Ulu Öndər Heydər Əliyevin yolu Vətənə və xalqa xidmət nümunəsidir
Azərbaycan xalqı tarixin müxtəlif dövrlərində çətin, ağır sınaqlarla üz-üzə qalsa da, heç zaman haqqının qorunması, hüquqlarının müdafiəsi uğrunda mübarizəsindən imtina etməmişdir. Əksinə, ağrı-acılar xalqı bir-birinə daha sıx birləşdirmişdir. Qətiyyət və cəsarət, nəhayət, özünün qalibiyyəti ilə nəticələndi. 30 avqust 1991-ci ildə Azərbaycan parlamentinin - Ali Sovetin növbədənkənar sessiyasında “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Bəyannamə qəbul etdi. Bəyannamədə Azərbaycan Respublikasının 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu vurğulanırdı. Təəssüflər olsun ki, bəzi qüvvələr çətinliklə qurulan müstəqilliyi hakimiyyət uğrunda savaşa qurban verməyə çalışdılar. Ötən əsrin 90-cı illərin əvvəllərində Azərbaycanda bütün sahələrdə hərc-mərclik, özbaşınalıq, xaos hökm sürürdü. Hakimiyyətdə olan AXC- Müsavat cütlüyü mövcud vəziyyəti aradan qaldırmaqdansa, haqq uğrunda səsini qaldıran xalqın səsini batırmağa çalışırdı. Hətta küçələrə çıxan insanlara atəş açmaqdan, həbs edib, türmələrə atmaqdan çəkinmirdilər. Vəziyyətin idarəolunmaz dərəcədə kritik olmasından istifadə edən Ermənistan ardıcıl olaraq Azərbaycanın torpaqlarını işğal edirdi.
Azərbaycan xalqının ümid yeri Ümummilli Liderimiz Heydər Əliyev idi
O zaman vəziyyət o qədər çətin və ağır həddə çatmışdır ki, ölkəmiz müstəqil dövlət kimi dünya xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qalmışdı. Azərbaycanı belə çətin vəziyyətdən xilas etmək üçün yeni bir siyasi təşkilatın yaradılmasına ehtiyac vardı. Hər zaman olduğu kimi, bu dəfə də Azərbaycan xalqının ümid yeri Ümummilli Liderimiz Heydər Əliyev idi. Məhz bu məqsədlə 1992-ci il oktyabr ayının 16-da 91 nəfər Azərbaycan ziyalısı yeni bir siyasi partiyanın yaradılması təşəbbüsü ilə Heydər Əliyev dühasına xüsusi müraciət ünvanladı. Həmin ilin oktyabrın 24-də Ulu Öndərimiz Heydər Əliyev ziyalıların müraciətinə müsbət cavab verdi. Beləliklə, 1992-ci il noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsisi konfransı keçirildi və Dahi Öndərimiz partiyanın Sədri seçildi. Tarixi çıxışlarının birində Ümummilli Lider Heydər Əliyev müstəqilliyimizin ilk illərində ölkəmizdə cərəyan edən çətin, ağır dövrü barədə demişdir: “Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı” “Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır”, – deyən Ümummilli Lider problemlərin həlli üçün ölkədə vətəndaş həmrəyliyini, sabitliyi son dərəcə vacib sayırdı: “Əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz”.
Xalqın çağırışı ilə ikinci dəfə hakiyyətə gələn Ulu Öndərimiz ölkəni və xalqı üzləşdiyi bəlalardan xilas edə bildi. Bu baxımdan, 1993-cü ilin 15 İyun Milli Qurtuluş Günü - Azərbaycanın inkişafında, müstəqilliyində müstəsna rol oynayan tarixi gündür. Xilaskarlıq missiyasını öz üzərinə götürən Dahi Öndər Heydər Əliyev daxili və xarici düşmənlərimizin bütün planlarını iflasa uğradaraq, 1993-cü il iyunun 9-da Bakıya gəldi və 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi və həmin gün tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu.
Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin dövlət və xalq üçün gördüyü əvəzsiz işləri böyük təşəkkürlə yad edir
Ulu Öndərin apardığı müdrik siyasət nəticəsində köklü problemlər tədricən həll edildi, sosial-iqtisadi sahədə uğurlara imza atıldı və bu da əhalinin sosial vəziyyətinin yaxşılaşmasına təkan oldu. Lakin pozucu qüvvələr yenə də meydana çxıb, ölkədə qarşıdurma yaratmağa, ictimai siyasi sabitliyi pozmağa cəhd etdilər. Xalqın Ulu Öndər Heydər Əliyevin ətrafında sıx birləşməsi nəticəsində 1994-cü il oktyabr, 1995-ci il mart dövlət çevrilişlərinin qarşısı qətiyyətlə alındı. Ordu quruculuğuna xüsusi önəm verən Dahi Öndərimiz Heydər Əliyev qısa müddətdə bu istiqamətdə müsbət nəticələrə nail oldu. Məhz ordu quruculuğunun müsbət nəticələri olaraq 1994-cü ildə Horadiz əməliyyatı ilə düşmənin işğal etdiyi 23 kənd və qəsəbə azad edildi. Bundan sonra qorxuya düşən Ermənistan 1994-cü ilin may ayında atəşkəs haqqında müqavilə imzalamağa məcbur oldu. Bundan sonra iqtisadi inkişafın təməlinin möhkəm əsaslar üzərində qurulması üçün Ulu Öndər iqtisadi islahatlar həyata keçirdi. 1994-cü il sentyabrın 20-də əsasını qoyduğu “Əsrin müqaviləsi” ilə dünyanın neft siyasətini birmənalı şəkildə Xəzər regionuna istiqamətləndirdi. Bu yeni neft strategiyası Xəzərin Azərbaycan sektorunda 15 ölkənin, 33 iri neft şirkətinin iştirakı ilə 22 neft-qaz müqaviləsinin imzalanmasına səbəb oldu. Ulu Öndər Heydər Əliyevin humanist siyasəti sayəsində 1995-ci ilin may ayında əfv və amnistiya təsisatları bərpa edildi. Buna paralel olaraq insan hüquqlarına riayət olunması üzərində parlament nəzarətini təşkil etmək üçün insan hüquqları müvəkkili (Ombudsman) institutu yaradıldı. Bütün bunlar isə ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarının təmini və gücləndirilməsi istiqamətində əhəmiyyətli faktorlardan biri idi. Ulu öndər Heydər Əliyev 22 fevral 1998-ci il tarixli xüsusi Fərman imzalayaraq Konstitusiyada öz əksini tapmış insan hüquqlarının həyata keçirilməsinin asanlaşdırılmasını hüquqi əsasda təsbit etmiş oldu. Bununla yanaşı, 1993-cü ildən Ulu öndərin şəxsi təşəbbüsü ilə icrasına moratorium qoyulmuş ölüm hökmü 10 fevral 1998-ci il tarixli Qanunla tamamilə ləğv olundu. Beləliklə, insan və vətəndaş hüquq və azadlıqlarının əhatə dairəsi genişləndirildi. Bu isə demokratikləşmə prosesini olduqca sürətləndirdi.
44 günlük Vətən müharibəsində qazanılmış qələbə Azərbaycan tarixinə qızıl hərflərlə yazılacaq
2003-cü ildən Ulu Öndər Heydər Əliyevin siyasi kursunu davam etdirən Prezident İlham Əliyev apardığı müdrik, uzaqgörən siyasəti ilə ölkəmizə daha böyük uğurlar bəxş edib. Yenilməz Sərkərdə, Prezident İlham Əliyevin gördüyü işlərin zirvəsində ərazi bütövlüyümüzü bərpa etməklə Ata vəsiyyətini yerinə yetirməsi dayanır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini bərpa etdi. 44 günlük Vətən müharibəsində qazanılmış qələbə Azərbaycan tarixinə qızıl hərflərlə yazılan tarixi səhifə oldu. 2020-ci ildə Müzəffər Ordumuz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyünü bərpa etdi, müqəddəs Qarabağımız işğaldan azad olundu. Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev Qarabağın incisi olan Şuşanın işğaldan azad olunması müjdəsini Azərbaycan xalqına çatdırarkən demişdir: “Mən bu gün, eyni zamanda, Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, Onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları!”. 2023-cü ilin aprelin 23 -də Xankəndi-Laçın yolunun başlanğıcında, Həkəri çayının üzərində sərhəd- keçid məntəqəsi quruldu. 2023-cü ilin senntyabrın 19-da başlayan antiterror tədbirləri ilə Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə və digər ərazilərdə suverenliyimiz bərpa olundu. Cari ilin oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndi meydanında Azərbaycanın üçrəngli bayrağının dalğalanmasını təmin etdi. Noyabrın 8-də isə Xankəndi şəhərində qələbə paradı keçirildi. Bütün bunlar qürurvericidi və hər bir azərbaycanlıda böyük sevinc hissi yaradır.
Bir sözlə, Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin dövlət və xalq üçün gördüyü əvəzsiz işləri böyük təşəkkürlə yad edir. Bu baxımdan, Azərbaycan deyəndə Ulu Öndər Heydər Əliyev, Ulu Öndər Heydər Əliyev deyəndə Azərbaycan yada düşür. Dahi Öndər Heydər Əliyev tarixi çıxışlarında qeyd etdiyi kimi, “Azərbaycan durduqca mən var olacam”. Ulu Öndər daim qəlblərdə və ürəklərdə yaşayacaq və yad ediləcək.
İLHAM ƏLİYEV