“Sevilənlər, sevənlər” rubrikası altında yazıçı, publisist, jurnalist, türkoloq Günel Anarqızı ilə evdən canlı görüş
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası görkəmli şəxsiyyətlər, elm, mədəniyyət, incəsənət xadimləri ilə evdən canlı yayınları davam etdirir.
18 iyun 2020-ci il tarixdə kitabxananın “Sevilənlər, sevənlər” rubrikası altında evdən təşkil etdiyi növbəti görüşün qonağı yazıçı, publisist, jurnalist, türkoloq, Bakı Kitab Mərkəzinin direktoru, 2018-ci ildə Azərbaycan-Polşa əlaqələrinin möhkəmləndirilməsində xidmətlərinə görə Azərbaycanın Polşa səfirliyinin medalına layiq görülmüş Günel Anarqızı oldu.
Günel Anarqızı ilk növbədə son günlərdə ölkəmizdə müşahidə olunan yüksək yoluxma sayı ilə əlaqədar elan edilən karantin rejiminə qarşı xalqımızı məsuliyyət nümayiş etdirməyə, qoyulan qaydalara riayətə səslədi. O, həmçinin, karantin müddətində kitab sifarişi və çatdırılması sahəsində müşahidə edilən dinamikadan danışaraq bu məsələnin Bakı Kitab Mərkəzindən də yan keçmədiyini vurğuladı.
Günel Anarqızı ölkəmizdə mütaliənin səviyyəsi, kitab təbliğatı, yeni çap olunan əsərlər, böyük populyarlıq qazanmış ”El” jurnalının yaranma tarixi, fəaliyyəti, müəllifi olduğu “Qarabağ hekayələri” kitabı, son hadisələrə həsr olunmuş yazıları haqqında izləyicilərinə dəyərli fikirlər və geniş məlumatlar verdi.
Müsahibə xarakterli görüşün aparıcısı Günay Həsənova canlı yayın zamanı həm özünün, həm də izləyicilərin suallarını və rəylərini Günel Anarqızı üçün səsləndirdi.
Yazıçı, publisist, jurnalist, türkoloq Günel Anarqızı ilə keçirilən canlı yayına 1 359 nəfər izləyici qatıldı.