“Sevilənlər, sevənlər” rubrikası altında Vətən müharibəsi qaziləri Orxan Məmmədzadə və Müseyib Məmmədov ilə evdən canlı görüş.
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası istifadəçilərini Qarabağ uğrunda gedən Vətən Müharibəsinin iştirakçıları, cəsur əsgərləri ilə tanış etmək məqsədi ilə silsilə canlı yayımlar təşkil edir. 15 dekabr 2020-ci il tarixdə “Ən igid əsgər, bizim əsgər!” “Qarabağ Azərbaycandır!”, “Yaşasın Azərbaycan Əsgəri!”, “Şəhidlər ölməz, Vətən bölünməz” şüarları altında canlı yayının qonaqları qazilər Orxan Məmmədzadə və Müseyib Məmmədov oldular.
Qazi Orxan Məmmədzadə könüllü olaraq döyüş bölgəsinə yollanmasından, əsasən Fizuli rayonu ərazisində olduğu döyüşlərdən, müharibə təəssüratlarından, 5 zabit, 33 əsgər olmaqla 38 erməni hərbçisini məhv etməsindən danışdı. Qazi onunla döyüşdə çiyin-çiyinə vuruşan və bu gün həyatda olmayan, ali şəhidlik zirvəsinə ucalan döyüş dostlarından böyük ehtiramla söhbət açdı. Biz orada “mənim qanımla heç olmasa yüz metr irəliləyə gedilsin fikri ilə döyüşür, ölümdən qorxmurduq” deyən Orxan Məmmədzadə hətta ermənilərin atıb getdikləri körpə uşağı bəlli bir hissəyə qədər gətirməsi haqqında da istifadəçilərə söhbət açdı.
Canlı yayının aparıcısı Günay Həsənovanın “müharibədən əvvəlki və indiki Orxan arasında nə fərq var” sualına qazimiz “mən əsl dostluğu orada tapdım” deyə cavab verdi.
Orxan Məmmədzadə Vətən müharibəsi adlı “kitabın” “mürəkkəb”olaraq şəhidlərin qanı ilə yazılması fikrini səsləndirdi.
Qazi Müseyib Məmmədov Murovdağ istiqamətində olan döyüşlərdə iştirak etməsi, soyuq, şaxtalı hava şəraitində yüksəkliklərin alınması üçün yalnız gecə saatlarının əlverişli olması, hər qarış torpağın böyük şücaət, əzm və qəhrəmanlıqla işğaldan azad edilməsi, əsgərlərin Xocalı faciəsinin qisasını almaq naminə hücuma keçmələrindən danışdı. Qazi, döyüşlər zamanı məhz əsgərlər arasında olan birlik, ruh yüksəkliyi, qələbəyə inam, düşmənə olan nifrətin onları qabağa getməyə, şücaətlə döyüşməyə ruhlandırdığını söylədi. “İgid oğullar böyüdən anaların əllərindən öpürəm. Döyüşdə ölüm qorxusu olmur” dedi. Müseyyib Məmmədov müharibənin böyük bir həyat, dostluq, birlik, qəhrəmanlıq məktəbi, şəhidliyin isə ən uca zirvə olduğunu söylədi.
Canlı yayın “Ən igid əsgər Azərbaycan əsgəridir!” şüarı ilə sona çatdı.