12 oktyabr, 2022
Paylaş:

Tomas Conston Lipton

Yəqin ki, bu milyarderin adı kiçikdən-böyüyə çay həvəskarlarının çoxlarına tanışdır. 8 dollarla   səyahətə çıxan və vətəninə milyarder olaraq geri dönən bu adam 25 yaşında iş adamına, 35 yaşında isə brend sahibinə çevrilmişdir. Söhbət dünyaca məşhur çay brendinin yaradıcısı Tomas Conston Liptondan gedir...

8 yaşında evlərinin zirzəmisində yerləşən baqqal mağazasında işləməyə başlayan şotlandiyalı Lipton praktiki olaraq ticarətin əsaslarını da elə burada öyrənir. Qardaş və bacısının dünyasını dəyişməsi ilə əlaqədar ​oxumağın daşını atan Tomas köynək satışı ilə məşğul olan mağazada satıcı işləyir. Daha sonra isə  gəmidə işə düzəlir və biznesdən uzaqlaşır. Əslində, bu, onun həyatında dönüş nöqtəsi olur. Belə ki, uzaq səyahətə çıxmaq haqqında düşünməyə başlayan Tomas 14 yaşında cibindəki 8 dollarla gəmiyə əyləşib Amerikaya yola düşür. İlk vaxtlar Amerikada özünə iş tapa bilmir. Bu səbəblə də  Vircin adalarında tütün plantasiyalarında işləməyə yollanır. Buradan da Cənubi Karolinadakı düyü plantasiyalarına keçir. Beləliklə, ən aşağı işlərdə işləyib gündəlik çörəkpulunu qazanan Liptonun 4 ildən sonra  şansı üzünə gülməyə başlayır. Belə ki, Nyu-Yorkda mağazalardan birində kargüzar vəzifəsinə işə düzələn gələcəyin milyarderi məhz burada  biznesini qurmaq üçün məktəb keçir. 2 ildən sonra 180 funt kapitalla Qlazqoda kiçik bir dükan açır. 

25 yaşında isə Şotlandiyanın qərbində 20-dən çox mağazaya sahiblənir. Daha sonralar isə çay biznesinə başlayan iş adamı Seylonda 5 çay plantasiyası almaqla təcrübələr aparır. 35 yaşında "Thomas Lipton J. Company" adlı məşhur çay şirkətini yaradan milyarder artıq Çikaqoda məhsulların qablaşdırılması və saxlanması üçün fabrik satın alır.  

Yeri gəlmişkən qeyd edək ki, Lipton sıfırdan işə başladığını heç vaxt unutmurdu. Bu, onun işçilərə münasibətində də özünü göstərirdi. Onlara yaxşı maaş verir, normal yaşayışla təmin edirdi.

Futbolun böyük bir pərəstişkarı olan məşhur iş adamı bu oyunu Avropada populyarlaşdırmaq istəsə də, təəssüf ki, buna nail ola bilmir. Belə ki,  İtaliyada şəxsən böyük bir turnir təşkil etsə də, İngiltərə Futbol Federasiyası bu təşəbbüsü qəbul etmir. Lakin bütün bunlara baxmayaraq, onun Lipton fabrikinin işçilərindən ibarət həvəskar qrupu ingilis komandasını məğlub edərək kuboku qazanmağı bacarır.

Həyatı boyu heç vaxt evlənməyən Tomas Lipton anasına bənzər qadın tapmadığını bəhanə edirdi. Lakin mağazalarının birində  satıcı işləyən William Love adlı qadınla olan otuz illik münasibətini ömrünün sonuna qədər qoruyub saxlamışdı.

83 yaşında  vəfat edən milyarder övladı olmadığı üçün  bütün sərvətini xeyriyyə fondlarına bağışlayıb.

Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür. 

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()