Təbiətin mühafizəsi hər zaman prioritetdir
"COP29-un Azərbaycanda keçirilməsi 200-ə yaxın ölkə tərəfindən yekdilliklə qəbul edilmiş qərardır və bizim beynəlxalq nüfuzumuzu, hörmətimizi göstərən vacib amildir". Bu fikirləri Prezident İlham Əliyev sentyabrın 23-də yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında çıxışı zamanı bildirib.
COP29, Bakı Konfransı... Bu mötəbər toplantının başlanmasına az vaxt qalır, ancaq onun ətrafında qalmaqallar, ölkəmizə qarşı böhtan, qarayaxma kampaniyası səngimir. Özünü beynəlxalq ictimaiyyət sayan bəzi Qərb dövlətləri hələ də anlamırlar ki, Prezidentin dediyi kimi, beynəlxalq ictimaiyyət bütün dünya ölkələridir və bu dünya ölkələri bizə yekdilliklə səs verib. Onlar istəsələr də, istəməsələr də, COP29 tezliklə tarixə dönəcək. Və dünya ətraf mühitin mühafizə edilməsi, ekoloji tarazlığın qorunması sahəsində ölkəmizdə bütün dönəmlərdə görülən işlərin nəticələrinin şahidi olacaq. Vaxtilə hər tərəfi neft buruqları, paslı borular, qara rəngli tikililərdən ibarət olan, evlərin pəncərələrinin qabağında bir dənə də gül-çiçək, ətrafda az da olsa belə torpaq sahəsi olmayan, ağac, kol bitməyən bir şəhərin necə yaşıl adaya çevrildiyini, gözəlliyini görəcəklər. Görəcək və heyranlığını gizlədə bilməyəcəklər. Bakı gözəl şəhərdir. Görünür ki, onu tikənlər öz əziz diyarlarını çox istəyən insanlardır... Belə şəhərdə yaşamaq, çalışmaq, yaratmaq çox xoşdur - kəlamı yada düşür.
Bakı belə gözəl görkəmi isə ulu öndərimiz Heydər Əliyevin respublikaya rəhbərliyi dövründə ala bildi, onun təşkilatçılığı sayəsində həyata keçirilən tədbirlər paytaxtın əsrlərlə mövcud olan problemlərini qismən həll etdi.
Ekoloji vəziyyəti yaxşılaşdırmaq, yaşıllıq sahələrini artırmaq həmişə dövlətimizin diqqət mərkəzində olub, bu sahədə böyük işlər görülüb. Ən önəmlisi budur ki, bu tədbirlər ümummilli liderimiz Heydər Əliyevin respublikaya rəhbərliyinin birinci dönəmində başlanılıb.
Abşeron yarımadasında ekoloji problemlərin sağlamlaşdırılmasına ötən əsrin ortalarında çox ehtiyac duyulurdu. Ulu öndər bu istiqamətdə fəaliyyətə, ilk növbədə, respublikada sanitariya mədəniyyətinin yüksəldilməsi məsələsindən başladı. Çünki sanitariya mədəniyyəti olmayan yerdə ümumi mədəniyyətdən söhbət gedə bilməz.
...1969-cu ilin sonlarında ölkə başçısının göstərişinə əsasən tanınmış mütəxəssislərin, alimlərin iştirakı ilə keçirilən konfransda Bakının Baş planı müzakirə olundu. Natiqləri diqqətlə dinləyən Heydər Əliyev dərin məzmunlu çıxışında paytaxtın yenidən qurulması, şəhərin havasını çirkləndirən, səs-küy yaradan obyekt və müəssisələrin mərkəzdən kənara köçürülməsi, bəzilərinin yenidən qurulması, hətta ləğv olunması, yaşıllıqların sayının artırılması, çimərliklərin abadlaşdırılması kimi məsələlərin həllini vacib bir vəzifə olaraq qarşıya qoydu. Həmin konfransda "Bakını nümunəvi sanitar mədəniyyət şəhərinə çevirək!" şüarı irəli sürüldü. Bu münasibətlə bir qrup mütəxəssis Moskva və Minsk şəhərinə ezam olundu. Məqsəd həmin şəhərlərin bu sahədəki iş təcrübələrini öyrənmək idi.
O dövrün insanları yaxşı xatırlayır ki, neft-qaz, karbid, duda, sement, asfalt zavodları yerləşən ərazilərdən keçmək qeyri-mümkün idi. Qısa müddətdə həmin zavodlar şəhərdən kənara köçürüldü, Xətai rayonu ərazisindən onlarla zavod, fabrik, müəssisə çıxarıldı, onların yerindəki zibilliklər, gölməçələr, antisanitariya vəziyyəti aradan qaldırıldı, əyləncə yerləri, istirahət zonaları, bağ-bağça salındı.
XIX əsrin ikinci yarısı, XX əsrin əvvəllərində tikilmiş neftayırma zavodları yeni texnologiyalar, avadanlıqlarla təmir olundu. O dövr üçün yeni olan Elou qurğuları quraşdırıldı. Bakının Baş planına daxil olan bu işlərin həlli nəticəsində bir çox, o cümlədən indiki Xəzər, Binəqədi, Yasamal, Sabunçu, Nizami rayonları ərazisində, Şıxov çimərliyi ətrafında, Bayılda, 20-ci Sahə adlanan ərazidə böyük yaşıllaşdırma işləri aparıldı, parklar salındı.1979-cu ildə Abşeron yarımadasının yaşıllaşdırılması işlərini davam etdirmək məqsədilə hökumət növbəti qərar qəbul etdi. Bunun əsasında yarımadada 36,5 min hektar sahədə yaşıllıq salınmasına dair plan təsdiqləndi. Bu şəhər sakinlərinin şəhərətrafı və şəhərdaxili istirahətini təmin etməyi nəzərdə tuturdu. Salınan yaşıllıqlar isə Bakının iqliminə əhəmiyyətli dərəcədə təsir edir, tozlu küləklərin qarşısı alınır, hava təmizlənirdi. Ancaq əldə olunan göstərici kifayət deyildi. Müqayisə üçün deyək ki, həmin dövrdə Kiyev şəhərində bir sakinə 270 kvadratmetr yaşıllıq sahəsi düşürdü. Bakıda isə bu norma ödənilmirdi. Bunu nəzərə alaraq ulu öndərin göstərişi ilə yaşıllaşdırma işləri daha da genişləndirildi. On ildə - 1970-1980-ci illər ərzində yeni salınan yaşıllıq mühafizə zonalarında, meşə və parklarda milyonlarla ədəd ağac, gül kolu əkildi. Təbii ki, yeni yaşıllıq sahələri salınmaqla yanaşı, respublikada mövcud olan köhnə yaşıllıq zonalarında da bərpa işləri aparılır, park və bağlarda köhnə, qoca ağac və kollar yenisilə əvəz olunurdu.Sənaye rayonlarının yaşıllaşdırılmasına diqqət daha da artırılır: ayrı-ayrı neft mədəni sahələrinin, yolların, sənaye müəssisələri ilə əhali yaşayan evlərin arasında olan sanitariya zonaları yaşıllaşdırılır, mühafizə zonaları, parklar salınırdı. Bu işlər əsasən kütləvi iməciliklər sayəsində həyata keçirilirdi. Həmin iməcilikdə dövlət rəhbəri Heydər Əliyevin iştirak etməsi dövrün tərəqqipərvər, sadə insanlar tərəfindən yüksək qiymətləndirilirdi.
1974-cü ildə başlanan Bakının Sanitariya Epidemiologiya Stansiyasının tikintisi 1977-ci ildə başa çatdı. Böyük bir elmi-tədqiqat institutuna bərabər olan bu stansiyada 11 elmi laboratoriya fəaliyyət göstərməyə başladı. Bundan əlavə, stansiyanın böyük mülki-müdafiə əhəmiyyəti vardı və strateji xarakter daşıyırdı. Onun infeksiyalara qarşı profilaktik müəssisə olması da gələcəyə hesablanmışdı.
Bakının böyük kanalizasiya sisteminin layihələndirilməsi və tikilməsi də qarşıda duran əsas problemlərdən biri idi. Belə bir sistemin tikilməsi üçün 100 milyon rubldan artıq vəsait tələb olunurdu ki, bu məsələ də mərkəzlə razılaşdırılmalıydı. Müzakirələr uzun çəksə də, nəhayət, məsələ həllini tapdı.
Beləliklə, Bakı tədricən sanitar mədəniyyət şəhərinə çevrilir, ulu öndərin rəhbərliyilə ölkədə bütün sahələrdə quruculuq işləri uğurla davam etdirilirdi...
Zümrüd Qurbanqızı
“Respublika” qəzeti