“Ulu Öndər Heydər Əliyevin Azərbaycan poeziyasının inkişafında əvəzolunmaz rolu” adlı tədbir

08 may, 2023
Paylaş:

“Ulu Öndər Heydər Əliyevin Azərbaycan poeziyasının inkişafında əvəzolunmaz rolu” adlı tədbir

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının "Mirvarid Dilbazi Poeziya Məclisi" İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Ulu Öndər Heydər Əliyevin Azərbaycan poeziyasının inkişafında əvəzolunmaz rolu” adlı tədbir təşkil olunub.

Tədbirdə elm, mədəniyyət və mətbuat sahəsinin nümayəndələri, şəhər və rayon mərkəzləşmiş kitabxana sistemlərinin işçiləri, tələbə-gənclər iştirak edib.

Tədbiri giriş sözü ilə açan kitabxananın direktoru Aslan Cəfərov qeyd edərək, öz uzaqgörən və müdrik siyasəti ilə Azərbaycan dövlətçiliyinin tarixində əbədilik qazanan, tariximizdə yeni parlaq səhifə açan nadir, fenomen, bənzərsiz dahi şəxsiyyət olan ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsinin Azərbaycan xalqı üçün tükənməz bir miras olduğunu söylədi. Xalqımızın dahi lideri, bütün türk dünyasının görkəmli şəxsiyyəti Ulu öndər Heydər Əliyevin beynəlxalq aləmdə yaxşı tanınmış və artıq öz sağlığında tarix yaradan və tarixə düşmüş nəhəng siyasətçi olduğunu söyləyərək, onun bütün həyatını xalqının azad, firavan, xoşbəxt rifahına, qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr etdiyini söylədi. Bütün türk dünyasının və Azərbaycanın dövlətçilik tarixinə nəzər salaraq, Heydər Əliyev kimi dahi şəxsiyyətlərin bir neçə əsrdən bir bəşəriyyətə bəxş olunduğunu və müstəqil, qüdrətli, qalib Azərbaycanın dünəni, bugünü və sabahında Heydər Əliyev möhürünün olduğunu bildirdi.

Elmi işlər üzrə direktor müavini Günay Həsənova “Heydər Əliyev İli” ilə əlaqədar olaraq kitabxanın həyata keçirdiyi “Tarix yaradan şəxsiyyət-Heydər Əliyev 100” layihəsi çərçivəsində təşkil olunan tədbir, görüş, seminarlar haqqında məlumat verdi. Layihə çərçivəsində Azərbaycan, türk, ingilis və rus dillərində hazırlanan videomateriallar, kitab sərgiləri, Ulu Öndər Heydər Əliyev haqqında kütləvi informasiya vasitələrində dərc olunan məqalələrdən ibarət elektron baza haqqında danışdı. Təşkil olanan tədbirdə Ümummilli lider Heydər Əliyevin siyasət və hakimiyyət arenasına gəlişindən, müstəqil Azərbaycanın quruculuğu sahəsində olan misilsiz fəaliyyətindən, ölkənin çətin, mürəkkəb dövrlərində nümayiş etdirdiyi uzaqgörən siyasətdən,  Azərbaycanın müstəqil dövlət kimi dirçəlməsindən, dünya miqyasında tanınmasından, demokratik, hüquqi dövlətin qurulmasından, çoxəsrlik tarixə malik olan milli, mənəvi dəyərlərimizin qorunub saxlanmasından,  elm, təhsil, mədəniyyət, incəsənət sahələrinə göstərdiyi möhtəşəm qayğıdan bəhs edən üç bölümdən ibarət mini-filmin hazırlandığını bildirdi.

“Mirvardi Dilbazi Poeziya Məclisi” ictimai birliyinin sədri, Kəlağayı muzeyinin direktoru, şair-publisist Güllü Eldar Tomarlı çıxışında Ulu öndər Heydər Əliyevin daima mədəniyyətimizin, ədəbiyyatımızın, milli-mənəvi dəyərlərimizin qorunması, inkişafı və gələcək nəsillərə ötürülməsi məsələsinə xüsusi həssaslıqla yanaşmasından, Azərbaycan mədəniyyətinin inciləri hesab edilən muğam, aşıq sənətinin inkişafına göstərdiyi diqqət və qayğıdan danışdı.

Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Aşıqlar Birliyinin üzvü, Gürcüstanın Şərəf ordenli şairi Səadət Buta Heydər Əliyevin tarixi köklərimizə, türk dünyasının qədim eposlarına, folklorumuza, saz-söz sənətinə daim yüksək qiymət verdiyini söyləyərək, məhz bu qayğı  nəticəsində mədəni irsimizin, incəsənətimizin, o cümlədən aşıq sənətimizin dünya miqyasında tanındığını söylədi.

Vətən müharibəsi şəhidi Xansu Qurbanovun anası Yəmən Abbasova çıxışında müstəqil  ölkəmizin  bugünki  nailiyyətlərinin, Şanlı qələbəsinin Heydər  Əliyev strategiyasının təntənəsi olduğunu və ulu öndərin siyasi kursunun cənab Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirdi.

Tədbirdə “Dövlət və qanun” qəzetinin baş redaktoru Yasəmən Möhübbətqızı, Azərbaycan Tibb Universitetinin dosenti, Nəsimi adına Dilçilik İnstitutunun dissertantı, tibb üzrə fəlsəfə doktoru Nağdəli Zamanov, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin əməkdaşı Aygün Həşimova, Mikayıl Müşfiq və Dilbər Axundzadənin mənəvi qızı Leyli Axundzadə  və başqaları “Heydər Əliyev və Azərbaycanda nitq mədəniyyəti”, “Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu”, “Heydər Əliyev mədəniyyətimizin himayədarı” mövzularında çıxış etdilər.

Tədbirdə “Tarix yaradan şəxsiyyət – Heydər Əliyev 100” adlı videomaterial nümayiş olundu, Mirvarid Dilbazinin şeirləri səsləndirildi, aşıq-sənət nümunələri ifa edildi.

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()