23 iyul, 2025
Paylaş:

Töhfə Əzimova

O həyatı boyu cəmi iki filmə çəkildi. Həyat yoldaşını qəzada itirdikdən sonra aktrisalıqdan imtina etdi. Lakin buna baxmayaraq, oynadığı hər iki ekran əsərində də yaddaqalan obrazlar yaratdı: "Qızmar günəş altında" filmində Nərminə və "Əhməd haradadır?"da Leyla rolları... Yəqin ki, yaşlı və orta nəsildən olanlar bu aktrisanı tanıyarlar - Töhfə Əzimovanı deyirik...

Töhfə (əsl adı Tofilə) İbrahim qızı Əzimova Bakıda anadan olub. O, ilk film təklifini rejissor Lətif Səfərovdan alaraq "Qızmar günəş altında" filmində Nərminə obrazını canlandırıb. Həmin vaxt on doqquz yaşı olan gənc Töhfə ali məktəbdə musiqi təhsili alırmış. Filmin çəkilişləri zamanı Töhfə xanım kino rəssamı Cəbrayıl Əzimovla tanış olur. Əvvəlcə dost olan bu iki gəncin münasibəti sonradan böyük sevgiyə çevrilir və onlar ailə həyatı qururlar. Bu evlilikdən onların Elman adlı oğlu dünyaya gəlir. Töhfə xanımın çəkildiyi ikinci film isə "Əhməd haradadır?" olur. Leyla obrazını ifa etmək üçün Töhfə Əzimovadan əvvəl onlarla qız sınağa çağırılır və nəhayət biri seçilir. Bu qız bir neçə dəfə sınaq çəkilişlərində də iştirak edir. Sonradan həmin şəxsin erməni qızı olduğunu bilən rejissor Adil İsgəndərov ondan imtina edir. Bu məsələdə rejissor Adil İsgəndərovun köməyinə filmin quruluşçu rəssamı Cəbrayıl Əzimov çatır. O, Adil İsgəndərovun xahişini yerə salmayaraq, həyat yoldaşı Töhfə xanımın "Əhməd haradadır?" filminə çəkilməsinə razılıq verir. Töhfə xanım bu roldan sonra bütün respublikada, MDB məkanında məşhurlaşır. Lakin aktrisa bu iki filmdən sonra bir daha kamera qarşısına çıxmır. Kino sahəsindən həmişəlik uzaqlaşır. Əzimovlar ailəsinin xoşbəxtliyi uzun müddət davam etmir. 43 yaşlı Cəbrayıl Əzimov yeganə oğlu Elman və onun dostlarını Şıxov çimərliyinə apararkən avtomobil qəzasına düşüb həlak olur. Ərinin vaxtsız və faciəvi ölümündən sarsılan Töhfə xanım oğlunu tək böyüdərək ömrünün sonunadək Bakıdakı 1 nömrəli Musiqi məktəbində fortepiano müəllimi işləyir. Aktrisanın yeganə övladı Elman Əzimov anasını xatırlayarkən deyir: "Yadımdadır ki, anamla şəhərə çıxmaq mümkün deyildi. Heç kim adını bilmirdi, amma hamı onu "Leyla, Leyla" deyərək çağırırdı. Trolleybusa minirdik - hamı dönüb baxırdı, parkda gəzirdik - hamı barmaqla göstərirdi. Anam rəhmətə getməzdən öncə və sonra heç kim onunla maraqlanmadı. Nə sənət yoldaşları, nə də qeyriləri".

59 yaşı tamam olanda aktrisa özündə narahatlıq hiss etməyə başlayır. Həkim müayinələrindən sonra onun başında şiş aşkar edilir. Beş il evdən çölə çıxmayan Töhfə Əzimova amansız xəstəliklə mübarizə aparsa da, 64 yaşında vəfat edir və Yasamal qəbiristanlığında dəfn edilir.

Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()