Şəhidlərə həsr olunmuş kitabların təqdimatı

20 iyun, 2023
Paylaş:

Şəhidlərə həsr olunmuş kitabların təqdimatı

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında şairə Esmira Günəşin və Səmilə Abdullazadənin şəhidlərə həsr olunmuş kitablarının təqdimat mərasimi keçirilib. Tədbirdə Bakı və Sumqayıt şəhərlərinin şəhid ailələri, müxtəlif orta məktəblərin müəllim və şagird heyəti, kitabxananın kollektivi iştirak edib.

Tədbiri giriş sözü ilə açan kitabxananın Elmi işlər üzrə direktor müavini Günay Həsənova 44 günlük Zəfər tarixindən danışaraq bu qələbənin Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin müdrik siyasəti, ali diplomatik bacarığı, bütöv bir xalqın birliyi, qələbəyə olan sonsuz inamı və rəşadətli ordumuzun şücaəti, igid Azərbaycan oğullarının qəhrəmanlığı sayəsində qazanıldığını söyləyib və qeyd edib ki, Vətən mərd oğulları ilə tanınır. Bu oğulları Vətən üçün yetişdirən isə mərd analardır. O, müəllif Esmira Günəş haqqında məlumat verərək bildirib ki, “Xan qızı Natəvan” ədəbi məclisinin üzvü, “Günəşin Nuru” ədəbi məclisinin təsisçisi, Türkmən Ədəbiyyatçı və Yazıçılar Birliyinin üzvü, Türkiyədə “Yeddi Bölge Şair Ozan Kültür Dernegi”nin Azərbaycan təmsilçisi, bir çox ədəbi müsabiqələr qalibi və Fəxri diplomların sahibi olan müəllif şəhidlərə həsr etdiyi kitablarında yarımçıq qalan arzuları dilə gətirməklə şəhid ailələrinin acısına məlhəm olmağa çalışır.

Tədbirdə Esmira Günəş Sumqayıt şəhər internat tipli gimnaziyanın müəllimi Ruhiyyə Paşayeva və həmin gimnaziyanın şagirdi Şəbnəm Osmanovaya “Günəşin Nuru” ədəbi məclisi adından Fəxri Fərmanı təqdim edərək, böyüməkdə olan gənc nəslin hərbi vətənpərvərlik tərbiyəsində  təhsil, elm, mədəniyyət ocaqlarının əhəmiyyətindən danışdı. Daha sonra 24 saylı məktəbin şagirdi Leyla Məmmədova sözləri şairə Esmira Günəşə aid olan, şəhid analarına həsr olunmuş mahnını ifa edib. Sumqayıt şəhər 1 saylı məktəbin şagirdi Elgün Abbaszadə isə müəllifin şəhidlərə ithaf etdiyi şeirini söyləyib.

Tədbirdə eyni zamanda Səmilə Abdullazadənin şəhid oğlu Həsənağa Abdullazadəyə həsr etdiyi “Zəfərimizin qəhrəmanı” adlı kitabı təqdim olunub. Kitabda şəhidin bioqrafiyasının, onun haqqında xatirələrin, ona həsr olunmuş şeirlərin yer aldığı bildirilib.

Tədbirdə şəhid ailələri xatirələri ilə bölüşüb və tədbir boyunca vətənpərvərlik mövzusunda videomateriallar nümayiş olunub.

Tədbirin sonunda Esmira Günəş müəllifi olduğu kitabları kitabxanaya hədiyyə edib.

 

 

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()