SOCAR da "yaşıl"laşır
Yeni yaradılan "SOCAR Green" MMC bərpaedilən enerji ilə məşğul olacaq
Azərbaycanın davamlı və ekoloji cəhətdən təmiz enerji həlləri istiqamətində prioritetləri, 2024-cü ilin respublikada "Yaşıl dünya naminə həmrəylik ili " olması, ölkəmizin COP29-a evsahibliyi... Bütün bunlar bir-birilə sanki sıx bağlarla birləşərək günümüzün ən vacib məsələlərindən, ən başlıca mövzularından birinə çevrilib.
Xeyli vaxtdır "yaşıl enerji" və enerji səmərəliliyi ilə bağlı təşəbbüslərə qoşulmuşuq. Hədəf bərpaolunan enerjinin payını ölkənin elektrik enerjisi üzrə ümumi qoyuluş gücündə 2027-ci ilədək hazırkı 20 faizdən 33 faizə yüksəltməkdir. "Yaşıl dünya naminə həmrəylik ili" bu yolda inamlı və uğurlu addımlar atmağa imkan verir. Bir-birinin ardınca həyata keçirilən məqsədyönlü tədbirlər də bunu göstərir.
Həmin tədbirlər sırasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının iclasında "SOCAR Green" MMC şirkətinin təsis edilməsi qərarının verilməsi özünə önəmli yer aldı. SOCAR bu qərara 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi haqqında Prezident
İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli sərəncamından bir neçə gün sonra gəldi. "Yaşıl dünya naminə həmrəylik ili"ndən irəli gələn tapşırıqlar çərçivəsində təsis olunan şirkətin əsas məqsədi SOCAR-ın strateji bərpaolunan enerji layihələrinin effektiv idarə edilməsi, bu sahədə beynəlxalq tərəfdaşlarla əməkdaşlıq imkanlarının genişləndirilməsi, habelə neft-qaz əməliyyatlarında dekarbonizasiya proseslərinə dəstək göstərilməsindən ibarətdir.
Bərpaolunan enerji, "yaşıl hidrogen"in istehsalı, karbonun tutulması, utilizasiyası və saxlanılması kimi layihələrin icrası, ölkə üzrə karbon emissiyasının azaldılması üçün strateji yol xəritələrinin hazırlanmasında müvafiq köməkliyin göstərilməsi şirkətin əsas fəaliyyət istiqamətləri kimi müəyyənləşdirilib. Yeni yaradılan şirkət eyni zamanda qeyd olunan sahələrdə beynəlxalq təcrübələrin öyrənilməsini və ölkəmizdə tətbiqini həyata keçirəcək.
"SOCAR Green" MMC-nin "Masdar" şirkəti ilə birgə "Meqa" layihəsinin ilkin mərhələsində quruda 1 QVt gücündə külək və günəş enerjisi layihələrinin icrası nəzərdə tutulur.
Eləcə də bp şirkəti ilə birgə "Şəfəq" layihəsi çərçivəsində Cəbrayıl rayonunda 240 MVt gücündə günəş enerjisi layihəsi icra ediləcək. "SOCAR Green" MMC tərəfindən həmçinin "ACWA Power", "Masdar" və "Energy China" şirkətləri ilə birgə Naxçıvan Muxtar Respublikasında günəş və külək enerjisi layihələri gerçəkləşdiriləcək.
Xatırladaq ki, keçən il oktyabrın 26-da Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) "Masdar" şirkətinin ölkəmizdə inşa etdiyi 230 MVt gücündə "Qaradağ" Günəş-Elektrik Stansiyası işə salındı. Bu stansiyanın təməlqoyma mərasimi isə 2022-ci il martın 15-də Prezident İlham Əliyevin iştirakı ilə keçirilmişdi. Prezident stansiyanın açılışında da iştirak etdi.
"Qaradağ" Xəzər regionunda və MDB məkanında ən böyük, ölkəmizdə isə xarici investisiya cəlb edilməklə reallaşdırılan sənayemiqyaslı ilk günəş-elektrik stansiyasıdır. Stansiyada hər il 500 milyon kilovat-saat elektrik enerjisi istehsal olunmaqla 110 milyon kubmetr həcmində təbii qaza qənaət ediləcək. Eyni zamanda atmosferə atılan karbon emissiyası 200 min ton azaldılacaq. 550 hektar ərazini əhatə edən elektrik stansiyasında 570 min günəş paneli quraşdırılıb.
Bu stansiyanın şəbəkəyə qoşulması üçün 330 kilovoltluq yarımstansiya tikilib. Stansiya 110 mindən çox evi elektrik enerjisi ilə təmin edəcək.
Qeyd edək ki, son illər Azərbaycanla sıx əməkdaşlığa başlayan "Masdar" şirkətinin əsası 2006-cı ildə qoyulub və o, 40-dan çox ölkədə ümumi qoyuluş gücü 20 QVt-dan çox olan layihələr gerçəkləşdirib.
"Qaradağ"ın açılış mərasimi çərçivəsində Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan Hökuməti və BƏƏ-nin "Masdar" şirkəti arasında ümumi gücü 1000 MVt olan "yaşıl enerji" layihələri üzrə üç investisiya müqaviləsi imzalandı. Müqavilələri Azərbaycan Hökuməti tərəfindən energetika naziri Pərviz Şahbazov, bu layihələrdə iştirakı nəzərdə tutulan
SOCAR adından iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov və Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkətinin baş icraçı direktoru Məhəmməd Cəmil Əl-Ramahi imzadılar. İnvestisiya müqavilələri Biləsuvar rayonunda 445 MVt gücündə, Neftçala rayonunun Bankə qəsəbəsində 315 MVt gücündə günəş-elektrik stansiyaları və Abşeron-Qaradağ rayonunda 240 MVt gücündə külək-elektrik stansiyası layihələrinin icrasını nəzərdə tutur.
Qeyd edək ki, bu investisiya müqavilələri 2022-ci ilin iyun ayında şirkətlə bərpaolunan enerji mənbələri üzrə 4 QVt gücündə "Meqa" layihələrin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsi ilə bağlı imzalanmış İcra müqavilələrinin birinci mərhələsini əhatə edir.
"Masdar" şirkətinin baş icraçı direktoru Mohamed Jameel Al Ramahi bu hadisənin önəmini vurğulayaraq demişdir: "Azərbaycan "Masdar"ın əsas strateji tərəfdaşıdır və bu gün imzalanmış müqavilələr ölkənin "yaşıl enerji" vizyonunun genişləndirilməsi prosesini sürətləndirməyə imkan verəcəkdir. "Qaradağ" GES quruda və dənizdə ümumi gücü 10 QVt olacaq bir neçə potensial külək, günəş və "yaşıl hidrogen" layihələri arasında birincisidir. Bu stansiyanın istismara verilməsi investisiya cəlbinin artması və beynəlxalq əməkdaşlığın gücləndirilməsinə səbəb olacaqdır. Biz Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizə məqsədlərinə çatmasına dəstək vermək üçün birlikdə çalışırıq".
Göründüyü kimi, "yaşıl enerji" layihələri artıq paytaxtdan bölgələrə doğru addımlamaqdadır. 44 günlük Vətən müharibəsindəki qələbədən az sonra Prezidentimiz işğaldan azad olunmuş bölgələri - 10 min kvadratkilometr ərazini "yaşıl enerji" zonası elan edib. Bu sahədəki zəngin potensial nəzərə alınaraq Naxçıvan Muxtar Respublikası da "yaşıl enerji" zonası elan olunub.
Cəbrayıl rayonunda "Şəfəq" Günəş-Elektrik Stansiyasının tikintisi artıq start ərəfəsindədir. Bu günlərdə bp şirkəti "Şəfəq"in icraçısı kimi elan edib ki, layihə üçün Ətraf Mühitə və Sosial Sahəyə Təsirin Qiymətləndirilməsi (ƏMSSTQ) sənədinin ilkin variantı hazırlanıb və dərc olunub. Sənəddə "Şəfəq" layihəsi üzrə aparılacaq fəaliyyətlərin ətraf mühitə və sosial-iqtisadi sahəyə potensial təsirləri nəzərdən keçirilir və tövsiyə olunan təsirazaltma tədbirləri təsvir edilir.
Sənəddə həmçinin qeyd olunur ki, layihə üzrə tikinti işlərinin bu ilin ikinci yarısında başlanacağı və təxminən 18 ayadək davam edəcəyi gözlənilir.
"Şəfəq" stansiyası təxminən 802 hektarlıq ərazini əhatə edəcək və 240 meqavat dəyişən cərəyan gücünə malik olacaq. Stansiyanın araya-ərsəyə gəlməsi prosesinə layihələndirmə, təchizat, mühəndislik, tikinti, quraşdırma, sınaq, istismara buraxma işləri və istismar mərhələləri daxildir.
"SOCAR Green" MMC şirkəti yuxarıda adı çəkilən dünya şöhrətli şirkətlərlə əməkdaşlıq şəraitində "yaşıl enerji", dekarbonizasiya və aşağı karbonlu layihələrin Azərbaycanda və xaricdə həyata keçirilməsinə dəstək göstərəcək. Yeni şirkət eləcə də SOCAR üçün yeni biznes imkanlarının yaradılmasında, bu sahələrdə kadr bazasının formalaşdırılmasında və mövcud potensialın gücləndirilməsində, həmçinin "Xalis sıfır" emissiya hədəflərinə çatmaqda öz töhfələrini verəcək.
Flora Sadıqlı
"Azərbaycan"qəzeti