12 may, 2025
Paylaş:

Tanilə Əhmərova

Onu çoxları "Qayınana" filmindən Sevda kimi tanıyır... Cənnət xalanın gəlini, diş həkimi Sevda... Tanilə Əhmərova bu obrazla tamaşaçıların sevimlisinə çevrilmişdi... Deyilənə görə, özü də bu rolunu çox sevirmiş... Və elə bu obrazı ilə də Azərbaycan kinosunda öz imzasını qoydu... Bu xanımın ad-soyadını eşidən hər kəsə yəqin ki, onun hansı milliyətdən olması maraqlıdı... Çünki azərbaycanlılarda belə ad-soyad olmur... O, milliyyətcə tatar idi...

Tanila Aisa qızı Əhmərova Bakının Sabunçu qəsəbəsində dünyaya gəlib. Uşaq yaşlarında təhsil aldığı məktəbdəki teatr dərnəyinə göstərdiyi maraq sonradan onun aktrisalığa aparıb. Orta təhsilini başa vurduqdan sonra bir müddət hesablayıçı və dispetçer işləyib. Amma aktrisa olmaq arzusunda olan Tanila M.Əliyev adına Dövlət Teatr İnstitutuna qəbul olunub. Burada o dövrün ustad sənətkarlarından kino və teatr sənətinin sirlərini öyrənib.

Tələbə olduğu müddətdə həm oxuyub, həm də Bakıdakı Mədəniyyət saraylarından birində müdir vəzifəsində çalışıb. "Üzeyir ömrü" filmində Üzeyirin anası, "Qayınana" filmində Sevda, "Şir evdən getdi" filmində Şəfiqə müəllimə, "Sevinc buxtası"nda Leyla kimi yaddaqalan obrazlar yaradan aktrisa Azərbaycanın Əməkdar artisti fəxri adı ilə təltif olunub.

Həmkarları onu həyatda və sənətdə bəxti gətirməyən aktrisalar sırasına aid edirlər. Deyirlər ki, həm aktrisa, həm də insan kimi çox dəyərli idi. Amma həyatda da, sənətdə də onunku gətirməyib...

Tanilə Əhmərova Sevda obrazı ilə yaddaşlarda qalsa da, potensialı tam açılmadı. O, bəzi filmlərdə çəkildiyi epizodik rollar üçün bütün bacarıq və istedadını nümayiş etdirmişdi. Ona verilən hər obrazı sevə-sevə oynamışdı. Di gəl ki, rejissorların gözü niyə onu tutmurdu, bəlli deyil... Maraqlıdır ki, çox sayda filmlərin sınaq çəkilişində iştirak edib. Amma sonradan onun əvəzinə başqasını çəkiblər. Sənət yoldaşları deyirlər ki, Tanilə Əhmərova daha böyük rollara layiq aktrisa idi. Ömrü boyu kinoya çəkiləcəyini gözləyən sənətkar bir müddət sonra xəyal qırıqlığına uğramışdı. Bu da onun kinodan küsməsilə nəticələnmişdi. Filmlərə çəkilməmək aktrisanın maddi durumuna pis təsir etmişdi. Maddi və mənəvi sıxıntılar üzündən uzun müddət evinə qapanmış, heç kəslə görüşməmişdi. Hələ o zaman 147 manat pensiya aldığını deyən aktrisa bu pulun nə dərmanına, nə yeməyinə, nə də digər ehtiyaclarının ödənməsinə yetdiyini bildirmişdi.

Aktrisa iki dəfə ailə qurub. İlk evliliyi uğursuz olsa da, bu izdivacdan bir qızı dünyaya gəlib. İkinci dəfə Vahid Yusifoğlu adlı şəxsə ərə gedən aktrisanın bu nikahdan övladı olmayıb. İki dəfə insult keçirən aktrisa, ömrünün sonlarına yaxın yeriyə bilməyib. 4 il yataq xəstəsi olub. Sənət yoldaşlarının dediyinə görə, həmin dövrdə qızı ilə münasibətləri də pozulubmuş. Ona baxan, əziyyətini çəkən yalnız həmişə yanında olan həyat yoldaşı imiş. Ömrünün son illərində heç kimlə danışmaq, heç kimi görmək istəmirmiş. Bədəni şişsə də, ağrı-acıdan əziyyət çəksə də, həyat yoldaşının təkidlərinə baxmayaraq, heç həkimə də getməyib. Uzun sürən xəstəlikdən sonra 65 yaşında dünyadan köçən aktrisa beləcə sənətdən də, həyatdan küskün gedib...

Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()