30 iyun, 2025
Paylaş:

Tükəzban İsmayılova

Prokurorla evlənən, qızına səhnəyə çıxmağa qadağa qoyan, əri öləndən sonra bir daha oxumayan xalq artistimiz Tükəzban İsmayılova... Xanəndə Bakı şəhərində anadan olub. Asəf Zeynallı adına Musiqi Texnikumunda təhsil alan Tükəzban xanım orada klassik xanəndəlik məktəbinin korifeylərindən olan Hüseynqulu Sarabskinin muğam sinfində oxuyub. Musiqi Texnikumunu bitirəndən sonra peşəkar xanəndə kimi çıxış etməyə başlayıb. Onun yaradıcılığının ilk illəri II Dünya müharibəsi dövrünə təsadüf edib. O illərdə təşviqat briqadasının tərkibində cəbhədə konsertlər verib, sənətin bütün ağrı-acılarına, əzab-əziyyətlərinə qatlaşıb. İfa etdiyi mahnılarla əsgər və zabitləri vətənpərvərliyə ruhlandırıb.

O, Cabbar Qaryağdıoğlu ilə qonşuluqda yaşayıb. Bir gün gözəl səslə oxuyan qızı eşidən Cabbar əmi onu yanına çağırıb. Dinləyəndən sonra "bu qızdan yaxşı oxuyan olacaq", - deyib. Tükəzban xanım iki dəfə ailə həyatı qurub. Onun ilk həyat yoldaşı Məzahir Quliyev bir çox məsul vəzifələrdə çalışıb. Onlar ailə quranda Tükəzban xanım Dövlət Filarmoniyasının solisti, Məzahir Quliyev isə Lənkəranda prokuror idi. Bu izdivacdan qızları İlhamə dünyaya gəlib. Lakin bu evliliyin ömrü uzun olmayıb. İlhamənin 5 yaşı olanda cütlük ayrılıb. Bir müddət sonra Tükəzban xanım tarzən Həbib Bayramovla ailə qurub. O, ikinci həyat yoldaşı Həbib Bayramovdan 3 yaş böyük olub.

Tükəzban xanım həyat yoldaşının rəhbərlik etdiyi A.Bakıxanov adına milli çalğı alətləri ansamblının solisti olub. Görkəmli tarzən vəfat etdikdən sonra Tükəzban İsmayılova səhnəyə çıxmaqdan imtina edib. İlhamə Quliyeva xatirələrində deyirdi ki, anası onun müğənni olmaq arzusunu təqdir etmirdi, ona görə də Tükəzban xanımın iradəsinə boyun əyərək 60-cı illərin əvvəllərində Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə qəbul olunur. Lakin o, Moskvada keçirilən musiqi yarışmasında anasından gizlin solist kimi çıxış edir. Burada birinci yer tutması Tükəzban xanımın qızına müğənni kimi xeyir-dua verməsinə səbəb olur. Xanəndə ömrünün son günləri bel sümüyündən ağır cərrahiyyə əməliyyatı keçirir. Əməliyyat uğurlu başa çatsa da, pnevmoniyadan əziyyət çəkən Tükəzban xanım 85 yaşında vəfat edir və II Fəxri Xiyabanda dəfn olunur.

Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.

 

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()