23 noyabr, 2023
Paylaş:

Ulu Öndər Heydər Əliyev Prokurorluğun da hamisi idi...

...Müstəqil Azərbaycanın dövlət quruluşu sistemində prokurorluq öz yerini tutubdur və ölkəmizə layiqli xidmət edir...

Heydər ƏLİYEV,

Ümummilli Lider.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə 2023-cü il Azərbaycan Respublikasında "Heydər Əliyev İli" elan edilmişdir. Sərəncam əsasında Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında hazırlanmış "Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi ilə bağlı" Tədbirlər Planı yüksək həvəs və böyük iftixar hissi ilə icra olunmaqdadır.

Hər il olduğu kimi, bu il də 3 may 2023-cü il tarixdə Azərbaycan Respublikası Baş prokurorunun müavini - Azərbaycan Respublikasının Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyevin təşəbbüsü və rəhbərliyi ilə Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda, 6 may 2023-cü il tarixdə isə Azərbaycan Respublikasının Baş prokuroru, I dərəcəli dövlət ədliyyə müşaviri Kamran Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Azərbaycan Respublikasının Baş Prokurorluğunda millət vəkillərinin, ictimaiyyət və kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə Ümummilli Liderin doğum gününün növbəti ildönümü, 100 illik yubileyi təntənəli surətdə qeyd olunmuş, dahi insanın əziz və unudulmaz xatirəsi ehtiramla yad edilmişdir. Sözsüz ki, bu, prokurorluq işçilərinin Ulu Öndər Heydər Əliyevə olan sonsuz sevgisindən irəli gəlir və həmin sevgi isə böyük tarixi şəxsiyyətin Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətlərindən, o cümlədən həyatı boyu prokurorluğa göstərdiyi yüksək diqqət və qayğıdan, eləcə də prokurorluq işçilərinə verdiyi dəyərdən yaranmışdır.

Məlum olduğu kimi, istər Azərbaycan Demokratik Respublikasının mövcudluğu zamanı, istərsə də ölkəmizin SSRİ-nin tərkibində olduğu dövrdə milli prokurorluq orqanları tam formalaşa, cəmiyyətdə və dövlətdə öz layiqli yerini tuta bilməmiş, onun milli maraqları və insan hüquqlarını layiqincə müdafiə edən təsisata çevrilməsi mümkün olmamış, müstəqilliyimizin ilk illərində isə ölkədə yaranmış özbaşınalıq, anarxiya, xaos, hakimiyyət zəifliyi, xalq ilə iqtidar arasında olan uçurum səbəbindən vəzifə uğrunda gedən mübarizələrdə bir alətə çevrilmişdir. Bununla belə, çətin dövrlərdə, eləcə də ölkəmizdə separatçılıq meyillərinin və dövlət çevrilişinə cəhdlərin qarşısının alınmasında prokurorluq əməkdaşları da üzərlərinə düşən vəzifələri layiqincə icra edərək, dövlətimizin suverenliyinə və müstəqilliyinə qarşı ağır cinayətlər törətmiş şəxslərin tez bir zamanda ifşa edilib məsuliyyətə cəlb olunması istiqamətində bütün güclərini səfərbər etməklə cəmiyyətin və dövlətin onlara olan etimadını doğrultmuşdur.

Sirr deyil ki, prokurorluğun müasir dövrün tələblərinə uyğun formalaşdırılması, o cümlədən müstəqil Azərbaycanın ali qanunu olan Konstitusiyada ilk dəfə olaraq cinayət mühakimə icraatında mühüm vəzifələri yerinə yetirməsi nəzərə alınmaqla ölkəmizin məhkəmə hakimiyyəti sistemində layiqli yerinin müəyyənləşdirilməsi, onun statusunun, təşkili və fəaliyyət prinsiplərinin, funksiyalarının və səlahiyyət dairəsinin qanunvericilik qaydasında təsbit olunması məhz Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə gerçəkləşən köklü hüquq islahatlarının sayəsində mümkün olmuşdur. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü əsasında qəbul edilmiş "Prokurorluq haqqında" Azərbaycan Respublikasının 7 dekabr 1999-cu il tarixli Qanunu qarşıda duran bu və ya digər vəzifələrin uğurla həyata keçirilməsinə imkan yaratmaqla, prokurorluq orqanlarının daha da demokratikləşdirilməsini, onun qanunçuluğun və insan hüquqlarının aliliyinin real təminatçısına çevrilməsini təmin etmişdir. Ardınca müdrik rəhbərin təşəbbüsü ilə beynəlxalq hüquq normalarına və demokratik prinsiplərə uyğun hazırlanmış "Prokurorluq orqanlarında qulluq keçmə haqqında", "Prokurorluq işçilərinin xidməti vəsiqəsi haqqında", "Prokurorluq orqanları işçilərinin fərqlənmə nişanları və xüsusi geyim forması haqqında", "Prokurorluğun rəsmi emblemi haqqında" Azərbaycan Respublikası Qanunlarının və digər hüquqi aktların qəbul edilməsi nəticəsində prokurorluğun fəaliyyətinin hüquqi tənzimlənməsi prosesi dövrün tələblərinə və beynəlxalq standartlara cavab verən səviyyəyə çatdırılmışdır. 19 sentyabr 2002-ci il tarixdə qüvvəyə minmiş "Azərbaycan Respublikasının Konstitusiyasına dəyişikliklər edilməsi haqqında" referendum aktı ilə prokurorluğa qanunvericilik təşəbbüsü hüququnun verilməsi isə dövlətdə və cəmiyyətdə prokurorluğun rolunu daha da artırmışdır. Həyata keçirilən möhtəşəm islahatlar çərçivəsində görülən nəhəng işlər sayəsində və təməl prinsiplərin mövcud tələblərlə uzlaşdırılması ilə hazırlanmış hüquqi baza əsasında Azərbaycan Prokurorluğu struktur və mahiyyət baxımından tamamilə yenidən qurularaq, yüksək nəzəri bilikli və peşəkar kadrlarla komplektləşdirilməklə, səlahiyyətləri, vəzifələri və fəaliyyəti beynəlxalq standartlara uyğun formalaşdırılmış müasir dövlət təsisatına çevrilmişdir.

Təəssüf hissi ilə qeyd olunmalıdır ki, Azərbaycan Prokurorluğu 80 il ərzində dövlətin etibarlı sütunlarından biri kimi fəaliyyət göstərsə də, prokurorluq işçilərinin peşə bayramının qeyd edilməsinə dövlət tərəfindən heç bir təşəbbüs göstərilməmiş, bununla əlaqədar hər hansı rəsmi tədbir görülməmişdir. Qürurvericidir ki, məhz Ulu Öndər Heydər Əliyevin imzaladığı 17 iyul 1998-ci il tarixli Sərəncamla "1 oktyabr - Prokurorluq işçilərinin peşə bayramı günü" təsis edilmiş, bu isə tarixi ədalətin bərpa olunması ilə yanaşı, hakimiyyət orqanları sırasında xüsusi yeri olan prokurorluğa qayğının ifadəsi, onun roluna rəsmi münasibətin dövlət səviyyəsində təzahürü olmuşdur. Azərbaycan Prokurorluğuna daim yüksək diqqət göstərmiş nəhəng tarixi şəxsiyyətin "Azərbaycan Respublikası Prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında" 8 oktyabr 2002-ci il tarixli Sərəncamı isə prokurorluq işçilərinin rifahına xidmət edən önəmli hüquqi akt kimi xüsusi vurğulanmalıdır.

 

...Son illər prokurorluqda sağlam iş mühitinin yaradılması üçün ciddi işlər görülmüş, dövlətçilik, qanunçuluq prinsipləri ön plana çəkilmiş, cəmiyyətimizdə prokurorluğa ictimai etimad artmış və onun nüfuzu yüksəlmişdir...

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Dərin minnətdarlıq hissi ilə qeyd edilməlidir ki, prokurorluğa hərtərəfli diqqət və yüksək qayğı göstərilməsi ənənəsi dövlət başçısı tərəfindən davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən mükəmməl siyasət sayəsində dövlətimizin sürətlə hərtərəfli qüdrətlənməsi, iqtisadiyyatımızın durmadan güclənməsi prokurorluğa kifayət qədər maddi vəsait ayrılmasına rəvac vermişdir ki, bu da maddi təminatın, eləcə də işçilərin sosial müdafiəsinin daha da güclənməsinə zəmin yaratmışdır. Ölkə rəhbərinin 27 sentyabr 2008-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı" bunun əyani sübutu olmuşdur.

Ölkədə gedən demokratik proseslər prokurorluq orqanlarında da müvafiq islahatların həyata keçirilməsini şərtləndirmişdir. Prezident İlham Əliyevin 2020-ci il mayın 1-də Azərbaycan Respublikasına yeni Baş prokuror təyin etməsi və Kamran Əliyevin elə həmin gün videoformatda qəbulu zamanı dövlət başçısının verdiyi dəyərli tapşırıq və tövsiyələrin prokurorluq, o cümlədən hərbi prokurorluq orqanlarında həyata keçirilməsi ilə prokurorluğun yeni, mütərəqqi islahatlar və səmərəli dəyişikliklər dövrü başlamışdır. Qəbul zamanı ölkə başçısı demişdir: "...Bütün sahələrdə olduğu kimi, prokurorluq orqanlarında da daha genişmiqyaslı islahatlara ehtiyac var. Bu gün Azərbaycanın hər sahəsində islahatların nəticələri vətəndaşlar tərəfindən yüksək qiymətləndirilir. İslahatlar yeniləşmə, yeni yanaşma, müasir şəraitə uyğunlaşma deməkdir. Biz islahatlar aparmaqla ölkəmizi gücləndiririk və ölkəmizin gələcək dayanıqlı inkişafını şərtləndiririk. Tərəqqi islahatsız mümkün deyil. Ona görə hüquq-mühafizə orqanlarında da digər sahələrdə olduğu kimi, islahatlara böyük ehtiyac var. Ümid edirəm ki, Azərbaycan Respublikasının Prokurorluğu bu islahatların aparılmasında uğurlar qazanacaq...". Bundan sonra, cənab Prezidentin müdrik kəlamları rəhbər tutulmaqla prokurorluq orqanlarında əsaslı struktur və kadr islahatları həyata keçirilərək ədalətli meyarlara və şəffaf prosedurlara əsaslanan mütərəqqi dəyişikliklərin reallaşdırılması istiqamətində mühüm işlər görülmüşdür.

 "Prokurorluq işçilərinin sosial müdafiəsini gücləndirmək və prokurorluq orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Azərbaycan Respublikası Prokurorluğunun xəzinə hesabına köçürülən vəsaitdən istifadə Qaydası"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 16 iyul 2021-ci il tarixli Fərmanı prokurorluğa olan dövlət qayğısının növbəti bariz nümunəsi olmuşdur.

Vurğulanmalıdır ki, ötən illər ərzində Azərbaycan Respublikası Hərbi Prokurorluğunun da maddi-texniki bazası gücləndirilmiş, Hərbi Prokurorluğun mərkəzi aparatı, Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğu, Şəmkir, Zaqatala və Gəncə hərbi prokurorluqları ən müasir standartlara uyğun tikilməklə bütün zəruri avadanlıqlarla təchiz edilmiş inzibati binalarla təmin olunmuş, bir neçə hərbi prokurorluğun inzibati binası əsaslı təmir edilmişdir. Tarixi torpaqlarımız işğaldan azad olunduqdan sonra həmin ərazilərdə Hərbi Prokurorluq orqanlarının fəaliyyətinin effektivliyini və operativliyini artırmaq məqsədilə Azərbaycan Respublikası Prezidentinin 1 aprel 2021-ci il tarixli Sərəncamı ilə Qubadlı, Kəlbəcər hərbi prokurorluqları və Qarabağ hərbi prokurorluğunun əsasında Ağdam hərbi prokurorluğu yaradılmış və hazırda adları çəkilən prokurorluqlar qısa zamanda formalaşdırılmış münbit şəraitdə uğurla fəaliyyət göstərirlər.

Ümummilli Liderin hakimiyyətə gəldiyi vaxtdan bu günədək Prokurorluğun, o cümlədən Hərbi Prokurorluğun kollektivinə dövlət səviyyəsində daimi göstərilən diqqət və qayğı işçilərin fəaliyyətinin stimullaşdırılmasını, bununla da işin səmərəliliyinin artırılmasını şərtləndirmişdir.

Əvvəlcə onu qeyd etmək lazımdır ki, 2005-ci ildən başlayaraq, yəni möhtərəm Prezidentimizin müvafiq Sərəncamı ilə Xanlar Vəliyev Azərbaycan Respublikasının Hərbi prokuroru təyin edildikdən sonra Silahlı Qüvvələrdə 1992-2004-cü illərdə törədilmiş qəsdən adam öldürməyə cəhd, qəsdən adam öldürmə və digər ağır, xüsusilə ağır cinayət hadisələri ilə bağlı həmin dövrdə başlanılmış, uzun müddət istintaq aparılmasına baxmayaraq, səriştəsizlik və bəzi hallarda isə yarıtmaz fəaliyyət ucbatından iş üzrə ibtidai araşdırmanın yekunlaşdırılması mümkün olmadığından təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxsin müəyyən edilməməsi əsası ilə icraatı dayandırılmış cinayət işlərinin təcrübəli əməkdaşlar tərəfindən öyrənilməklə, bir neçəsi üzrə icraatın təzələnərək ibtidai istintaqın davam etdirilməsi, yekun qərarların qəbul olunması, bununla da ibtidai araşdırmanın yekunlaşdırılması təmin edilmişdir. Belə ki, icraatı təzələnmiş işlər üzrə düzgün qurulmuş istintaq metodikası və taktikası, səriştəli aparılan istintaq hərəkətləri, istintaqçıların peşəkarlığı və əzmi, eləcə də məharətlə həyata keçirilmiş prosessual rəhbərlik sayəsində 25-dən artıq cinayət işinin ibtidai araşdırmasının yekunlaşdırılmasına, o cümlədən cinayət törətmiş şəxslərin ifşa olunmasına, faktlara və şəxslərin əməllərinə hüquqi qiymət verilməsinə nail olunmuşdur.

Ötən illərdə olduğu kimi, bu ilin keçən dövrü ərzində də Hərbi Prokurorluq orqanlarının fəaliyyəti səmərəli olmuş, işçilər üzərlərinə düşən vəzifələri layiqincə icra etmişlər. Cinayət işlərinin başlanmasının qanuniliyinə və əsaslılığına xüsusi diqqət yetirilməsi, icraatda olan işlər üzrə bütün halların hərtərəfli, tam və obyektiv araşdırılması istiqamətində həyata keçirilmiş fəaliyyət, tələb edilən səviyyədə prosessual rəhbərlik, eləcə də işçilərin peşəkarlığı və zəhməti sayəsində ötən doqquz ay ərzində qeydə alınmış cinayətlərin 98,2%-i açılmışdır.

Göründüyü kimi, Ulu Öndər Heydər Əliyev hər bir sahənin, eləcə də digər hüquq-mühafizə orqanları ilə bərabər, prokurorluğun da hamisi olmuşdur. Odur ki, bütün xalq, həmçinin hər bir ədalət keşikçisi, o cümlədən prokurorluq əməkdaşı dünya şöhrətli siyasətçi, xalqın böyük oğlu Heydər Əliyevin parlaq simasını daim dərin hörmətlə xatırlayacaq və nəhəng şəxsiyyətin əziz və unudulmaz xatirəsini hər zaman yüksək ehtiramla anacaqdır.

Şəfahət İmranov

                                                                                                                                         “Respublika

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()