Şuşa şəhərinin işğalı gününə həsr olunmuş “27 illik Şuşa həsrəti” adlı ədəbi-bədii gecə.
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 08 may 2019-cu il tarixdə Şuşa şəhərinin işğalı gününə həsr olunmuş “27 illik Şuşa həsrəti” adlı ədəbi-bədii gecə keçirildi. Tədbir Azərbaycanın suverenliyi uğrunda şəhid olanların əbədi xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra başladı.
Ədəbi-bədii gecəni Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının elmi işlər üzrə direktor müavini Xalidə Musayeva ümummilli lider Heydər Əliyevin "Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir. Şuşanı yaradanlar, Şuşa şəhərini quranlar, Şuşa qalasını tikənlər Azərbaycan torpağının sahibləri olublar və Qarabağda Azərbaycan torpağının daim qorunması, saxlanması üçün Şuşa şəhərini, qalasını yaradıblar” sözləri ilə açdı.
Yasamal rayon Ağsassallar Şurasının üzvü Rafiq Cavadov Şuşanın qədim tarixindən danışandan sonra bütün gəncləri vətənpərvərliyə, mübarizliyə səslədi. Çıxışını Şuşaya həsr etdiyi şerlə bitirdi.
Bakı Dövlət Universitetinin tələbəsi Mirramil Qasımlı 1992-ci il may ayının 8-nə keçən gecə erməni hərbi birləşmələrinin keçmiş sovet ordusunun 366-cı alayının hərbi qulluqçularının və 40 zirehli texnikasının köməyi ilə Şuşa şəhərinə hücuma keçmələri, qeyri-bərabər döyüşlərdən sonra şəhərin işğal olunma tarixi hassında məlumat verdi.
Şuşa şəhər 7 saylı məktəbin müəllimi Zərifə Nəsirova, Şuşa şəhər 2 saylı məktəbin müəllimi Sevinc Hacıyeva, həmin məktəbin kitabxanaçısı Xatirə Hüseynova, 176 saylı orta məktəbin kitabxana müdiri Kəmalə Məmmədova, müəllimə Qəribə Əliyeva Şuşanın işğalı nəticəsində bir sıra tarixi-mədəniyyət abidələrin düşmən tərəfindən talan edilməsi, nadir tarixi-memarlıq tikililərin, zəngin muzeylərin talan edilməsi, bir vaxtlar təkrarolunmaz təbiətinə görə «Qafqazın cənnəti» adlandırılan yerlərin xarabazara çevrilməsindən danışdılar.
176 saylı orta məktəbin 6-7-ci sinif şagirdləri Şuşanın işğalına həsr olunmuş şerlər, ədəbi kompozisiya, “Bayatı-Şiraz”, “Şuşanın dağları” mahnıları ilə çıxış etdilər.
Tədbirdə həmçinin, Qarabağ müharibəsi veteranı Telman Məmmədov, Bakı Dövlət Universitetinin, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri iştirak edirdilər.
Ədəbi-bədii gecədə “Şuşa, tarixi, işğalı” adlı video-film nümüyiş olundu.
Tədbirin sonunda “Şuşa,- Qarabağın ürəyi” adlı kitab sərgisinə baxış keçirildi.






