23 iyul, 2025
Paylaş:

Tamilla Rüstəmova

Möhsün yaralanmışdır,

Bir bax, ürəyi qandır.

Doktor dedi ki, yalnız

Ulduz ona dərmandır.

 

Sovet dönəmində  yaşamış elə bir şəxs tapılmaz ki, "Ulduz" filminə xüsusi kolorit bəxş edən bu şeir parçasını əzbər bilməsin. Haqqında söhbət açacağımız xanım filmin "Ulduz"u Tamilla Rüstəmovadır... Görkəmli bəstəkar  Səid Rüstəmovun qaradinməz qızı, hamımızın  "Böyük dayaq" filmlmindən də yaxşı tanıdığımız aktrisa və pianoçu, Moskvada ulduzu sönən "Maya bacı" Bakıda dünyaya gəlib. Qnesinlər adına Musiqi İnstitutunu fortepiano ixtisası üzrə bitirib. Təhsil aldığı ərəfədə orada latış tələbə Olgerd Krastınşla tanış olub və qısa müddət sonra ailə həyatı qurub.  Gənc ailə daimi yaşamaq üçün Riqa şəhərinə köçüb. Aktrisa ərə getdikdən sonra Rüstəmova-Krastınş soyadını götürüb. Cütlüyün bu izdivacdan Velta adlı bir qızı dünyaya gəlib. Tamilla xanım uzun müddət Riqada  musiqi məktəbində fortepiano ixtisası üzrə müəllim işləyib. Onun əri Olgerd Krastınş isə opera ifaçısı olmaqla yanaşı, aktyor kimi də bir neçə filmdə çəkilib. Lakin onların evliliyi uzun sürməyib. Təxminən 10 ildən sonra  aktrisa ərindən  boşanaraq, Bakıya - valideynlərinin yanına köçüb və Bülbül adına Musiqi Məktəbində fortepiano müəllimi kimi fəaliyyət göstərməyə başlayıb.

Deyilənə görə, Tamilla xanım ikinci dəfə ərə gedib. Onun ikinci həyat yoldaşı azərbaycanlı İsrail Hənifəyev adlı şəxs olub. İsrail Hənifəyev vaxtilə Bakıda - keçmiş Ticarət Nazirliyində şöbə müdiri vəzifəsində çalışıb. Aktrisa "Böyük dayaq" və "Ulduz" filmlərinə atasının məsləhəti ilə çəkilib. Ona ən böyük uğuru da bu filmlərdəki Ulduz və Maya obrazları gətirib. Bakıda yaşadığı illərdə Tamilla xanım "Axırıncı aşırım" filmində də epizodik rola çəkilib. Aktrisa xaraktercə az danışan, qaradinməz olub. O, həmişə mətbuatdan qaçmağa çalışıb, radio, televiziya və qəzetlərə müsahibə verməkdən yayınıb. Bu səbəbdən də onun haqqında internet resurslarında məlumat çox azdır. O, Bakıda yaşadığı müddətdə qızı Velta böyüyərək orta məktəbi bitirib, ali məktəbdə təhsil alaraq rus dili ədəbiyyatı, mədəniyyəti, psixologiya və pedaqogikasını öyrənib. Daha sonra isə paytaxtda müəllim işləyən Velta İqor Tsvetkov adlı bakılı rusla ailə qurub. Bir müddət sonra aktrisa qızı və kürəkəni ilə daimi yaşamaq üçün Moskva şəhərinə köçüb. Uzun müddət ürək xəstəliyindən əziyyət çəkən Tamilla Rüstəmova 84 yaşında Moskvada vəfat edib. O, Moskvada dəfn olunsa da, nəşi müsəlman qaydalarına uyğun olaraq torpağa tapşırılıb.

Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()