22 fevral, 2023
Paylaş:

“Səni işə götürürəm, amma heç bir perspektiv vəd etmirəm...”

"Xalq qəzeti" 

Heydər Əliyev Həsən Həsənova bu sözləri deyəndən 10 ay sonra niyə onu vəzifə pillələrində sürətlə irəli çəkməyə başladı?

 

Redaksiyamızın bugünkü qonağı Həsən Əziz oğlu Həsənovdur. Düşünürəm, onu oxucu auditoriyasına geniş təqdim etməyə elə bir ehtiyac yoxdur, çünki Azərbaycanın hər yerində bu insanı kifayət qədər yaxşı tanıyırlar. Sovet dönəmində Həsən Həsənov Azərbaycan KP MK-nın katibindən tutmuş respublika hökumətinin sədri və müstəqil Azərbaycanın ilk Baş naziri və ilk fövqəladə və səlahiyyətli səfiri olaraq müxtəlif yüksək dövlət vəzifələrində çalışmışdır. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonrakı dövrdə uzun illər diplomatiya sahəsində fəaliyyət göstərmiş, həmçinin 1993-1998-ci illərdə Azərbaycan Respublikasının xarici işlər naziri postunda xidmət göstərmişdir. Həsən Həsənov dövlətçilik fəaliyyətinin böyük bir hissəsini Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rəhbərliyi altında çalışmış və onun yaxın silahdaşlarından biri olmuşdur. Onu redaksiyamıza dəvət etməkdə də əsas məramımız ulu öndərlə bağlı saysız-hesabsız xatirələrini eşitmək, müstəqil Azərbaycan dövlətinin qurulmasında müstəsna xidmətləri olan Heydər Əliyevin həyatının bu vaxta qədər geniş auditoriyaya məlum olmayan bir çox məqamlarına işıq salmaqdır. 

 

I söhbət

– Həsən müəllim, artıq 26 yaşında Siz Azərbaycan Kommunist Partiyası (AKP) Mərkəzi Komitəsində təlimatçı vəzifəsində çalışırdınız və bundan iki il sonra – 1969-cu ildə Ümumittifaq Komsomolunun MK-da məsul təşkilatçı vəzifəsində işləyirdiniz. Bundan bir neçə ay sonra – 1969-cu il iyulun 14-də Heydər Əliyev Azərbaycan respublikasının rəhbəri seçilir. İki il sonra yenidən Vətənə qayıdırsınız. Ulu öndərin rəhbərliyi altında fəaliyyətə başlayır və vəzifə pillələrində çox sürətlə irəliləyirsiniz. Bütün bunların Heydər Əliyevlə nə dərəcədə bağlılığı vardı?

– Mən inşaatçı-mühəndis ali təhsili almışdım və 1967-ci ildə elə bu ixtisas üzrə aspiranturada təhsilimi davam etdirirdim. S. Dadaşov adına Tikinti Materialları Elmi-Tədqiqat İnstitutunda aspirant kimi çalışırdım. Az bir vaxtdan sonra məni institututun ilk partiya təşkilatı katibi seçdilər. Elə həmin ildə də bu institutdan AKP Mərkəzi Komitəsinə dəvət etdilər. Bir müddət burada işləyəndən sonra AKP Mərkəzi Komitəsinin birinci katibi Vəli Axundovun təklifi ilə məni Respublika Komsomolunda daha yüksək vəzifəyə təyin etmək nəzərdə tutulurdu. Bu barədə Moskvaya məlumat verəndə, ordan təklif etmişdilər ki, məni göndərsinlər, bir müddət mərkəzdə çalışım, müəyyən təcrübə toplayım, işlə yaxından tanış olum, sonra Azərbaycana qayıdım.

Təbii ki, razılıq verdim, çünki əvvəllər də komsomolda çalışmışdım. Mən Mos­kvada işləməyə başlayandan altı ay sonra Vəli Axundov vəzifədən kənarlaşdırıldı və Heydər Əliyev AKP Mərkəzi Komitəsinin birinci katibi seçildi. Müəyyən vaxtdan sonra Bakıda Respublika komsomolunun qurultayı keçirildi, amma məni birinci katib seçmədilər. Vəziyyəti belə görəndə məsələ qaldırdım ki, geri – Bakıya qayıtmaq istəyirəm. Qayıtmaq isə gözlənilmədən çox çətin oldu. Moskvada mənə bildirdilər ki, Heydər Əliyev səni geri götürmək istəmir.

Bakıda olanda maraqlandım ki, Heydər Əliyevin məni MK-ya geri qaytarmamağının səbəbi nədir? Dedilər, “yəqin səni Vəli Axundovun adamı bilir, ona görə. Çünki 26 yaşında hər adamı MK-nın aparatına vəzifəyə götürmürlər. Üstəlik səni qısa müddətdən sonra hətta Moskvaya işləməyə göndərib”.

Bir il müzakirələr getdi. Moskvada vəzifələr təklif etdilər, bu dəfə mən razılaşmadım. Dedim yox, Bakıya qayıtmaq istəyirəm. İstəyirdim Azərbaycanda hər hansı vəzifəyə qayıdım. Moskvadan isə deyildi ki, “yox, Komsomolun Mərkəzi Komitəsi hörmətdən düşər, gərək layiqli bir vəzifə olsun”.

Nəhayət, uzun müzakirələrdən sonra Heydər Əliyev məni qəbul etməyə razılıq verdi. Görüşün sonunda mənə bildirdi ki, “işə götürürəm, amma sənə heç bir perspektiv vəd etmirəm”. Dedim, “Azərbaycana qaytardığınız üçün təşəkkür edirəm”. Amma 10 aydan sonra artıq Heydər Əliyev özü məni yeni vəzifəyə təyin etdi.

Bu hadisələrdən 10 il keçdi. Gəncə (30-cu illərdə adını dəyişib Kirovabad qoymuşdular) Şəhər Partiya Komitəsinin birinci katibi vəzifəsində işləyirdim. Bir gün Heydər Əliyev ora səfərə gəlmişdi. İşlədiyim müddətdə şəhərdə gördüyüm işləri, verdiyi tapşırıqları necə yerinə yetirdiyimi və vəzifəmin öhdəsindən necə gəldiyimi görəndən sonra, uzun illər içimdə yaşadığım narahatlığa son qoydu. Qəflətən dedi, “Həsən, sən bilirdinmi ki, Moskvadan qayıdandan sonra gərək Komsomolun birinci katibi seçiləydin?” Dedim: “Bəli, bilirdim”. Soruşdu ki, hardan bilirdin? Cavabında bildirdim ki, Moskvaya gedəndə Vəli Axundov mənə demişdi. O, üzümə baxıb dedi ki, bəs niyə olmadın. Dəqiq bilmirəm, amma mənə dedilər, guya siz məni Vəli Axundovun adamı bilib bu vəzifəyə qoymamısınız, − deyə, cavab verdim. Ulu öndər gülümsəyərək dedi: − Vəli Axundovun bu işə heç bir aidiyyəti yoxdur. Həmin ərəfədə mən Moskvaya Əbdülrəhman Vəzirova zəng vurub soruşdum ki, sizdə Həsən Həsənov adlı bir adam işləyir. (O zaman Vəzirov Moskvada komsomolda yüksək vəzifədə işləyirdi.) Onun Azərbaycan Komsomolunun birinci katibliyinə namizədliyi var. Bu haqda fikrin nədir? O da cavab verdi ki, Həsən bu vəzifənin öhdəsindən gələ bilməz. Mən də onun sözünə əsaslanıb, qərar verdim.

Dediyim kimi, bu hadisələrin üstündən 10 il keçmişdi. Çox hadisələr olmuşdu. Heydər Əliyev bunu deməyə də bilərdi. Amma, uzun illər Vəzirovun mənim haqqımda dediyini unutmurdu. Dedim: − Heydər Əliyeviç, bəs niyə bu hadisələri indi xatırlayırsınız? Axı o hadisələrin üstündən 10 il keçib? Dedi: −Axı Vəzirov gəlib Gəncədə işləyə bilmədi. Sən isə uğurla işləyirsən. O özü işləyə bilməyəcəyi halda, sənin haqqında belə saxta, doğru olmayan fikir söylədi. Dedim ki, bunları biləsən.

Bunları ona görə təfsilatı ilə söyləyirəm ki, Heydər Əliyevin xarakterindəki parlaq cizgiləri, mərdliyi və ədalətli olmasını açıqlayım. O, əvvəl məni tanımadığı üçün, təkidlərə baxmayaraq, işə qəbul etmirdi. Amma tanıyandan sonra, potensialıma, iş qabiliyyətimə, intellektimə dərindən bələd olduqca məni pillə-pillə daha böyük vəzifələrə irəli çəkdi.

– Ümumiyyətlə, Heydər Əliyevi nə vaxtdan tanımağa başladınız, şəxsi münasibətlərinizin tarixi hardan başlayır?

– 1965-ci ildə indiki Azadlıq meydanında tədbir keçirilirdi. Mən də Oktyabr (indiki Yasamal) Rayonu Komsomol Komitəsinin katibi idim. Yanımda rayonun birinci katibi Yunus Məmmədov oturmuşdu. Qəfildən o məni dümsükləyib dedi: −Bir o gələn adama bax. Baxdım ki, enlikürək, ucaboy, əzəmətli, yaraşıqlı bir gənc kişi gəlir. Soruşdum: − O kimdir elə? Dedi: − Heydər Əliyevdir, DTK-da rəhbər vəzifədə işləyir. Düşünürəm, o, gələcəkdə Azərbaycanın rəhbəri olacaq”.

Bu, 1965-ci ilin söhbətidir. Onda Heydər Əliyevi qiyabi tanıdım. İki il sonra Heydər Əliyev DTK-nın sədri təyin olundu, 1969-cu ildə isə Azərbaycan KP MK-nın birinci katibi seçildi və respublikaya rəhbərlik etməyə başladı.

1969-cu ildə hələ Moskvada işlədiyim vaxtda Bakıda sovet-yapon gənclərinin festivalı keçirilirdi. Bu tədbiri təşkil etmək üçün Moskvadan komsomolun Mərkəzi Komitəsindən məni də nümayəndə heyətinin tərkibinə salmışdılar. Biz Bakıda olan günlərdə, Vəli Axundovu işdən çıxarıb yerinə Heydər Əliyevi seçmişdilər. Tezliklə nümayəndə heyətimizi tam tərkibdə yenicə seçilmiş respublika rəhbərinin qəbuluna dəvət etdilər. Heydər Əliyev festivalın təşkili, necə aparılacağı və sair məsələlərlə tanış olandan sonra, bizə müraciət edib dedi:

– Sizi maraqlandıran suallar varsa, verə bilərsiniz.

Nümayəndə heyətinin rəhbəri dedi: − Heydər Əliyeviç, heç bir sualımız yoxdur, hər şey yüksək səviyyədə təşkil olunub. Heç bir problem yoxdur.

Heydər Əliyev sonra respublikada görüləcək işlər barədə yarım saata qədər danışdı. Məsələn, respublikada sosial-iqtisadi sahədə islahatlar olacaq, rüşvətxorluğa qarşı amansız mübarizə aparılacaq, respublikada bir çox sahələrdə olan nöqsanları tezliklə düzəltməliyik və s. Moskvadan gələnlərin heç birinin səsi çıxmırdı. Heyrətlə ona baxırdılar. Sağollaşıb çıxanda nümayəndə heyətinin rəhbəri üzünü mənə tutub astadan soruşdu: − O, doğurdanmı dediklərinin hamısını edəcək?

Dedim: − Düşünürəm, Heydər Əliyeviç bacarmadığı sözü deməz, dediklərinə də əməl edəcək.

Dedi: − Hardan bilirsən?

 Dedim: − Heydər Əliyeviç konkret və qətiyyətli adamdır, sözünü küləyə verən deyil. Bunun haqqında Azərbaycanda çoxdan müsbət fikirlər dolaşır. Onlar da boş yerdən yaranmayıb.

Gülə-gülə dedi: − Dediklərini edəcəksə, onda SSRİ-də partlayış olacaq...

– DTK-nın rəhbəri general Heydər Əliyev və Azərbaycan Respublikasının rəhbəri, Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyev. Bu iki vəzifədə ayrı-ayrılıqda Heydər Əliyev ictimayyət tərəfindən necə qarşılanırdı?

 Sovet İttifaqı dağılandan sonra DTK-nı bir qurum kimi çox mifləşdiriblər. Bəzən bu təsisat haqqında müxtəlif uydurmalar olurdu. Sovet dövründə DTK-nın tarixi bir çox mərhələlərdən ibarət olub. Onu yaradanda Rusiyada Vətəndaş müharibəsi, sinfi mübarizə gedirdi. Hakimiyyətdən gedənlərlə, hakimiyyətə gələnlər arasında müharibə gedirdi. Bir çox xalqlar Rusiya imperiyasından ayrılıb müstəqil olmaq istəyirdilər. DTK məhz həmin dövrdə yaranmışdı və aydındır ki, kütləvi qırğınlarla nəticələnən bir çox qərarlar verir. Bu, həmin təşkilatın ilk dövrü və ilk vəzifəsi idi.

1930-cu illərdə ölkədə repressiya dövrü başladı. Bu artıq tarixin başqa mərhələsi idi. Yəni dövlət öz xalqı ilə müharibə aparırdı. Bu hadisələrdə yenə də həmin təşklat ön sırada idi.

1941-1945-ci illər müharibəsindən və xüsusən də 1956-cı il reabilitasiya hadisələrindən sonra bu təşkilatın vəzifələri yenidən dəyişməyə başladı.

Amma 1960-70-ci illərin DTK-sına gələndə, bu da tamamilə fərqli bir qurum idi. Bu illərdə, nəinki əvvəlki kimi repressiya, ümumiyyətlə kütlə ilə, xalqla mübarizə yox idi. DTK-nın qarşısında yeni vəzifələr dururdu. Yəni ölkədə dissidentlər hərəkatı başlayırdı. Təşklatın qarşısında bu problemi aradan qaldırmaq vəzifəsi qoyulurdu. Həmin dövrdə müxtəlif respublikalarda, elə Rusiyanın özündə ziyalılar Sovet hakimiyyətinə qarşı çıxış edirdilər. Əsas vəzifə bunun qarşısını almaq idi.

Əlbəttə, Heydər Əliyevin məhz həmin dövrdə Azərbaycanda DTK-yə rəhbərlik etməsi xalqımızın açıq fikirli ziyalılarına qarşı təhlükələrin qarşısını almağa, onları həbslərdən qorumağa, xilas etməyə çox böyük fayda verdi. İkinci tərəfdən, onun cəsarətli tədbirləri və təyinatları sayəsində həmin qurumun kadrları qısa zamanda əsaslı şəkildə milliləşdirildi.

Məsələn, Heydər Əliyev mənim yaxın dostum olan xalq şairimiz Bəxtiyar Vahabzadəni böyük bəlalardan xilas edib. Müstəqillik illərində artıq xalqımız da bunu bildi. Bəxtiyar müəllimi məşhur “Gülüstan” poemasına görə Bakı Dövlət Universitetindən didərgin salmışdılar. Heydər Əliyev onu qorudu. Onun kimi bir çoxlarını öz cəsarəti, ağlı, müdrikliyi sayəsində himayə etdi. O zaman bu, elə də asan məsələ deyildi.

Heydər Əliyev bu qurumun imkanlarından öz xalqını, onun ziyalılarını, Vətənini qorumaq üçün istifadə edirdi. Çünki bu qurumda məxfi məlumatlar toplanırdı. Bu məlumatlar əsasında da Heydər Əliyev qabaqlayıcı tədbirlər görə bilirdi. İkinci tərəfdən, Heydər Əliyev burada xalqımızın taleyi, keçmişi və tarixi ilə bağlı bir çox qaranlıq məqamları, bəzi qüvvələr tərəfindən unutdurulmağa çalışan faktları xalqın yaddaş saxlancı üçün üzə çıxarmağa nail oldu.

– Onun respublikaya sovet dönəmində və müstəqillik illərində rəhbər seçilməsi ilk vaxtlarda Azərbaycanda siyasi dairələr və cəmiyyət tərəfindən necə qarşılandı?

– Ola bilərdi ayrı-ayrılıqda, kuluarlarda kimsə desin ki, DTK generalı niyə birinci katib seçilib? Amma kütlə, xalq arasında bu fikir yox idi. Niyə? Çünki o dövrdə kütlənin DTK-ya elə bir kini yox idi. Əksinə, bir çox hallarda ziyalılar öz aralarında DTK sədri Heydər Əliyev haqqında çox müsbət fikirlər söyləyirdilər. Hakimiyyətə gələndən sonra isə Heydər Əliyevi yaxşı tanımayan, milli təəssübkeşliyini, xalqına sevgisini, ədalətli olmasını bilməyənlər az bir zamandan sonra onun fəaliyyətində bu keyfiyyətləri gördülər və ona böyük rəğbətlə yanaşmağa, sevməyə başladılar. Hamı gördü ki, o, xalq adamıdır və əhalinin problemlərini, dərd-sərini yerli-yataqlı bilən və onların həllinə çalışan, bu sahədə ilk gündən qətiyyətli addımlar atan bir şəxsiyyətdir.

Bildiyiniz kimi, Heydər Əliyev iki dəfə respublikaya rəhbər seçilib. Birinci dəfə mən Moskvada olanda – 1969-cu ildə. İkinci dəfə 1993-cü ildə mən Nyu-Yorkda Azərbaycanın BMT-dəki nümayəndəsi işləyərkən. Yəni hər iki halda mən Azərbaycandan kənarda olmuşam.

Mən ölkədən kənarda olduğum üçün Azərbaycana qarşı iki fərqli münasibətin şahidi idim. Yəni Heydər Əliyevdən əvvəlki və onun dövrünün Azərbaycanını nəinki öz ölkəmizdə, həmçinin xaricdə də tam fərqli dəyərləndirirdilər. İkinci dəfə Heydər Əliyevin hakimiyyətə gəlişi xalqımızın kütləvi çağırışı əsasında oldu və xalqın ürəyindən idi. Xalq yaranmış acınacaqlı vəziyyəti öz gözü ilə görürdü. Bəzi siyasi rəqibləri məhz bu amil narahat edirdi. Onlar əlacsız qalıb Heydər Əliyevə qarşı müxtəlif ittihamlar irəli sürməyə çalışırdılar – “DTK generalı”, “Siyasi Büro üzvü”, “Kremlin adamı” və sair. O zaman mən dünyanın ən aparıcı diplomatlarının və tanınmış siyasətçilərinin toplaşdığı BMT-də işləyirdim. Qurumun rəhbərliyi və Təhlükəsizlik Şurasının üzvləri Heydər Əliyevin hakimiyyətə gəlişinin ilk günlərindən bunu rəsmən tanıdılar və ona dəstək verdilər. Onu, qiyabi də olsa, dünyada tanıyan siyasətçilər çox idi. Mən hələ Nyu-Yorkda, sonra isə Xarici işlər naziri işləyərkən dəfələrlə şahidi olurdum ki, Heydər Əliyevin keçmiş həyatı ona qarşı ehtiyatlı münasibət deyil, əksinə rəğbət oyadırdı.

Heydər Əliyev 1993-cü ildə hakimiyyətə gəlişinin ilk günlərində ABŞ Prezidenti Bill Klintonun şəxsi nümayəndəsi Strob Talbot Bakıya gəldi. Mən o görüşdə iştirak edirdim. Görüş zamanı o dedi ki, Sovet dövründə o Moskvada jurnalist olaraq çalışırdı və hələ o zamanlar Heydər Əliyevin pərəstişkarı idi. O Bakıdan çox yüksək təəsüratlarla getdi. Tezliklə Heydər Əliyev Prezident seçiləndə onu ilk təbrik edənlərdən biri məhz ABŞ Prezidenti Bill Klinton oldu.

Tarix göstərdi ki, Heydər Əliyev bütün ömrünü öz xalqının rifah və əmin-amanlığına, Vətəninin xoşbəxt gələcəyinə həsr edib. Onun rəhbərliyinin hər iki dövründən saatlar yox, günlərlə danışsaq qurtaran deyil...

 Müsahibəni qələmə aldı:
İlqar RÜSTƏMOV

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()