29 aprel, 2024
Paylaş:

Təmiz ətraf mühit və "yaşıl artım"

Dinamik iqtisadi artım həm sənaye, həm də xidmət sahələrinin fəaliyyəti üçün zəruri olan enerji tələbatının artması ilə birbaşa bağlıdır. Təəssüf ki, enerjinin ənənəvi üsullarla istehsalı atmosferə böyük miqdarda istixana qazlarının buraxılması ilə nəticələnir və ətraf mühitin ciddi şəkildə çirklənməsinə səbəb olur. Təsadüfi deyil ki, bir çox ölkələr və beynəlxalq təşkilatlar bərpaolunan enerji mənbələrinin sənayedə istifadəsinə böyük əhəmiyyət verirlər.

Dünyanın bir çox ölkəsində elektrik enerjisinin böyük bir həcmi qalıq yanacaqların və kömürün yandırılması hesabına istehsal olunur. Ənənəvi üsullarla enerji istehsalı zamanı havanı, torpağı, yeraltı və səth sularını effektiv şəkildə çirkləndirən zərərli maddələr meydana gəlir. Beləliklə, RES (bərpaolunan enerji mənbələri) enerji istehsalının ənənəvi üsullarına qarşı əla alternativə çevrilib. Son illərdə dünya enerji bazarında bərpaolunan enerji mənbələrinə transformasiya müşahidə edilir. "Yaşıl enerji"yə keçid yüksək inkişaf etmiş ölkələrdə xüsusi yer tutur.

"Yaşıl enerji"nin istehsal olunduğu mənbələrə aşağıdakılar daxildir: külək, günəş, su, geotermal resurslar, dəniz dalğaları, biokütlə, bioqaz və bioaxınlar. Bunlardan günəş, külək və su bərpaolunan enerji daha ucuz başa gəlir.

Qeyd edək ki, günəş enerjisi kollektorlar vasitəsilə istehsal olunur. Fotovoktaik qurğular günəşdən aldığı istiliyi elektrik, kollektorlar isə istilik enerjisinə çevirir. "Yaşıl enerji"nin sağlam təməllərindən biri də külək elektrik stansiyalarıdır. Külək generatorları kinetik enerjini elektrik enerjisinə çevirir. Bu stansiyalar təbii olaraq yüksək küləkli ərazilərdə quraşdırılır. Su enerjisi çaylardan istifadə etməklə əldə edilir. Hidroenergetika əsasən kifayət qədər güclü axınları olan çaylara bağlıdır və mexaniki enerjini elektrik enerjisinə çevirən xüsusi turbinlərlə təchiz edilmiş su elektrik stansiyalarında istehsal olunur. "Yaşıl enerji"nin başqa bir mənbəyi yeraltı sular və dərin süxurlarda saxlanılan geotermal istilikdir.

"Yaşıl enerji" istehsalının yuxarıdakı mənbələrinin hər biri əlbəttə ki, düzgün dizayn edilmiş sistemlərə və sənaye müəssisələrinə investisiya tələb edir. Müvafiq texniki şəraitin təmin edilməsi "yaşıl enerji" mənbələrinin səmərəli hazırlanması, emalı və istifadəsi üçün əsas hesab olunur.

Enerji balansında "yaşıl enerji"nin payının əhəmiyyətli dərəcədə artırılması, gələcəkdə isə zərərli mənbələrin tamamilə bərpaolunan enerji mənbələri ilə əvəz edilməsi bütün dünya ölkələrini narahat edir. Xüsusilə, iqtisadiyyatını onilliklər ərzində, ilk növbədə, mədən yanacaqları üzərində quran ölkələr üçün bu çətinlik yaradır. Buna baxmayaraq, dünyada ənənəvi enerji mənbələrindən "yaşıl enerji"yə keçid müasir dövrün əsas hədəflərindən birinə çevrilib. Azərbaycanda da bu sahəyə xüsusi diqqət göstərilir. 2030-cu ilədək elektrik enerjisi qoyuluş gücündə bərpaolunan enerji mənbələrinin payının 30 faizə çatdırılması, işğaldan azad olunmuş ərazilərin "yaşıl enerji zonası"na çevrilməsi ölkəmizin enerji siyasətində xüsusi yer tutur.

Bu hədəfə nail olmaq üçün işğaldan azad edilmiş ərazilərimizdə "yaşıl enerji" zonaları yaradılır, bərpaolunan enerji mənbələrindən istifadənin artırılması üçün "Masdar", "ACWA Power", "China Gezhouba Group Overseas Investment", "Total Energies", "Nobel Energy Management", bp kimi şirkətlərlə əməkdaşlıq edilir. Ölkəmizin "yaşıl enerji" sahəsinə göstərdiyi xüsusi diqqət onun qısa zamanda sürətlə inkişaf edəcəyindən xəbər verir. Ölkə başçısının işğaldan azad olunmuş 10 min kvadratkilometr ərazini "yaşıl enerji zonası" elan etməsi də bu sahəyə olan qayğının göstəricisidir. İşğaldan azad olunan bölgələr 7200 meqavat günəş, 2000 meqavat külək enerjisi potensialına malikdir. Laçın və Kəlbəcərin dağlıq əraziləri külək enerjisi, Zəngilan, Füzuli, Cəbrayıl və Qubadlı isə günəş enerjisi potensialı ilə diqqət çəkir. İşğaldan azad olunmuş ərazilərin "yaşıl enerji zonası"na çevrilməsi istiqamətində görülən işlər, günəş və külək enerjisindən istifadə ilə bağlı həyata keçirilən tədbirlər Azərbaycanın ixrac potensialını artıracaq.

Bir sözlə, ötən 20 ildə iqtisadi yüksəlişi təmin olunan ölkəmizin hədəfi bu sahədə də əsas ixracatçıya çevrilməkdir. Ölkəmizin bərpaolunan enerji potensialı - quruda külək və günəş enerjisinin həcmi 27 qiqavatdan çoxdur, Xəzər dənizinin Azərbaycan sektorunda isə külək enerjisi 157 qiqavat təşkil edir. Bərpaolunan enerji istehsalı siyasətinin strateji əsası Prezident İlham Əliyev tərəfindən müəyyənləşdirilən və 2021-ci ilin fevralında qəbul edilən "Azərbaycan 2030: sosial-iqtisadi inkişafın Milli prioritetləri"ndə əks olunub. Beş Milli prioritetdən biri olan təmiz ətraf mühit və "yaşıl artım" prioriteti qarşıya yeni hədəflər qoyur.

 

                                                                                 Aiza Şabanova

                                                                                      “Respubika”qəzeti

 

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()