Trumen Kapote
"Uğur qazanmalıydım, uğuru tez bir zamanda əldə etməliydim. Çox lazımlı bir insandım və xüsusi həyatım olmalı idi. Ofisdə-filan işləmək üçün yaradılmamışdım, amma nə iş görsəm uğur qazana biləcək adamdım. Yazar olmaq, imkanlı və məşhur olmaq istədiyimi lap əvvəldən bilirdim...". Ciddi, ədəbi çevrələrdə qəbul edilməsə də, şöhrətin zirvəsinə ucalmağı bacaran amerikalı yazıçı, aktyor, ssenarist və jurnalist Trumen Kapote özü haqqında bu qədər yüksək fikirdə idi. Ədəbsiz və qeyri-normal davranışlarına görə cəmiyyətin ona qarşı münasibəti birmənalı olmasa da, Amerika ədəbiyyatında özünəməxsus dəst-xətti, məşhurlar arasında yüzlərlə havadarı və dostu vardı...
Nyu-Orleanda doğulan Kapote yazmağa və içməyə çox tez başlamışdı. Hələ məktəbə getməmiş oxumağı və yazmağı öyrənmişdi. Beş yaşından özü ilə qeyd dəftəri və lüğət gəzdirirmiş. Artıq 11 yaşında uydurma hekayələr yazır və gələcək taleyini müəyyənləşdirirdi. Kapote uşaqlıqdan qəribə idi. Hərəkətləri ilə oğlan uşaqlarından daha çox qızları xatırladırdı. Ən böyük arzusu isə rəqqas olmaqdı.
Bir insanı gözdən salacaq nə qədər pis keyfiyyət və xüsusiyyətlər varsa, elə bil hamısı bu yazıçıda cəmləşmişdi. İçki düşkünü, narkoman, üstəlik də cinsi azlığın nümayəndəsi olmasını heç kəsdən gizlətmirdi. Dahiliyinin onun hər bir əməlini ört-basdır etdiyini deyirdi.
Amerikalı dramaturq özünü "horizontal yazıçı" adlandırırdı. Yazıçıya məhsuldar işlə məşğul olmaq üçün qəhvə, siqaret, ən başlıcası isə divan vacib sayılırdı. O, öz əsərlərini yalnız uzanıqlı vəziyyətdə yazırdı, özü də yalnız karandaşla ağ vərəqə. Belə ki, Trumen Kapotenin çap makinalarını görməyə gözü yox idi. Bu səbəbdən də ömrünün sonunadək onlardan istifadə etməyib.
Televiziyalar onu şou-proqramlara dəvət etmək üçün növbə gözləməli olurdu. Onun qalmaqallı çıxışları teleaparıcıların və televiziyaların işinə yarıyırdı. Gündəmdə qalmaq, məşhur olmaq onun ən böyük hədəfi idi. Şayiələr yaymağı, qalmaqal yaratmağı çox sevirdi. Yazıçı kimi kifayət qədər uğur qazansa da, filmlərə çəkilir, məşhurlar arasında olmağa, daha çox şöhrətə və populyarlığa can atırdı. Onun məşhur dostları arasında ecazkar Merlin Monro da vardı. Hələ bu harasıdır, deyilənə görə, Kapotenin "kişi" dostlarının içərisində tanınmış Nobel mükafatçısı Alber Kamyunun da xüsusi yeri var imiş...
Tüfeyli həyat tərzi keçirən yazıçı ədəbi yaradıcılığından getdikcə uzaqlaşaraq daha da acınacaqlı vəziyyətə düşür. Karyerasındakı uğursuzluqlara dözməyən Kapote kokainə, narkotik həblərə və içkiyə qurşanır. Sonralar məşhur yazıçı narkotikin və içkinin təsirindən hallüsinasiyalar görməyə başlayır. Pis vərdişlərindən danışan yazıçı narkotik və içki haqqında yazırdı: "Tanrı bir qabiliyyət verəndə, bir qamçı da verir və o qamçı, sadəcə özünü qamçılamaq üçündür".
Dostları onu bu asılılıqdan xilas etməyə çalışsa da, Kapote ölmək istəyirdi. Bir müddət sonra qaraciyər xərçənginə tutulan yazıçı 60 illik yubileyinə bir ay qalmış vəfat edir. Ölümündən sonra "Nyu-York Tayms" qəzeti onun haqqında yazırdı: "Əsl amerikan yazıçıları arasında mövqe tutmağı bacarmadı, çünki istedadını, zamanını, sağlamlığını şöhrət, sərvət və zövq üçün xərclədi. Yeniyetməliyindən Oskar Uayldı (qeyd edək ki, bu yazıçı da cinsi azlığın nümayəndəsi olub) bütləşdirən bir yazıçıdan başqa nə gözləmək olardı ki".
Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.