Uinston Çörçill
Bütün tanınmış insanlar kimi, İngiltərənin Baş naziri Çörçill də özünəməxsus qəribəlikləri ilə yaddaşlarda qalıb. Hər gün saat 17:00 - da soğanla bir qədəh viski içdikdən sonra 2 saat yatan Çörçill, bu vərdişin ona 1,5 günə bərabər enerji verdiyinə inanırmış. Gecələr çox gec yatdığı üçün onu “gecə quşu” da adlandırırdılar. Uşaqlıqda danışığında qüsur olan və hətta kəkələyən bu tanınmış şəxsiyyət dünya tarixinə çox mahir və mükəmməl dil qabiliyyətinə malik bir insan kimi düşüb. Həvəskar rəssam olan baş nazirin 600 - dən artıq rəsm əsəri olub.
Dünyaya gəlişi, belə maraqlı tarixçəyə çevrilən Çörçill, deyilənlərə görə qadınların geyinib – soyunma otağında doğulubmuş. Anası Çörçilli hamiləliyinin yeddinci ayına baxmayaraq, gecə ziyafətlərinin birində rəqs zamanı özünü pis hiss etdiyi üçün qarderob otağına keçərək dünyaya gətirməli olub.
Çörçillin qəribə vərdişlərindən biri isə onun xidmətçilərdən hər gecə yataq dəstini dəyişdirməyi tələb etməsi idi. Hətta onun gecələdiyi mehmanxanada otağa iki çarpayı qoyulardı. O, bir çarpayıda yatar, gecənin yarısı oyanıb ikinci çarpayıya keçərdi. Deyilənlərə görə, o, hiperhidrozdan ( aşırı dərəcə tərləmədən) əziyyət çəkib və öz tərindən diksinirmış.
Baş nazirin həyat tərzi ilə bağlı özünəməxsus və dəyişməyən bir devizi olub: “ Gündə 5-6 siqar , 3-4 qədəh viski və heç bir idman hərəkətləri olmayan həyat ”. Ancaq Çörçill özü də bu dediklərinə riayət etməyib. Çünki çəkdiyi siqarların sayı 10-12, içdiyi viskinin qədəri isə 10-15 qədəh olub...
Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrkasından götürülmüşdür.