04 oktyabr, 2023
Paylaş:

Tanrı müsafiri.. – Təhlil

Ümummilli Lider Heydər Əliyev XX əsrdə Azərbaycan xalqının yetişdirdiyi çox görkəmli sima, dövlət idarəçiliyi sahəsində son dərəcə böyük və təcrübəli siyasət adamı, dövlət xadimi idi-onun şəxsiyyətini dəyərləndirmək cəhdində olmaq hardasa tarixə, zamana, gələcəyə qiymət vermək iddiası qədər çətindir. Dövlət və cəmiyyət həyatının bütün sahələrində əldə olunan nailiyyətlərdə onun rolu və qayğısı misilsizdir – etirsf edək ki, onun rəhbərliyi və qayğısı sayəsində Azərbaycan öz tarixinin qızıl dövrünü yaşamışdır. Ulu Öndər zəngin dövlətçilik təcrübəsi bu gün bütün dünyada etiraf olunur və hörmətlə qarşılanır, yüksək qiymətləndirilir-o türk dünyasının tarixində həmişəlik qalacaq və həmişə anılacaq bir şəxsiyyətdir.

Tarixin bütün dövrlərində inkişafı yaradan fundamental əsas rolunda dahi şəxsiyyətlər, liderlər çıxış etmiş və bu gün də çıxış etməkdədirlər-bunlardan kənarda əhəmiyyətli inkişaf nümunəsinə tarixi təcrübədə hələ ki, rast gəlmək mümkün deyildir. Əgər böyük şəxsiyyətlər yaşamasaydı, bəşəriyyətin tarixi təsəvvürə gəlməz dərəcədə kasıb və maraqsız olardı. Tarix özünün yaratdığı dahi insanların ideyalarının və əməllərinin üzərində qərar tutur-xalqların və ölkələrin inkişafının əsasında şəxsiyyətlərin və ideyaların dayanması inancı ictimai düşüncəyə dərindən hakim kəsilmiş həqiqətlərdən sayılır. Azərbaycan xalqının XX əsrin sonu və XXI əsrin əvvəlinə təsadüf edən tarixi və taleyi Ümummilli Liderin şəxsiyyəti və onun əzəmətli ideyaları üzərində qərar tutur-müasir tariximizin bu həqiqəti Azərbaycanın indiki əzəmətli inkişafı fonunda daha aydın, daha bariz şəkildə qavranılmaqdadır.

Müasir Azərbaycanın ən mürəkkəb və taleyüklü dövründə dövlətə rəhbərlik məsuliyyətini öz üzərinə götürmüş Ümummilli Lider xilaskarlıq və quruculuq missiyasını şərəflə yerinə yetirməklə, nəinki xalqımızın ən parlaq siması, eləcə də dünya siyasi elitasının ən görkəmli şəxsiyyətlərindən biri kimi tarixdə silinməz iz qoymuşdur. Ulu Öndərin həyat və fəaliyyətinə nəzər saldıqda onun qlobal düşüncəyə malik dünya miqyaslı siyasətçi, xarizmatik lider və unikal tarixi şəxsiyyət kimi formalaşmasını şərtləndirən bir sıra səciyyəvi cəhətləri aydın görmək olur.

Ümummilli Lider cəmiyyətin mənəvi-ideoloji cəhətdən yetkinləşməsində, ictimai şüurun yeniləşməsində humanitar elmlərin, iqtisadi sistemin tənəzzüldən qurtulmasında, milli iqtisadi inkişaf modelinin düzgün müəyyənləşdirilməsində, elmlə istehsalın üzvi vəhdətinin təmin olunmasında fundamental elmlərin rolunu düzgün dəyərləndirmişdir. Ulu öndər xalqın tarixən formalaşmış milli-mənəvi dəyərlərinin, düşüncə sisteminin qloballaşan dünyanın kütləvi mədəniyyət təzahürlərindən qorunması, milli özünəməxsusluğumuzu tam ehtiva edən azərbaycançılıq ideologiyasının cəmiyyətdə möhkəm sosial dayaqlar taparaq zehinlərdə möhkəmlənməsi, davamlı inkişaf prosesində mənəvi stimula çevrilməsi üçün bütün zəruri tədbirləri həyata keçirmişdir.

Hər bir millətin tarixi inkişafı, qarşıya qoyduğu hədəflərə yetişmək əzmi, ilk növbədə, onun malik olduğu milli-mənəvi potensialdan, dəyərlər sistemindən qaynaqlanır. Zəngin milli-əxlaqi keyfiyyətlərini, milli “Mən”ini, heysiyyətini qorumağı bacaran xalq gələcək yaşam fəlsəfəsini düzgün müəyyənləşdirir, dünya miqyasında layiqli yerini, mövqeyini təmin edir. Bu həqiqəti hər zaman ciddiliklə nəzərə alan böyük strateq Azərbaycanı qoruyub inkişaf etdirmək, hansısa mərhələdə milli müstəqilliyə qovuşdurmaq üçün ilk növbədə xalqımızın zəngin milli-mənəvi irsini, tarixini, mədəniyyətini, dilini, bir sözlə, özünəməxsusluğunu şərtləndirən dəyərlərini hifz etməyə çalışmışdır.

Tarixdə şəxsiyyətin önəmli rolu və fövqəladə təsir imkanları zaman-zaman etiraf olunmuşdur-böyük, qüdrətli şəxsiyyətlər xalqın sərvətidir. Ümummilli liderin həyatı və fəaliyyəti Azərbaycan xalqının və dövlətinin tam bir epoxası ilə qaynayıb qovuşmuşdur-milli şüurun oyanışında, formalaşmasında və möhkəmlənməsində onun misilsiz xidmətləri olmuşdur. Məhz buna görə də mədəni-mənəvi intibahımızın təminatçısı olan bu böyük insan Azərbaycan xalqının XX əsrdə yetişdirdiyi nadir tarixi şəxsiyyətdir-onun zəngin və mənalı həyat yolu elə şərəfli bir tarixdir ki, gələcək nəsillər zaman-zaman bu tarixi öyrənəcək, ondan ibrət götürəcəklər. Ulu öndər xalqın yüksəlişində iqtisadi, siyasi, sosial münasibətlərlə bir sırada elm və təhsilin, mədəniyyətin, milli şüuru formalaşdıran bütün digər əsas faktorların rolunu lazımi səviyyədə dəyərləndirmiş, məhz bu yanaşma nəticəsində müstəqil dövlətçilik ideyası intellektual əsaslar qazanmışdır.

Ümummilli liderin hakimiyyət fəlsəfəsinin maddi– mənəvi resursunu Azərbaycan xalqının tarixən formalaşmış azadlıq idealı və müstəqilliyini qorumaq əzmi təşkil edir. Bu həyat fəlsəfəsi özünün inkişafında uzun təkamül dövrü keçmişdir-onun müdrik fəlsəfəsi xalqının tarixi nikbinlik ideologiyasından bəhrələnmişdir. O, həmişə belə bir ideyanı aşılamağa çalışmışdır ki, millətin tarixi inkişafının keyfiyyəti xalqın siyasi iradəsindən və dövlət başçısının insani keyfiyyətlərindən asılıdır. Ümummilli Liderin əsasını qoyduğu, qurduğu müasir Azərbaycanın, müstəqil Azərbaycan dövlətinin tarixinin yeni-yeni səhifələri yazılır-bu tarixin müəllifi də məhz Ulu öndərdir-onun formalaşdırdığı müasir Azərbaycan bu gün yaşayır, təkmilləşir və bununla da bu dahi şəxsiyyətin ideyalarının həmişəyaşarlığının təzahürü kimi çıxış edir.

XX əsr tariximizin fenomen şəxsiyyəti xalqı tarixən can atdığı müstəqillik idealına qovuşdurmuş, mütərəqqi ənənələr əsasında yeni dövlətçilik konsepsiyasını irəli sürmüşdür-ölkəsini azad, müstəqil və inkişafda görmək istəyən Ulu Öndərin mənalı ömür yolunun hər anı, hər səhifəsi bugünkü və gələcək nəsillərə nümunə olacaq unudulmaz tarixdir.

Müstəqil Azərbaycan dövlətinin memarı olan bu fenomenal şəxsiyyət haqlı olaraq azərbaycanlıların milli qürur və iftixar mənbəyinə çevrilmiş, ümummilli lider adını qazanmışdır. Azərbaycan xalqı Heydər Əliyevi yetişdirdiyi kimi, Heydər Əliyev də müasir Azərbaycan dövlətçiliyini yetişdirmiş, qabaqcıl, demokratik Azərbaycan Respublikası səviyyəsinə gətirmişdir. Ulu Öndər həmişə deyirdi ki, milli ruhu və milli varlığı müdafiə, eyni zamanda mühafizə etməyin, milli maraqları gerçəkləşdirməyin ən uğurlu forması müstəqil milli dövlətdir. Odur ki, milli-mənəvi dəyərlərlərlə yanaşı, milli dövlətçiliyin də qorunmasını, inkişafinı və dünyaya inteqrasiyasını siyasi fəaliyyətinin əsas hədəfləri hesab etmiş, özünün mənalı ömrünü bütünlüklə bu məqsədlərə həsr etmişdir. Ulu öndər dühasının xalqa, milli maraqlara xidməti öz zirvəsinə müasir Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində və müstəqilliyinin əbədiləşdirilməsində çatmışdır.

Ümummilli Lider hakimiyyətə gəldiyi ilk gündən dərhal azərbaycanlılar arasında milli birlik, xalqla hakimiyyət arasında yaranmış müəyyən ayrılığı aradan qaldırıb vəhdət yaratmağa başladı, Azərbaycan elitasını birləşdirib respublikanın tərəqqi, inkişaf yoluna çıxarılmasına nail oldu. Peşəkar kadrlar hazırlamaq Ulu öndərin prioritet hesab etdiyi məsələlərdən idi-bütün bunları isə xalqın öz içərisindən, öz nümayəndələrindən seçirdi. Amerikanın görkəmli tarixçiləri T. Svyatoxovski və B. Kollinz yazırdılar: “Heydər Əliyev Azərbaycan KP-nin rəhbəri seçildikdən sonra respublikadakı iqtisadi tənəzzülün qarşısı alındı, alternativ sənaye sahələri yaradıldı, neft sənayesinə xüsusi diqqət yetirildi. O, respublikanın siyasi elitasını birləşdirdi-bu elita əsasən azərbaycanlılardan ibarət idi. Heydər Əliyev daim milli birliyə can atır, Azərbaycan elitasını birləşdirərək azərbaycanlıları yüksək vəzifələrə gətirirdi. Heydər Əliyev nailiyyətinin ən aşkar mənbəyi onun neft siyasətində idi. Lakin həmin siyasət həm də milliliyi həyata keçirirdi. Bu da yerli nomenklaturanın möhkəmləndirilməsi ilə nəticələndi. Heydər Əliyevin otuz beş nəfər əsas əməkdaş və tərəfdarlarının demək olar ki, hamısı azərbaycanlı idi. O, mühüm əhəmiyyətli boş vəzifə yerlərini doldurmaq üçün slavyan mənşəli namizədlərdən istifadə edilməsinə heç bir meyl göstərmirdi və bir qayda olaraq, rus millətindən olan ikinci katib Moskva tərəfindən təyin edilirdi”. ABŞ tədqiqatçısı Bernard A. Kukin isə yazırdı ki, bütün sovet dövründə azərbaycanlılar ilk dəfə olaraq Azərbaycanda məhz Heydər Əliyevin hakimiyyəti illərində iqtisadi həyatda hökmran mövqe tutdular, onların özünə inamı gücləndi.

Ümummilli Lider öz parlaq siyasi zəkası və istedadı sayəsində yeni Azərbaycanı, onun bugünkü gerçəkliklərini yaratmış və gələcəyə aparan yolları müəyyən etmişdir. Azərbaycan tarixinin 1969-cu ildən bəri yaşanan dövrü Ulu öndərin adı ilə sıx bağlıdır və tariximizə “Heydər Əliyev epoxası” kimi həkk olunmuşdur. Bu dövrün Azərbaycanın gələcək tarixi taleyi baxımından başlıca məzmunu isə azərbaycançılıqdır. Ulu öndərin dövlətçilik strateji proqramında azərbaycançılıq məfkurəsi xüsusi yer tutmuşdur.

Ümummilli Lider hakimiyyətə gəldiyi ilk vaxtlardan milli kadrların hazırlanmasını prioritet məsələlərdən biri hesab edirdi. Bunun üçün Azərbaycanın təhsil sistemini inkişaf etdirmək, qabaqcıl dünya ölkələrinin təhsil sistemi ilə əlaqələr qurmaq lazım idi. Qüdrətli şəxsiyyət zaman-zaman buna nail oldu-təhsilin inkişafı mərhələlərinə strateji əhəmiyyət verilirdi, yerli mütəxəssislərin hazırlanması işinin təşkili bu illərdə tamamilə yeni səviyyəyə çatdırılmışdır. Azərbaycanda yeni-yeni ali məktəblər açıldı-hərbi məktəbin açılması xüsusi olaraq qeyd edilməlidir-bu hadisə Ulu Öndərin xalqın sabahı naminə uzaqgörənliklə həyata keçirdiyi siyasətin real bəhrəsi idi. XX əsrin əvvəllərində azərbaycanlı hərbi kadrların olmaması və ya az olması onu düşündürən vacib məsələlərdən idi. Azərbaycanlı hərbçilərin hazırlanması yalnız Sovet ordusu tərkibində mümkün idi-ona görə də Ümummilli Liderin həyata keçirmək istədiyi əsas məsələlərdən biri azərbaycanlılar arasında hərbi kadrların yetişdirilməsi idi. Həmin dövrlərdə dövlətin ümumi siyasəti sayəsində orta məktəblərdə hərbi hazırlıq fənni tədris edilməyə başlandı, hərbi kadrların hazırlanmasına, hərbçilərə, hərbi vətənpərvərlik tərbiyəsinə diqqət yetirildi. Bu məsələ çox böyük ustalıqla, siyasi baxışlarla, dünyagörüşlə gələcəyə hesablanmış əhəmiyyətli məsələ idi. Gələcəkdə Azərbaycanın milli ordusunun formalaşdırılmasında güclü zabit ehtiyatı, bacarıqlı, savadlı hərbi kadrlarla zəngin olan qüdrətli ordunun yaradılması müstəqilliyin təməllərinin birinin hazırlanmasına hesablanmışdır. Bu gün mövcud olan Azərbaycanın güclü, qüdrətli, düşmənlərimizə layiqli müqavimət göstərə biləcək milli ordunun formalaşdırılmasının əsasını məhz bu böyük tarixi şəxsiyyət qoymuşdur.

Ümummilli Lider həmişə həm müdrik el ağsaqqalı, həm də təcrübəli dövlət başçısı kimi cəmiyyətimizin mənəvi əsaslarını təşkil edən ümdə prinsiplər və onların qorunub inkişaf etdirilməsi istiqamətləri barədə çox dəyərli fikirlərini xalqla bölüşdürmüşdür. Belə bir ünsiyyətin fərqləndirici əlaməti onun rəsmiyyətdən uzaqlığı, cəmiyyətin sadə üzvləri ilə daim təmasda olması, həmişə xalqa bağlılığı ilə şərtlənirdi. Ulu öndər öyrədirdi ki, sərvət toplamaq, dünyanın ən ləzzətli təamlarını nuş etmək, son dəbdə geyinmək, bütövlükdə müəyyən maddi sərvətlərə malik olmaq mümkündür. Lakin hər bir insan və hər bir millət hər şeydən əvvəl öz xalqının mənəvi sərvətlərinə sahib çıxmalı, öz mədəniyyətini, adət-ənənəsini, mentalitetini və milli-mənəvi dəyərlərini qorumalıdır.

Ölkəmiz müsəlman dünyasının ayrılmaz hissəsi olaraq islam mədəniyyətinin inkişafına tarixən öz töhfələrini vermişdir-islam dini xalqımızın həm dini əqidəsi, həm də milli-mənəvi dəyərləri kimi insanların həyatının ayrılmaz tərkib hissəsinə çevrilmişdir. Azərbaycan xalqı tarixin ən çətin dövrlərində belə, öz zəngin milli-mənəvi irsini və adət-ənənəsini yad təzahürlərdən hifz edərək onu qoruyub saxlamış və nəsildən-nəsilə ötürmüşdür. Xalqımızın milli-mənəvi dəyərləri, adət-ənənəsi insanlarımızın dini etiqadına əsaslanaraq özündə çox böyük milli əxlaqi və bəşəri duyğuları təcəssüm etdirir. Müqəddəs daxili inama, mənəvi saflığa tapınan Azərbaycan xalqı tarixin ən kəşməkəşli mərhələlərində belə, mənəviyyatın təntənəsinə xidmət edən İslam dininin zəngin dəyərlərindən dönməyərək bu dəyərlərə həmişə sadiq qalmışdır. İslam dininin mahiyyətini dərk edən xalqımız onun insan ruhunu paklığa səsləyən müqəddəs çağırışlarına, mərasim və ayinlərinə tarixin bütün məqamlarında əməl etməyə çalışmışdır. Ulu öndər bu haqda demişdir: “Bizim xalqımız yüz illərlə, min illərlə adət-ənənələrimizi, milli-mənəvi dəyərlərimizi yaradıbdır və bunlar indi bizim xalqımızın mənəviyyatını təşkil edən amillərdir”. Ulu öndər milli-mənəvi dəyərlərin xalqın, vətəndaşların milli birliyinə xidmət etdiyini həmişə vurğulamış, xüsusən dini bayramların milli həmrəyliyin təmin edilməsində mühüm rol oynadığını xüsusi qeyd etmişdir.

Müdrik şəxsiyyətin fəaliyyəti dövründə ölkənin iqtisadiyyatı, xalqın rifah halı, elm və təhsil, mədəniyyət və incəsənət, səhiyyə sahələri inkişaf edərək Azərbaycanın keçmiş müttəfiq respublikalar sırasında ön yerlərdən birini tutmasına gətirib çıxardı. Ümummilli lider bu fəaliyyəti ilə tək həmin dövrün Azərbaycanı və vətəndaşları üçün yox, həm də gələcək müstəqil Azərbaycanın möhkəm təməlini, sonrakı nəsillərin xoşbəxt və firavan həyatının bünövrəsini qoymuş, müstəqil Azərbaycanın ilk Konstitusiyası dünya standartlarına uyğun şəkildə hazırlanıb qəbul olunmuşdur.

Ümummilli lider ikinci dəfə siyasi hakimiyyətə gəldikdən sonra fəaliyyətinin, yeritdiyi siyasətin ən mühüm və ən başlıca cəhəti respublikamızın müstəqilliyinin qorunub saxlanılması, möhkəmləndirilməsi, Azərbaycan dövlətçiliyinin inkişaf etdirilməsi olmuşdur. “Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir” sözləri Ulu öndərin fəaliyyətinin başlıca məzmununu təşkil etmişdir. XX əsrdən bəhs edəndə həm də onu üç böyük ideyanın reallaşdığı, gələn nəsillərə miras qalan ideyalar əsri kimi səciyyələndirirlər. Bunlar suverenlik, demokratiya və siyasi inkişaf modelləri ideyalarıdır. Ulu öndər ən qısa zaman kəsiyində yüzilliyin ideyaları sayılan bu üç irsi həyata keçirməyə, suveren, demokratik Azərbaycan dövləti yaratmağa, onun özünəməxsus siyasi inkişaf modelini müəyyənləşdirməyə qadir olmuşdur. O, sübut etmişdir ki, “heç bir ideya cəmiyyətə kənardan diktə və göstərişlə qəbul etdirilə bilməz. Cəmiyyətin öz içərisində ideyanı duyan, konkret tarixi spesifikaya uyğun tətbiq edən, yeni ideyaları milyonlara çatdıra bilən siyasi lider hər şeyə qadirdir”.

Ümummilli lider ali sovet rəhbərliyindən uzaqlaşdırılıb ciddi nəzarət altında yaşamağa məhkum ediləndən dərhal sonra erməni dığalarının Azərbaycana qarşı ərazi iddiası baş qaldırdı-bu məqamı çoxdan gözləyən erməni millətçiləri, guya, sosial vəziyyətin pisləşməsini və buna görə də Azərbaycan hökumətinin rəhbərliyi altında yaşamağın mümkünsüzlüyünü özlərinə şüar edərək, Ermənistanda və Dağlıq Qarabağda ictimai fikri çaşdıra bildilər, açıq separatizm başlandı. Respublika rəhbərliyi muxtar vilayətdə sürətlə genişlənən antiazərbaycan hərəkatının qarşısını almaq üçün ciddi tədbirlər görə bilmədilər, bacarıqsızlıqlarından bu zəruri işi İttifaq orqanlarının vəzifəsi saydılar. Ermənipərəst sovet rəhbərliyi isə münaqişənin qarşısını vaxtında almaq əvəzinə, onun qanlı müharibəyə çevrilməsinə şərait yaratdı, Azərbaycanı süni surətdə oyundankənar vəziyyətə salmaqla ərazilərimizin 20 faizinin itirilməsinə səbəbkar oldu. Dünya miqyaslı siyasətçi və dövlət xadiminin böyük siyasətdən kənarda qaldığı həmin illərdə respublikada baş verən qarışıqlıq, hakimiyyət uğrunda qruplararası mübarizə də düşmənin təcavüzkarlığı qarşısında ölkəmizi müdafiəsiz qoydu. Ulu öndər belə bir mürəkkəb şəraitdə dağılmaqda olan sovet imperiyasının mərkəzində ciddi nəzarət altında yaşamağa məhkum edilsə də, çətinliklə imkan tapıb Vətənə qayıtdı, lakin respublika rəhbərliyinin dəstəklədiyi bəzi qrupların təqibindən-parlamentdə təşkil olunan böhtan xarakterli çıxışlar, yaranan böhrandan çıxış yolu axtarmaq əvəzinə siyasi oyunlar qurmaq, bu dahi şəxsiyyəti ləkələmək üçün hazırlanmış adamların mikrofon növbəsi- Bakıda qala bilməyib Naxçıvana qayıtmağa məcbur oldu. B.Vahabzadənin əlini kürsüyə döyərək “bir vaxtlar sizlər bu kürsünün önündə boynunuzu büküb xoş sözlər demək üçün növbəyə dayanmağınızı nə tez unutdunuz? İmperiya dağılır, ermənilər torpaqlarımıza göz dikib, siz isə köhnə palan eşələyirsiniz”-harayını yaxşı xatırlayıram. Ulu öndərin hakimiyyətdən uzaqlaşdırılmasına bəzi içimizdən olanlar da ermənilər kimi sevinirdilər, ən dəhşətlisi bunlar hakimiyyətin bəhrəsini görənlər, bu dahi insanın qayğısını hiss edənlər idi. Plenumun səhəri günü Heydər Əliyevin Siyasi büronun üzvi kimi şəklinin divarlardan söküldüyü ilk yer Azİİ oldu-mən səhər 7.30-da işə gələndə institutun təsərrüfat sahəsində işləyən ermənilər əllərində balta şəkilləri vəhşicəsinə sökürdülər-bütün bunlar rektor İsmayıl İbrahimovun iştirakı ilə edilirdi-bu vaxtilə Heydər Əliyevin vəzifələrə təyin etdiyi, Sosialist Əməyi Qəhramanı adını, çoxlu orden və medalları verdiyi İbrahimov idi. Həm İttifaq, həm də respublika rəhbərliyinin Heydər Əliyev fenomeni qarşısında acizliyi özünü həmişə göstərmişdir.

1990-cı il yanvarın 21-də Moskvada Azərbaycan nümayəndəliyində 20 Yanvar faciəsi il bağlı keçirdiyi mətbuat konfransı Ümummilli liderin siyasi fəaliyyətə qayıdışı oldu. Həmin vaxtlar Bakıda hakimiyyət uğurunda gedən mübarizə məkanı Milli Məclisin qarşısı idi-üç qruplaşma -hakimiyyəti dəstəkləyən Hacı Əbdülün bandası, radikal müxalifətin çağırışı ilə cəbhə bölgəsindən gəlmiş Xalq cəbhəsinin tərəfdarları və Heydər Əliyevin hakimiyyətə qayıdışını dəstəkləyən ziyalılar-qarşı-qarşıya dayanmışdır. Naxçıana qaytdıqdan sonra Muxtar respublikaya rəhbərlik ona həvalə olundu və onun burada gerçəkləşdirdiyi zəruri tədbirlərlə Naxçıvan işğaldan xilas edildi, qəbul edilmiş tarixi qərarlarla dövlətçiliyimizin bərpası ilə bağlı ciddi addımlar atıldı. Həmin dövrdə Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adı dəyişdirilərək, “Sovet Sosialist” sözləri oradan çıxarılmış, AXC-nin üçrəngli bayrağı Naxçıvanın dövlət bayrağı kimi elan edilmişdir. 1991-ci ilin əvvəllərində Sovet İttifaqının saxlanılmasına dair Azərbaycanda referendum keçiriləndə muxtar respublikada məhz Ulu öndərin təşəbbüsü ilə referendum keçirilməmişdir. Bunlar Azərbaycan xalqının lideri tərəfindən müstəqillik uğrunda atılan növbəti addımlar kimi qiymətləndirilir. Onun fəaliyyəti də, şəxsiyyəti də Azərbaycan tarixinin ayrılmaz bir hissəsini təşkil edir.

1993-cü ilin böhranlı yayında zamanın hökmü ilə Azərbaycan dövlətinə və xalqına rəhbərliyin ağır məsuliyyətini öz üzərinə götürən praqmatik və xarizmatik liderin siyasi qayıdışı ölkəmizin müstəqillik yolu ilə irəliləyişi üçün dönüş məqamı oldu. Bundan sonra çoxsaylı terror aktlarının, dövlət çevrilişlərinə cəhdlərin qarşısını alaraq, siyasi sabitliyə və sosial-iqtisadi dirçəlişə nail olan Ulu öndər Qarabağ müharibəsinin gedişində də dönüş yaratdı və düşməni atəşkəs müqaviləsi bağlamağa məcbur etdi. Ümumiyyətlə, açılmaz bir düyünü xatırladan Dağlıq Qarabağ münaqişəsinin həlli Ümummilli liderin siyasi xəttinin və diplomatik fəaliyyətinin əsasını təşkil etdi. Ölkəmizin ətrafında baş verənləri, başımızın üstünü alan qara buludları görən, prosesləri uzaqgörənliklə qiymətləndirən Ulu öndər respublikamızın pozulmuş ərazi bütövlüyünün bərpa olunması və işğalçıların ölkə ərazisindən çıxarılmasının düzgün yolunu müəyyənləşdirdi-Dağlıq Qarabağ probleminin həlli ilə bağlı beynəlxalq aləmin dəstəyinin qazanılması Azərbaycan diplomatiyasının qarşısında duran ən mühüm vəzifələrdən biri oldu.

Ümummilli liderin qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı. Həyata keçirilən təxirəsalınmaz tədbirlərin nəticəsində Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atıldı, siyasi və diplomatik vasitələr hesabına 1994-cü ilin mayında ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən atəşkəsə nail olundu. Ölkə daxilində yaranmış nisbi sabitlikdən və beynəlxalq aləmdə ölkəmizə artan inam və maraqdan istifadə edərək, 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi” adlandırılan ilk neft müqaviləsinin imzalanması Ulu öndər tərəfindən işlənib hazırlanmış və müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürü oldu. Dahi liderin son dərəcə gərgin fəaliyyət nəticəsində Azərbaycanın taleyi ilə pərdəarxası oyunlara, siyasi anarxiya və eksperimentlərə son qoyuldu, ölkədə cinayətkarlığın qarşısının alınması sahəsində böyük işlər görüldü, bütün qanunsuz silahlı dəstələr ləğv olundu-bütün bunlar da ölkəmizdə dövlət quruculuğu prosesinin uğurla aparılması üçün şərait yaratdı, 1994-cü ilin oktyabrında və 1995-ci il martında olan dövlət çevrilişi cəhdlərinin qarşısı qətiyyətlə alındı, dövlət müstəqilliyi qorunub saxlanıldı, ilk Konstitusiya qəbul olundu, dövlətçilik möhkəmləndirildi, demokratik prinsiplər bərqərar oldu, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesi uğurla həyata keçirilməyə başlandı, başlıca qayəsini müstəqillik, azərbaycançılıq, dövlətçilik, ədalətlilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən yeni bir ideologiyanın əsası qoyuldu. Həyata keçirilən böyük işlərin nəticəsində hər bir vətəndaşın azad, sərbəst yaşamaq hüquqları təmin edildi, onların öz rifahlarını yaxşılaşdırmaq imkanları yarandı, uğurlu iqtisadi islahatlar, bazar iqtisadiyyatının bərqərar olması, iqtisadi inkişafın təmin edilməsi, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası, özəlləşdirmə proqramının, aqrar islahatların həyata keçirilməsi ardıcıl prioritet sahələr olmuşdur. Demokratik, hüquqi dövlət quruculuğu istiqamətində davamlı siyasət, ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması, Azərbaycan dövlətinin xarici siyasəti, dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələrin milli maraqlara və uzaqgörən siyasi perspektivlərə əsaslanan xətlə inkişafı, beynəlxalq miqyasda etiraf olunan uğurlu və cəsarətli addımlar atılması, milli məqsədlər naminə ən nüfuzlu tribunalardan bacarıq və məharətlə istifadə edilməsi Azərbaycan dövlətçiliyinin bu günü və gələcəyi baxımından son dərəcə əhəmiyyətli olmuşdur.

Ümummilli liderin fəal diplomatiyası nəticəsində dünyanın demokratik dövlətlərinin və aparıcı ictimai təşkilatlarının ölkəmizə, onun zorla cəlb olunduğu silahlı münaqişəyə münasibəti əsaslı surətdə dəyişdi- onun xarici siyasətinin əsasını sülh, beynəlxalq hüquq normalarına, sərhədlərin bütövlüyünə və toxunulmazlığına, dövlətlərin ərazi bütövlüyünə hörmət və qarşılıqlı surətdə faydalı əməkdaşlıq prinsipləri təşkil edirdi. Onun sülhsevər xarici siyasətinin əsasında milli müstəqilliyin möhkəmləndirilməsi, dövlətlərin hüquqlarına hörmətlə yanaşılması, bütün mübahisəli məsələlərin sülh və danışıqlar yolu ilə həll edilməsi, qarşılıqlı surətdə faydalı iqtisadi, elmi və mədəni əməkdaşlıq yaradılması, dövlətlərarası əlaqələrə mane olan hər cür məhdudiyyətlərin aradan qaldırılması prinsipləri dayanırdı. Ulu öndər tərəfindən əsası qoyulmuş balanslaşdırılmış xarici siyasət nəticəsində Azərbaycan sivil dünyanın siyasi xəritəsində geostrateji mövqeyini möhkəmləndirmiş, qlobal məkanda cərəyan edən proseslərin istiqamətverici subyektinə çevrilməyə nail olmuşdur. Yeni dünya düzənində aparıcı güc mərkəzləri arasında gedən mübarizənin mahiyyətinə uyğun xarici siyasət yeridən müstəqil Azərbaycan Cənubi Qafqazın lokomotiv dövlətinə çevrilmiş, ölkəmizin regionda gerçəkləşdirilən bütün transmilli layihələrdə iştirakı təmin olunmuşdur. Böyük öndərin rəhbərliyi altında Azərbaycanın xarici siyasəti, dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələri ümummilli mənafelərə, habelə siyasi perspektivlərə əsaslanan xətlə inkişaf etmişdir. 1992-ci ildən başlayaraq türkdilli dövlətlər arasında iqtisadi, siyasi, ədəbi-mədəni əlaqələrin genişləndirilməsi və möhkəmləndirilməsi sahəsində də böyük işlər görülməyə başlandı-Ulu öndər bütün türk dünyasının ən nüfuzlu şəxsiyyəti kimi şöhrət qazanmışdır.

Ümummilli lider Azərbaycanın təbii sərvətlərindən, əlverişli coğrafi-strateji mövqeyinin üstünlüklərindən ölkənin milli mənafelərinə uyğun şəkildə istifadə edilməsinə yönəldilmiş irimiqyaslı beynəlxalq iqtisadi sazişlərin işlənib hazırlanması və həyata keçirilməsi sahəsində son dərəcə gərgin və səmərəli fəaliyyət göstərmişdir-beynəlxalq müqavilələrə imza atılmış və onların həyata keçirilməsinə başlanmışdır, bir sıra dünya miqyaslı iqtisadi proqramların həyata keçirilməsində Azərbaycan aparıcı rol oynamışdır.

Ulu öndər dünya azərbaycanlılarının təşkilatlanması və onların bir Vətən - müstəqil Azərbaycan ətrafında sıx birləşməsi üçün daim və əzmlə səy göstərmiş, bu istiqamətdə son dərəcə qiymətli qərarlar qəbul etmişdir. Ümummilli lider hər bir azərbaycanlı üçün qürur və iftixar mənbəyi, taleyin xalqımıza bəxş etdiyi böyük tarixi şəxsiyyət, müstəqil Azərbaycan dövlətinin qurucusu, milli dövlətçiliyimizin ideya əsasını yaradan olmuşdur. Tarixdə şəxsiyyətlərin rolu danılmazdır-öz əməlləri ilə mənsub olduğu xalqın taleyini, tarixini dəyişdirmiş, milli kimliyini qürur və fəxarət mənbəyinə çevirmiş şəxsiyyətlər xalqının milli yaddaşında əbədiyaşarlıq hüququ qazanmışdır. Bu gün müstəqil kimliyi və öz dövləti ilə dünya səhnəsində yer alan xalqların taleyini də məhz belə tarixi şəxsiyyətlər müəyyənləşdirmişdir. Azərbaycan xalqı üçün belə möhtəşəm əməllərə imza atmış şəxsiyyət və böyük lider məhz Ulu Öndər olmuşdur-onun adı müstəqil və suveren Azərbaycanın simvolu kimi səslənir, onun həyat amalı, zaman və məkan anlayışına sığmayan siyasi fəaliyyətinin əsas məqsədi azad və müstəqil Azərbaycan dövlətini qurmaq olmuş və o, müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində xalqımızın azadlıq və müstəqillik ideallarını gerçəkləşdirməyə nail olmuşdur.

Ümummilli lider xalqına arxalanaraq, zəngin dövlətçilik təcrübəsinə, yüksək idarəetmə bacarığına söykənərək çox qətiyyətli, müdrik qərarlar qəbul etmiş, Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirmiş, ölkəmizin və xalqımızın milli inkişafını təmin etmişdir. Ulu Öndərin 1969-82-ci illərdə respublikamızın sosial-iqtisadi, mədəni yüksəlişi üçün gördüyü işlər, milli ruhun və milli özünüdərkin inkişafı, xalqımızın tarixi yaddaşının özünə qaytarılması və milli şüurun oyanışı, azərbaycançılıq məfkurəsinin ideoloji sütuna çevrilməsi kimi fundamental məsələlərin çox dəqiqliklə və cəsarətlə həllini tapması, milli ziyalı təbəqəsinin formalaşdırılması istiqamətində atdığı addımlar Azərbaycanın gələcəkdə müstəqil xəttə malik, heç bir dövlətdən asılı olmayan respublika kimi mövcudluğuna zəmin hazırlayan düşünülmüş tədbirlər olmuşdur. Həyata keçirilən genişmiqyaslı proqramlar müasir iqtisadi potensialın formalaşdırılmasına, sosial-mədəni həyatın canlandırılmasına yönəldilmiş, gələcək müstəqilliyimizin təmin olunmasına əsas yaratmış, milli mədəniyyət, milli tarix, milli-mənəviyyat məsələlərində müstəqillik elementləri qabarıq şəkildə ortaya qoyulmuşdur.

XX əsrin 80-ci illərinin sonlarında dünyada tamamilə fərqli bir mənzərə formalaşdı-yeni geosiyasi düzənə transformasiya sürətləndi, yeni qlobal dəyərlər sistemi meydana çıxdı, keçmiş ittifaq daxilində yaşayan xalqların müstəqillik arzuları baş qaldırdı. Azərbaycan xalqı üçün də öz müstəqil dövlətini qurmaq, azadlıq ideallarına qovuşmaq çox gərgin, faciəli hadisələrin nəticəsində mümkün olmuşdur-1990-cı ilin 20 Yanvar hadisələrini proseslərin dönüm nöqtəsi hesab etmək olar. 1993-cü il iyun ayının 15-də Heydər Əliyevin Azərbaycan Ali Sovetinə sədr seçilməsi parlamentarizm tariximizdə müstəsna əhəmiyyətə malikdir, Azərbaycan parlamentarizm tarixinin ən parlaq səhifələrini təşkil edir-onun rəhbərliyi ilə parlament ali qanunverici orqan kimi ölkəmizin problemlərinin həlli ilə bağlı demokratik müzakirələrin keçirildiyi və siyasi mədəniyyətin hökm sürdüyü bir tribunaya çevrilmiş, parlamentin ictimai nüfuzu yüksəlmiş və effektiv qanunvericilik fəaliyyəti həyata keçirilmiş, mühüm qanunlar qəbul olunmuşdur. Bu qısa dövrdə ölkə həyatının ən müxtəlif sahələrini əhatə edən, iqtisadiyyatın yenidən dirçəldilməsi və vətəndaşların sosial mənafelərinin qorunmasına yönəlmiş, həmçinin beynəlxalq fəaliyyət sahəsində prioritetlərin əks olunduğu 120-dən artıq qanun və qərar qəbul olunmuşdur. Azərbaycan parlamentinə rəhbərlik etdiyi dövrdə Ulu Öndər ictimai sabitliyin bərpası, siyasi sistemin inkişafı, Azərbaycanın beynəlxalq təcridinin aradan qaldırılması istiqamətində yorulmadan fəaliyyət göstərmiş, mədəniyyətin, elmin, təhsilin inkişafına, gənc nəslin fəallığının artırılmasına böyük diqqət göstərmişdir. Beləliklə, çox qısa müddətdə Azərbaycan parlamenti Ulu Öndərin rəhbərliyi ilə ölkənin taleyüklü məsələlərinin həllində vacib rola malik olmuş, ölkəmizin müstəqil inkişafına öz dəyərli töhfələrini vermişdir.

1993-cü il oktyabr ayının 3-də keçirilən seçkilərdə Azərbaycan Prezidenti seçilən Ulu Öndərin rəhbərliyi ilə ölkəmizdə qısa müddətdə ictimai nizam-intizam, siyasi sabitlik təmin edilmiş, milli təhlükəsizliyin sarsılmaz əsasları yaradılmış, qanunsuz silahlı birləşmələr tərk-silah edilmiş, nizami, güclü ordu quruculuğuna başlanmışdır. Azərbaycan Ulu Öndərin müstəsna liderlik qabiliyyəti və yüksək idarəetmə məharəti sayəsində 1993-2003-cü illərdə öz inkişaf və sabitlik dövrünü yaşamış, müstəqilliyini möhkəmləndirmişdir. Ümummilli liderin ideyaları konkret zaman və məkan məhdudiyyəti tanımır, onun müəllifi olduğu dövlətçilik konsepsiyası, dəqiqliklə işləyib hazırladığı strateji kurs sonrakı dövrlərdə ölkəmizin müstəqilliyinin möhkəmlənməsinə, inkişafına xidmət etmiş, Azərbaycanın gələcəyinə işıq tutmuşdur.

Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni tarixini yazır. Əlbəttə, Azərbaycan tarixində bir çox şərəfli anlar olmuş, xalqımızın qürur mənbəyinə çevrilmiş hadisələr yaşanmışdır. Ali Baş Komandanın başçılığı ilə Azərbaycan Ordusunun zəfər yürüşü, torpaqlarımızın işğaldan azad edilməsi dövlətçilik tariximizdə xüsusi əhəmiyyətə malikdir. Qurtuluş savaşı aparan Şanlı Ordumuz 30 ilə yaxındır işğal altında olan torpaqlarımızı düşməndən təmizləyərək zəfər yürüşünü, xilaskarlıq missiyasını davam etdirmişdir. Ulu öndərin yarımçıq qalmış ideyalarını çox böyük müvəffəqiyyətlə həyata keçirən, geniş dünyagörüşə malik, uzaqgörənliyi və dərin siyasi baxışları ilə bu gün dünya siyasətçilərini heyran qoyan Prezident İlham Əliyevin yorulmaz fəaliyyəti Azərbaycanı getdikcə daha uca zirvələrə qaldırır. İndi Azərbaycan regionda lider dövlətə çevrilib, Avropaya və dünya birliyinə uğurla inteqrasiya edir. Ölkəmizin iştirakı olmadan regionda hər hansı bir iri layihənin həyata keçirilməsi mümkün deyildir-biz indi fəxr edirik ki, Azərbaycan iqtisadiyyatı sürət tempinə görə liderdir, dünyanın ən islahatçı dövlətidir. Bu gün də Heydər Əliyevin müəyyən etdiyi yol davam etdirilir. Azərbaycan inkişaf edir, ən uca zirvələrə qalxır, beynəlxalq aləmdə öz nüfuzunu daha da gücləndirir. İndi Heydər Əliyev ideyaları Azərbaycan dövlətinin strateji inkişaf xəttinin ideoloji əsaslarını təşkil edir. Onun xalqımız, Vətənimiz qarşısında ən böyük və müqəddəs borcu onun məmləkətimizin nailiyyətlərini gələcəkdə yaşatmaq və daha da təkmilləşdirmək iqtidarında olan layiqli, ləyaqətli bir varisi - İlham Əliyevi yetişdirməsidir. İlham Əliyev türk dünyasının ən qüdrətli sərkərdəsinin, Heydər Əliyev kimi azman siyasi liderin, qüdrətli zəka sahibinin yanında, siyasi kürəsində bərkimiş, yetkin dövlət başçısı olduğunu məsuliyyətli fəaliyyətində təsdiqləmişdir. Əgər indi Ulu öndərin siyasi varisi, layiqli davamçısı İlham Əliyev bütün varlığı ilə müstəqil Azərbaycanımızın siyasi, iqtisadi və mədəni inkişafı istiqamətində həlledici əhəmiyyətə malik işlər görürsə, deməli, Heydər Əliyev ideyalarının həyata keçirilməsi başlıca vəzifə kimi öz aktuallığını saxlayır və xalq da öz Prezidentinin həyata keçirdiyi məqsədyönlü siyasəti dəstəkləyir.

Artıq fəxrlə deyə bilərik ki, Azərbaycan möhkəm və qüdrətli dövlətə çevrilib və bu böyük şəxsiyyətlərin reallaşdırdıqları inkişaf konsepsiyası sayəsində əldə olunan uğurlar ölkəmizin nurlu sabahının təminatçısıdır. Ulu öndər bizim dahi müasirimizdir-bu faktın özü hər bir azərbaycanlı üçün qürur və iftixar mənbəyidir. Müstəqil Azərbaycan dövlətinin qurucusu kimi milli dövlətçiliyimizin ideya əsasını məhz Heydər Əliyev yaratmışdır. Bütün mənalı həyatını öz xalqına bəxş etmiş Ümummilli liderin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq, əsl dövlət idarəçiliyi məktəbinə çevrilmişdir. Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu böyük məktəbdən, Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaqdır.

Bu gün müstəqil Azərbaycan dövlətinin öz siyasi dəst-xətti, öz dövlətçilik siması, öz inkişaf yolu vardır-Azərbaycanda əsası Ulu öndər tərəfindən qoyulmuş vahid inkişaf strategiyası, siyasi - iqtisadi və mədəni-mənəvi təkamül konsepsiyası, vahid milli ideologiya formalaşmışdır. Dövlətimizin öz milli maraqlarına söykənən beynəlxalq siyasi kursu da, demokratikləşdirmə, hüquqi dövlət quruculuğu istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyəti də göz qabağındadır. Ümummilli lider ona məxsus olan qeyri-adi istedad, yeniliyi duymaq, dövrün nəbzini tutmaq kimi keyfiyyətlərə malik olsa da, hər halda əvvəlki dövrdə, əvvəlki idarəetmə sistemində, əvvəlki iqtisadi münasibətlər şəraitində yetişib formalaşmışdır. Yeni dövrün tələblərinə uyğunlaşmaq və dövləti, cəmiyyəti bu istiqamətə yönəltmək üçün Ulu öndər keçmiş idarəçilik vərdişləri üzərində qələbə çalmaq, iş təcrübəsini daim yeniləşdirmək sahəsində böyük əzm göstərir və zahirən hiss olunmasa da bu yol böyük daxili dramatizmi olan bir yol idi. Bu qeyri-adi şəxsiyyət həm zaman üzərində, həm uzun müddət sədaqətlə xidmət etdiyi bir ideologiya üzərində qələbə çalmaq üçün böyük intellektual və iradi enerji sərf etmişdir.

Sovetlər dövründə azərbaycanlılar orduda yalnız inşaat batalyonlarında qulluq edirdilər-bu ziyanlı tendensiyanı məhz Ulu öndər aradan qaldırdı və ordunun müxtəlif strukturalarında azərbaycanlı zabitlərin sayının artırılmasına nail oldu. O, çalışırdı ki, azərbaycanlı gənclər sovetlər dövründə Sovet İttifaqının, müstəqillik əldə etdikdən sonra isə dünyanın ən yaxşı tədris müəssisələrində təhsil ala bilsinlər.

Ümummilli liderin müstəqil Azərbaycan quruculuğunda əks olunan strategiyası müasir şəraitdə Prezident İlham Əliyevin fəaliyyətində zəngin və qüdrətli Azərbaycanın yaradılması vəzifəsi kimi ortaya çıxır. Zəngin və qüdrətli Azərbaycan ölkənin tarixinin nəinki yeni mərhələsi, bəlkə daha çox cəmiyyətin tamamilə fərqli keyfiyyət halı kimi qəbul olunur. Bu özünə daha çox inanan, potensialına daha çox güvənən, nəinki öz hüdudları daxilində, habelə regionda və beynəlxalq aləmdə özünü ifadə etməyi bacaran Azərbaycan deməkdir. Zəngin və qüdrətli Azərbaycan habelə özünü hər cür təhlükələrdən müdafiə etməyə qadir, torpaqlarımıza göz dikənlərə layiqli cavab verməyi bacaran Azərbaycandır.

Cənab İlham Əliyevin Azərbaycan Prezidenti kimi fəaliyyətinin təhlili həm də göstərir ki, bu müddətdə istiqamətləri Ümummilli lider tərəfindən müəyyənləşdirilmiş bütün konsepsiyalar dövlətçilik və milli maraqların təmini üçün uğurla davam etdirilmiş, zəruri hallarda məhz onun təşəbbüsü ilə dövrün tələblərinə uyğun olaraq keyfiyyət dəyişikliklərini özündə əxz etmişdir. Hələ 2003-cü ilin prezident seçkiləri ərəfəsində Heydər Əliyev siyasi kursunu davam etdirəcəyini bəyan edən cənab İlham Əliyev çox qısa müddətdə bütün sahələrin inkişafı istiqamətində böyük uğurlara imza atmaqla Ulu öndərin siyasi varisi, onun güclü dövlətçilik, sosial-iqtisadi inkişaf kimi missiyalarının, azərbaycançılıq ideologiyasının layiqli daşıyıcısı olduğunu təsdiq etmişdir. Bütün bunlarla yanaşı bir sıra keyfiyyətlər – qətiyyətlilik, prinsipiallıq, zamanında sözünü demək, radikal tədbirlər görmək bacarığı dövlətin inkişafının, müxtəlif sferalarda qazanılan uğurları şərtləndirən əsas amillərdir. Ümummilli lider kimi zəngin dövlətçilik və idarəçilik təcrübəsi olan siyasət dühasından bu cür keyfiyyətləri mənimsəyən Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi Azərbaycan dövlətçiliyinin daha da qüdrətlənməsinin, ölkənin inkişafının leytmotivini təşkil edir. Bu baxımdan şərəfli bir missiyanı üzərinə götürən cənab İlham Əliyev özünün yüksək keyfiyyətləri, dövlət idarəçiliyi, bacarığı sayəsində bu müddət ərzində siyasi varisliyə alternativsiz lider olduğunu təsdiqləmişdir.

Tarixin gedişinə təsir göstərən böyük siyasi liderlər irəli sürdükləri mütərəqqi ideyalarla xalqı öz ətrafında birləşdirməyə, hər bir addımda ictimai inam qazanmağa çalışmış, məhz bunun da sayəsində böyük uğurlara imza atmışlar. Fəaliyyətində daim ictimai mənafeni əsas götürən, xalqın dəstəyinə arxalanan siyasi lider konkret siyasi mərhələdə xalqın sabit inkişaf yolunu düzgün müəyyənləşdirmək, milli maraqları qorumaq əzmi ilə seçilir. Siyasətdə ictimai inam qazanmaq məramı demokratik dəyərlərin ön plana çıxdığı hazırkı “sürət əsri”ndə də qətiyyən aktuallığım itirmir. Hakimiyyəti millətə layiqli xidmət vasitəsi sayan və bunu əməli fəaliyyəti ilə sübuta yetirən liderlər milyonlarla insanın iradəsi əsasında dövlətə rəhbərlik şansını qazanırlar. Tarixin sərt sınaqlarından üzüağ çıxan Azərbaycan xalqı da taleyini hər zaman qəlbən inandığı, etimad göstərdiyi siyasi liderlə bağlamışdır.

Milli maraqları və mənəvi dəyərləri ümumbəşəri ideallarla ahəngdar şəkildə uzlaşdırmaq bacarığı, intellektual səviyyə, universal bilik və akademik təhsil, dəmir məntiq və möhkəm iradə – bütün bunlar cənab İlham Əliyevin yetkin siyasi obrazını şərtləndirir. Azərbaycanda ictimai-siyasi sabitliyin, vətəndaş sülhü və həmrəyliyinin qorunub saxlanılması naminə ilk gündən nümayiş etdirdiyi yüksək prinsipiallıq, qətiyyət və əzmkarlıq da dövlət başçısının istənilən ekstremal situasiyada çevik və optimal qərar qəbul edən qətiyyətli lider olduğunu göstərmişdir. Ölkə Prezidentinin yeritdiyi uğurlu diplomatiya sayəsində dünya siyasətinə təsir imkanları getdikcə artan Azərbaycanın bütövlükdə Avratlantik coğrafi arealında sülh, tərəqqi və əməkdaşlıq paytaxtına, beynəlxalq miqyaslı enerji-kommunikasiya layihələrinin lokomotivinə çevrildiyi getdikcə daha qabarıq sezilir. Azərbaycan sülh və əməkdaşlıq paytaxtı kimi tanınmağa başlayır və belə bir müsbət imicin formalaşmasında cənab İlham Əliyevin təşəbbüsü ilə respublikamızda keçirilən beynəlxalq toplantıların əhəmiyyətini xüsusi vurğulamaq lazımdır. Azərbaycan Prezidenti İlham Əliyev dövlətçilik konsepsiyasını məhz Ulu öndərin müəllifi olduğu strateji kurs üzərində formalaşdırır və onu yeni dövrün tələblərinə uyğun zənginləşdirməyə çalışır, xalqı Heydər Əliyev ideyaları ətrafında birləşdirir, özünü azərbaycanlı sayan, bu mənsubiyyətdən qürur duyan hər kəsi Ulu öndərin yarımçıq qalmış arzularının, ideyalarının həyata keçirilməsi istiqamətində səfərbər edir.

Yaşar Əhmədov

“Səs” qəzeti

 

 

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()