26 avqust, 2024
Paylaş:

Şövkət Məmmədova

Bakı qoçularının öldürmək istədiyi, Üzeyir bəyin xilas etdiyi, Tağıyevin üz çevirdiyi Xalq artistimiz Şövkət Məmmədova... Kişilərin belə səhnəyə çıxmağa cəsarət etmədikləri bir dövrdə Azərbaycanın, Şərqin və müsəlman dünyasının ilk peşəkar qadın opera müğənnisi olan bu xanım bir cəsarət simvolu idi…

Şövkət xanım Tiflisdə kasıb pinəçi ailəsində dünyaya göz açıb. Atası Həsən Məmməd oğlu əslən Borçalı qəzasının Qoşakilsə kəndindən olub, həmyerlisi, imkanlı ailədən olan Xurşud xanım Sultanova ilə ailə qurub. Bu izdivacdan Şövkət və Muqbil dünyaya gəlib. Musiqi istedadı Şövkətə ana südü ilə keçmişdi. Dayısı və xalası qarmon və dəfdə ifa edir, çoxlu Azərbaycan xalq mahnıları bilirdilər. Anası Xurşud xanım və qardaşı Muqbil də qarmonda çalırdılar. Balaca Şövkət necə deyərlər, gözünü nəğməylə açıb mahnı ilə yuxuya gedirdi və buna görə də 6 yaşından peşəkar musiqi ilə məşğul olmağa başlamışdı.

Bir dəfə italyan müğənni Aida Qonzaqa Tiflisə qastrola gəlir. Bu konsertdə balaca Şövkət də iştirak edir. O, böyük müğənninin çıxışını sonsuz maraq və məftunluqla dinləyir və müğənni olacağına qərar verir. Şövkət xanım əvvəlcə milyonçu Zeynalabdin Tağıyev və həyat yodaşı Sona xanımın köməyilə İtaliyada, Milan Konservatoriyasında, sonra isə Kiyev Konservatoriyasında təhsil alır. Tağıyev hər ay ona xüsusi təqaüd göndərir. Lakin bir il sonra təhsili üçün göndərilən vəsait kəsilir. Daha sonra müğənni təhsilini Tiflis musiqi məktəbində davam etdirir. Deyilənlərə görə, təqaüdün kəsilməsinə xeyriyyəçi ilə Şövkət Məmmədova arasındakı inciklik səbəb olub. Belə ki, Şövkəti gözü götürməyənlər onun barəsində müxtəlif xoşagəlməz şayiələr yayaraq onu Hacının gözündən salıblar.

Tağıyevlə arası dəyən müğənni Üzeyir Hacıbəyli ilə tanış olur və dahi bəstəkarın "Ər və arvad" operettasından bir neçə parça ifa edir. Konsertdən əldə olunan gəlir onun təhsilini yenidən İtaliyada davam etdirməsi üçün nəzərdə tutulur. Konsertdən sonra qadının səhnəyə örtüksüz çıxması və Şövkətin bu cəsarəti şəhər müsəlman icmasını bərk qəzəbləndirir. Bakı qoçuları Şövkət Məmmədovanı öldürmək istəsələr də, Üzeyir Hacıbəyli və dostlarının köməyilə o, teatrın arxa qapsından qaçırılaraq Abşeron kəndlərinin birində gizlədilir. Daha sonra müğənni gizlin yolla Biləcəri stansiyasından Tiflisə yola salınır. Şövkət Məmmədova musiqi təhsilini Tiflisdə davam etdirir.

Şövkət xanım Azərbaycanın mədəni həyatında fəal iştirak edib. Onun təşəbbüsü ilə Bakıda teatr texnikumu açılıb. Texnikumun ilk direktoru da o, özü olub. Müxtəlif beynəlxalq festivallarda və müsabiqələrdə münsiflər heyətinin üzvü olan korifey sənətkar Azərbaycan vokal təhsil sisteminin dünya sənət meyarları səviyyəsində qurulmasında böyük işlər görüb. SSRİ xalq artistləri Firəngiz Əhmədova və Müslüm Maqomayevin yetişib formalaşmasında müstəsna xidmətləri olub. Müğənni Kiyev Konservatoriyasında oxuyarkən buranın rektoru, tanınmış bəstəkar Reynqold Qlierlə tanış olur. Sonradan Qlier müğənninin dəvətilə Bakıya gəlir və özünün məşhur "Şahsənəm"ində Şahsənəm obrazını Şövkətə həsr edir.

Müğənni Kiyevdə oxuduğu müddətdə Milanda tanış olduğu mühəndis Yakov Lyubarski ilə ailə həyatı qurub. 84 yaşında vəfat edən sənətkar Fəxri xiyabanda dəfn olunub. Ölümündən sonra Azərbaycan Dövlət Konservatoriyası yanında opera studiyasına onun adı verilib.

Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()