“Sən azadsan” kitabının təqdimatı və Zəfər Gününə həsr edilən tədbir
5 noyabr tarixində Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının həyata keçirdiyi “Zəfər tarixinin şanlı 44 günü” layihəsi çərçivəsində kitabxananın nəşrə hazırladığı “Sən azadsan!” kitabının təqdimat mərasimi və Zəfər Gününə həsr edilən tədbir təşkil edildi.
Tədbirdə şair, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Dünya Gənc Türk Yazarlar Birliyi İdarə Heyətinin sədri İntiqam Yaşar, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin mətbuat katibi Şahanə Müşfiq, yazıçı, şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü və mükafatçısı Ramil Əhməd, şair Səddam Hüseyn, “Sən azadsan” kitabına yazıları daxil edilən gənc şair, yazıçılar və başqaları iştirak edirdi.
Respublika Gənclər Kitabxanasının direktoru Aslan Cəfərov uzun illər işğal altında olan ərazilərimizin geri qaytarılması, ədalətin zəfər çalması ilə nəticələnən Vətən Müharibəsinin tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildiyini söyləyərək bütün tədbir iştirakçılarını 8 Noyabr - Zəfər Günü münasibətilə təbrik etdi. Bu gün Zəfərini qeyd etdiyimiz Vətən müharibəsində qələbənin qəhrəman Azərbaycan oğullarının şücayəti və Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin müdrik siyasəti sayəsində qazanıldığını söyləyərək, cənab Prezidentin yalnız hərb meydanında müzəffər bir sərkərdə kimi deyil, diplomatik cəbhədə də böyük strateji mövqe nümayiş etdirərək, informasiya müharibəsində ədalətin, dürüstlüyün simvolu olaraq, cəsarətli çıxışları ilə bütün təzyiqlərə üstün gəldiyini və Azərbaycanın haqq səsini bütün dünyaya çatdırdığını söylədi. Təqdimatı keçirilən “Sən azadsan” kitabının ərsəyə gəlməsində iştirak edən hər kəsə öz dərin təşəkkürünü bildirərək, kitabın şanlı Zəfər tarixinin bir nümunəsi olduğunu, adının Müzəffər Ali Baş Komandan İlham Əliyevin Şuşa şəhərinə müraciətlə dediyi “Əziz Şuşa, sən azadsan!” sözlərindən götürüldüyünü vurğuladı.
Kitabxananın İnformasiya təminatı və media ilə iş şöbəsinin müdiri Günay Həsənova “Zəfər tarixinin şanlı 44 günü” layihəsi çərçivəsində həyata keçirilən tədbirlər - “Zəfərimiz rənglərin işığında” adlı gənc rəssamların sərgisi, şanlı Zəfər tarixinə həsr edilən Azərbaycan, ingilis və rus dillərində hazırlanan videomateriallar, virtual və ənənəvi sərgilər, metodiki vəsaitlər haqqında məlumat verərək, kitabxananın gələcəkdə də bu istiqamətdə öz fəaliyyətini davam etdirəcəyini söylədi.
Tədbir iştirakçılarına kitabxana əməkdaşları tərəfindən hazırlanan, Zəfər Gününə həsr edilən virtual sərgi nümayiş etdirildi.
Tədbirin aparıcısı İntiqam Yaşar kitabda poema, şeir, esse və hekayələri toplanan gənc şair və yazarlar haqqında məlumat verdi. Tədbirdə iştirak edən gənc şair və yazarlar ilə Şuşa səfərindən danışaraq, şəhərin, orada olan hər bir kəsə möcüzəvi, sözlə ifadə edilməsi mümkün olmayan bir hisslər yaşatmasından söhbət açdı. Məhz o səfər zamanı qələmə aldığı “Mən Şuşadayam” şerinin yazılma tarixçəsindən danışaraq, tədbir iştirakçıları üçün həmin şeri səsləndirdi.
Şahanə Müşfiq hər sətrində Azərbaycan gəncliyinin Vətənə, doğma torpağa olan sevgisindən bəhs edən bu kitabın ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkürünü bildirərək, kitabda ən geniş Şuşa reportajının onun qələminə məxsus olduğunu söylədi. O, uzun illər davam edən Qarabağ torpağının işğalı və Şuşa itikisinin ədəbiyyatımıza, mədəniyyətimizə vurduğu zərbələrdən, yaratdığı boşluqlardan danışdı, indi istedadlı gənclərin yaradıcılıqlarını məhz bu mövzuya yönəltməli olduqlarını bildirdi.
Şair Səddam Laçın Vətən müharibəsi dövründə döyüş bölgələrində şahidi olduğu qəhrəmanlıq nümunələrindən, arxa cəbhədə isə xalqın bir yumruq kimi birləşməsindən, qələbəyə qətiyyətli inam nümayiş etdirməsindən danışdı. Uzun illər istəsə də, ata yurdu olan Laçın rayonu haqda şeir yaza bilmədiyini, lakin müzəffər Azərbaycan ordusunun xalqa yaşatdığı qələbə sevincindən sonra nəhayət ki, “Laçın” adlı şerini qələmə aldığını dilə gətirdi və həmin şeri tədbirdə səsləndirdi.
Ramil Əhməd uzun illər valideynlərinin dilindən eşitdiyi Şuşa xatirələrinin, Şuşa mənzərələrinin zəfərdən sonra, ora səfər edərək canlı şahidi olmasından, Şuşada olarkən keçirdiyi hisslərdən danışdı. Ali Baş Komandan İlham Əliyevin müdrik, uzaqgörən siyasəti, rəşadətli ordumuzun qəhrəmanlığı sayəsində qazanılan bu qələbənin böyüməkdə olan nəslə bir örnək olduğunu söylədi. Ramil Əhməd tədbir iştirakçılarına “Sən azadsan” kitabında yer alan müəllifi olduğu “Şuşa eşqi” reportajından bir parça səsləndirdi.
Şair Elvin Əlizadə ata yurdu Zəngilan rayonunun Ağalı kəndində olarkən orada aparılan yenidənqurma işlərindən söz açaraq, atasına xitabən yazdığı “Zəngilan” şerini səsləndirdi.
“Sən azadsan” kitabında yer alan “Ruhköçürmə stansiyası” hekayəsinin müəllifi Elmin Nuri kitabın janr və tərtibat baxımından çox nəfis hazırlanmasından, gələcəkdə də bu mövzunu əhatə edən şeirlərin, hekayə və oçerklərin ayrı - ayrılıqda toplum formasında nəşr edilməsi zəruriyyətini vurğuladı.
Vətən müharibəsi iştirakçısı Həsən Kür müharibə dönəmində şahidi olduğu xalqın, Azərbaycan oğullarının Vətən sevgisindən, qəhrəmanlıqlarından danışaraq, müharibədən sonra qələmə aldığı “Şükür” şerini səsləndirdi.
Tədbirin sonunda xatirə şəkli çəkdirildi.
Qeyd edək ki, Sözügedən kitabda Azərbaycanın şanlı zəfər tarixi – 44 günlük müharibəyə həsr olunmuş, 20-ə yaxın gənc yazarın qələminin məhsulu olan 30-dan çox ədəbiyyat nümunələri toplanmışdır. Kitabın layihə rəhbəri və ideya müəllifi Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının direktoru Aslan Cəfərov, ön sözünün müəllifi Azərbaycan Yazıçılar Birliyinin sədr müavini “525-ci qəzet”in Baş redaktoru, Əməkdar Mədəniyyət işçisi Rəşad Məcid, tərtibçi və redaktoru Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının sədri Fərid Hüseyndir.