Su qıtlığı COP29 gündəliyinin prioritet mövzularından olacaq
Son illər Yer kürəsi kəskin su qıtlığı ilə üzləşməli olub. BMT-nin hesablamalarına görə, dünyanın üzləşdiyi bu böhrandan dünya əhalisinin yarısı əziyyət çəkir. Bu həm də onunla bağlıdır ki, dünyada əhalinin sayı artdıqca şirin su qıtlığı daha çox hiss olunur.
Bu gün su qıtlığı demək olar ki, bütün qitələri əhatə edir. Təsadüfi deyil ki, hələ 2015-ci ildə Dünya İqtisadi Forumu növbəti onillikdə su qıtlığını ən böyük qlobal risk kimi qiymətləndirib. Dünya əhalisinin üçdəikisi ildə ən azı bir ay müddətində ciddi su qıtlığı şəraitində yaşamalı olur. Yarım milyard insan isə ilboyu ciddi su qıtlığından əziyyət çəkir. 80-dən artıq ölkə su qıtlığı təhlükəsini yaşayır.
Onu da qeyd edək ki, dünyadakı suyun 97 faizi duzlu olduğu halda cəmi 0,014 faizi şirin sudur. Amma bu, dünya əhalisini təmin etmək üçün yetərlidir. Problem ondadır ki, həmin suyun qeyri-bərabər paylanması nəticəsində bəzi ərazilərdə həddən artıq nəmişlik, bəzilərində isə quraqlıq hökm sürür. Məhz bu səbəbdən su üstündə bəzən hətta silahlı münaqişələr də baş verir. Məsələn, 2021-ci ildə Qırğızıstanla Tacikistan arasındakı sərhəd toqquşmalarına su qıtlığı səbəb olmuşdu. Eyni problem Özbəkistan və Tacikistan arasında da mövcuddur.
BMT-nin məlumatında oxuyuruq: "2017-ci ildəki şiddətli quraqlıq nəticəsində yaranan münaqişə və ərzaq qıtlığına görə Yəməndən tutmuş Nigeriyaya kimi Afrika və Yaxın Şərq ölkələrində 20 milyon insan evlərini tərk etmək məcburiyyətində qaldı. Bu gün Afrikada 300 milyon insan təmiz sudan, 313 milyona yaxını isə kanalizasiyadan məhrumdur". Göründüyü kimi, sudan dolayı daha çox əziyyət çəkən Afrika qitəsidir. Burada da zaman-zaman su münaqişələri qeydə alınıb. Nil çayı Efiopiya ərazisindədir. Çayın üzərində tikilən bənd bu ölkənin Misir və Sudanla əlaqələrinə kəskin surətdə ziyan vurub. Su resursları uğrunda aparılan və yüzminlərlə insanın ölümü ilə nəticələnən münaqişə Sudanın parçalanmasına səbəb olub. Dünyanın ən məhsuldar əkinçilik sahələrindən biri Hindistanın şimal düzənlikləridir. Lakin bu ərazilərdə də su ilə təminat aşağı səviyyədə olduğu üçün bölgə Çindən aldığı suya möhtacdır. O da vaxtlı-vaxtında verilmədiyindən qıtlığa və mübahisələrə gətirib çıxarır.
Bir sözlə, suyun yaratdığı problemlərlə üz-üzə gələn bəşəriyyət istər-istəməz zorakı üsullara əl atır. Bu, yaşamaq uğrunda ölüm-dirim mübarizəsidir. Susuzluğun yaratdığı fəsadlar insanları hər cür məhrumiyyətə, əzaba, işgəncəyə salır. Vaxtilə Türkiyənin Prezidenti Turqut Özal uzaqgörənliklə demişdi: "Gələcəkdə neft uğrunda deyil, suya görə müharibələr olacaq. İndi neft boru kəmərləri ilə necə axırsa, nə vaxtsa su da eyni qaydada axacaq". Görünür, Turqut Özalın dediyi zaman yetişib.
Azərbaycan da şirin su ehtiyatları məhdud olan ölkələr sırasındadır. Məlumdur ki, ölkəmiz yerüstü və yeraltı sərvətləri ilə zəngindir və bu zənginlik hər zaman başımıza bəla olub. Yurdumuzun sərvətlərini qorumaq üçün əsrlər boyu işğalçılarla döyüşmüşük. Lap sonuncu işğalı misal çəkək. Dilbər guşəmiz Qarabağ və Şərqi Zəngəzur 30 il erməni quldurlarının talançılığına məruz qaldı. Gursulu çaylarımız, şəfalı bulaqlarımız, təsərrüfat əhəmiyyətli su anbarlarımız və göllərimiz erməni vandalizminə tuş gəldi. Bu su mənbələrini düşmən xislətlərinə uyğun olaraq zəhərli tullantılarla çirkləndirdilər, səmtlərini dəyişdirdilər. Qazanclarından da qalmadılar. Şəfalı sularımızı qablaşdırıb xarici ölkələrə satdılar, cəbhə bölgələrindən keçən çayların önünü kəsdilər. Ona görə də minlərlə hektar əkin sahəmiz susuzluqdan əziyyət çəkdi.
Artıq Qarabağ və Şərqi Zəngəzurda aparılan abadlıq, tikinti-quruculuq işləri çərçivəsində su hövzə və mənbələrimiz də erməni "iz"lərindən təmizlənir. Bu hesaba həm regionun, həm də ətraf bölgələrin su təchizatı yaxşılaşır.
Təkcə Qarabağda, Şərqi Zəngəzurda deyil, ölkəmizin digər ərazilərində də su ehtiyatlarımız çoxdur. Bununla belə, bəzən su çatışmazlığından əziyyət çəkirik. Bunun əsas səbəbi su infrastrukturunun mükəmməl olmaması, köhnəlməsidir. Mütəxəssislərin dediyinə görə, kanallarda suyun yarıya qədəri itkiyə gedir. Halbuki o, nəhəng bir ərazini suvara, böyük yaşayış məntəqələrini içməli su ilə təmin edə bilər. Ona görə də su itkilərini azaltmaq əlaqədar qurumların qarşısında duran əsas vəzifədir. Elə istehlakçı olaraq biz özümüz də bu vəzifənin icrasından kənarda qalmamalıyıq.
Bu gün dünyanı su qıtlığından xilas etmək bəşəriyyətin ən ümdə vəzifəsi olaraq gündəlikdə dayanır. Təsadüfi deyil ki, BMT-nin İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) gündəliyindəki prioritetlər arasında su qıtlığı mövzusu mühüm yer tutur. Odur ki, bu ekoloji problem COP29-un noyabrda Azərbaycanda keçiriləcək sessiyasında əsas müzakirə mövzularından biri olacaq.
Züleyxa Əliyeva
"Azərbaycan"qəzeti