“Sevilənlər, sevənlər” rubrikası altında yazıçı, publisist, “Ədalət” qəzetinin baş redaktoru İradə Tuncay ilə evdən canlı görüş.
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının 15 iyun 2020-ci il tarixdə “Sevilənlər, sevənlər” rubrikası altında təşkil etdiyi görüşün növbəti qonağı Azərbaycanın əməkdar jurnalisti, yazıçı, publisist, “Ədalət” qəzetinin baş redaktoru İradə Tuncay oldu.
Canlı yayının qonağı ilk növbədə bütün Azərbaycan xalqını 15 iyun Milli Qurtuluş günü münasibəti ilə təbrik edib doğma vətənimizə, torpaqlarımıza sülh, əmin-amanlıq arzuladı.
Müsahibə xarakterli canlı yayında İradə Tuncay tədbirin aparıcısı Günay Həsənovanı və qonaqları maraqlandıran ədəbiyyat, jurnalistika, mütaliə və sair mövzularla bağlı çoxsaylı sualları cavablandırdı.
O, kitabxanalarla hələ uşaqlıq illərindən tanışlığını, kitablara sonsuz bağlılığını, mütaliənin hər bir kəsin mariflənməsi, dünyagörüşünün inkişafı üçün mühüm əhəmiyyət daşıdığını xüsusi vurğuladı. Atası şair Məmməd Arazla bağlı xatirələrini izləyicilərlə bölüşüb “Məmməd Arazın övladı” statusunun böyük məsuliyyət tələb etdiyini bildirdi.
İradə xanım ənənəvi jurnalistikanın xüsusiyyətləri, müasir dövrdə mətbuatın qarşısında duran yeniliklər və vəzifələr, qadının cəmiyyətdə mövqeyi, təhsil, maarifləndirmə, televiziya məkanı, nümayiş olunan verilişlərin formatı haqqında da dəyərli fikirlər söylədi.
“Sevilənlər, sevənlər” rubrikasının qonağı əməkdar jurnalisti, yazıçı, publisist, “Ədalət” qəzetinin baş redaktoru İradə Tuncay ilə canlı yayına 1153 nəfər istifadəçi qatıldı.