“ŞƏRQ QAPISI”NDAN MUXTAR RESPUBLİKANIN 100 İLLİYİNƏ
Prezident İlham Əliyevin sərəncamına uyğun olaraq bu il Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illiyi qeyd edilir. Aprelin 15-də Bakıda Beynəlxalq Muğam Mərkəzində keçirilən “Naxçıvan fotolarda” adlı fotosərgi də Naxçıvan muxtariyyətinin 100 illiyi ilə əlaqədar keçirilən növbəti tədbir oldu. Azərbaycan Mədəniyyət Nazirliyi, “Şərq qapısı” qəzetinin təşkilatçılığı və Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin dəstəyi ilə keçirilən tədbirdə ictimai-siyasi xadimlər, mədəniyyət və media nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli bildirib ki, Prezident İlham Əliyevin sərəncamına əsasən, Naxçıvan Muxtar Respublikasının 100 illiyinin keçirilməsi ilə bağlı tədbirlər respublikamızla yanaşı, xarici ölkələrdə də qeyd edilir. Artıq Türkiyənin İğdır şəhərində Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr edilən “Naxçıvan fotolarda” adlı fotosərgi keçirilib.
Naxçıvan xalqımızın qəlbində xüsusi yerə sahibdir.
“Naxçıvan hər zaman xalqımızın qəlbində xüsusi bir yerə sahibdir. Çünki Naxçıvan illərdir ana torpaqdan ayrı, öz varlığını insanları, təbiəti, yetişdirdiyi və Azərbaycan xalqına bəxş etdiyi dahiləri ilə davam etdirir”, - söyləyən F.Nəcəfli 15 aprel tarixinin Azərbaycanın dahi şəxsiyyətlərindən olan və elmimizə böyük töhfə verən Zərifə xanım Əliyevanın anım günü olduğunu qeyd edib: “Hüseyn Cavid, Cəlil Məmmədquluzadə, Bəhruz Kəngərli kimi dahilərimizi Naxçıvan yetişdirib, mədəniyyətimizə, ədəbiyyatımıza bəxş edib. Eyni zamanda Ümummilli Liderimizi xatırlamamaq mümkün deyil. Naxçıvan torpağının övladı olan dahi şəxsiyyət Heydər Əliyev 1990-1993-cü illərdə Naxçıvana rəhbərlik edib. Baxmayaraq ki, SSRİ-nin ən ali vəzifələrindən birini tutmuşdu. Heydər Əliyev öz xalqı ilə bərabər olmaq, onu qorumaq, öz torpağını əldən verməmək üçün bütün səriştəsini, biliyini, təcrübəsini ortaya qoymuş və həmin ağır illərdə Naxçıvanı qorumuşdur”.
Prezidentin səlahiyyətli nümayəndəsi vurğulayıb ki, Naxçıvanın inkişafında bu gün əsas hərəkətverici qüvvə Azərbaycan Prezidentinin 5 iyun 2023-cü il tarixli sərəncamı ilə təsdiq etdiyi “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”dır. Aqrar, “yaşıl enerji”, nəqliyyat, logistika və digər innovasiyalar tələb edən sektorlarda inkişaf və nailiyyətlər qazanmaq qarşıda dayanan hədəflərdir.F.Nəcəfli fotosərginin Naxçıvanın turizm potensialının üzə çıxarılması baxımından xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.Azərbaycan Milli Elmlər Akademiyasının Prezidenti akademik İsa Həbibbəyli sərgi ilə bağlı təəssüratlarını bölüşərək, “Bu sərgi bir çox cəhətdən yeni, fərqli və əlamətdar mədəni hadisədir” söyləyib və bu fotosərginin Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan MR-ni bütün yönləri ilə - tarixi, abidələri, ecazkar, bənzərsiz təbiəti, zəngin sərvətləri, eyni zamanda bugünkü inkişaf səviyyəsi ilə bir yerdə təqdim etdiyini bildirib.Sərgidə 60-dan çox foto nümayiş etdirilir “Şərq qapısı” qəzetinin baş redaktoru Sara Əzimova qəzetin təşkil etdiyi “Naxçıvan fotolarda” sərgisinin muxtar respublikanın 100 illik yubileyinə töhfə olduğunu bildirib.Baş redaktor məlumat verib ki, “Şərq qapısı” qəzeti 1921-ci ildən nəşr olunur və Ulu Öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri vəzifəsində çalışarkən verdiyi qərarlar da məhz bu qəzetdə dərc olunub: “103 yaşlı “Şərq qapısı” qəzeti Ulu Öndər Heydər Əliyevin ənənələrini davam etdirən, öz fəaliyyətində dövlətçilik və milli maraqları rəhbər tutan mətbu orqandır”.Redaktor bildirib ki, sərgidə nümayiş olunan fotolar “Şərq qapısı” qəzetinin fotoqrafları tərəfindən çəkilib. Onlar burada komanda olaraq əsas iki istiqaməti götürüblər - Naxçıvanın təbiətini və zəhmətkeş insanlarını: “Ümid edirəm ki, hər kəs fotoları çox bəyənəcək. Biz Naxçıvanı Bakıya gətirmişik. Arzu edirik ki, bir gün yollarımız açılsın, vətəndən vətənə qovuşaq. Bu bizim ən böyük arzumuzdur. Biz Naxçıvanda çox çətinliklər görmüşük. Qazsız, işıqsız...Bu gün biz qürurla Naxçıvanımızın təbiətini, zəhmətkeş insanlarını təqdim edirik”.S.Əzimova bildirib ki, “Şərq qapısı” qəzetinin təşkilatçılığı ilə “Naxçıvan fotolarda” adlı sərgi təkcə Azərbaycanda deyil, xarici dövlətlərdə də keçiriləcək. Tədbir bədii hissə ilə davam edib. “Naxçıvan fotolarda” sərgisində qədim diyarın abidələrini, təbiətini, zəhmətkeş insanlarını özündə əks etdirən 60-dan çox foto nümayiş etdirilir.
Yasəmən Musayeva
“Azərbaycan”qəzeti