın sayəsində Heydər Əliyev Fondu maarifləndirmə və sosial sahədə çoxsaylı layihələrin həyata keçirilməsində uğurla fəaliyyət göstərir.

Azərbaycan, onun gözəl paytaxtı Bakı beynəlxalq musiqi, festivallarının foto və təsviri incəsənət, xalçaçılıq və memarlıq sərgilərinin keçirildiyi mərkəzə çevrilmişdir. Və bu işlər uğurla davam edir.

Lətifə Məmmədova

"Respublika"

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()