12 avqust, 2024
Paylaş:

Şəfiqə Axundova

"Həyat, sən nə şirinsən", "Gözlərimin işığı sənsən", "Tapmayacaqsan məni", "Mehriban olaq", "Hardasan sevgilim, gəl", "Gəl ey səhər" kimi mahnıları ilə qəlbimizdə kövrək, həzin hisslər oyadan unudulmaz sənətkarımız, Şərqdə ilk opera yazan qadın bəstəkarımız... Oğlunun ölümünü 40 gün sonra bilən, onunla eyni tarixdə vəfat edən, sənətinə görə ailəsi dağılan, ömrünün sonuna kimi tək yaşayan Xalq artisti Şəfiqə Axundova...

Şəfiqə xanım Şəkidə sayılıb-seçilən Axundovlar ailəsində dünyaya göz açıb. Atası Qulam Axundov dövrünün tanınmış ziyalısı idi. Müəyyən illərdə partiya işində, rəhbər vəzifələrdə çalışıb. Anası Züleyxa xanım isə evdar qadın olub. Asəf Zeynallı adına Bakı Musiqi Məktəbini bitirən Şəfiqə xanım dahi bəstəkar Üzeyir Hacıbəyovdan dərs alıb. Onun sənətə gəlməsində böyük bacısı Zümrüd Axundovanın xüsusi rolu olub. O, həmişə Şəfiqə xanımı dəstəkləyib. Zümrüd xanım universitet müəllimi, həyat yoldaşı isə akademiyanın prezidenti idi. Onların evlərinə şəhərin ən ziyalı adamları yığışırdı.

Çox qısa müddətdə ailəli olan Şəfiqə xanımın bu evlilikdən Taleh adlı bir övladı dünyaya gəlib. Bir daha ailə qurmayan bəstəkar ömrünün sonuna kimi tək yaşayıb. O, həyat yoldaşından ayrılmasının səbəblərini müsahibələrinin birində belə izah edir: "Yoldaşım məni başa düşmürdü. Ya ailə, ya sənət. İkisi bir yerdə tutur deyən adam yarımçıq sənətkardır. Tam mənası ilə özünü sənətə həsr etmək üçün gərək tənha olasan. Mən bu tənhalığı seçdim və özümü sənətə həsr etdim!".

Bəstəkarın "Mehriban olaq" mahnısının yazılmasının maraqlı tarixçəsi var. Şəfiqə xanımın qonşuluğunda yaşayan iki qadın günlərin birində bərk dalaşır. İki gün sonra isə tamaşa vaxtı iki tamaşaçının yer üstündə dalaşdığını görür. Bu hadisələrin hər biri bəstəkara pis təsir edir və o, "Mehriban olaq" mahnısını yazmağı qərara alır.

Şəfiqə xanım məşhur "Lay-lay" mahnısını isə oğluna həsr edib. Ancaq bütün ümidlərini bağladığı Taleh Hacıyev gənc yaşlarında ruhi xəstəliyə tutulub. Taleh çox böyük istedada malik olsa da, anası qədər tanınmırdı. Onun yaradıcılığı ilə çox az adam tanışdır. Amma onun 18-20 yaşlarında bəstələdiyi "Belə qəmli dayanma" adlı mahnısı böyük məşhurluq qazanıb. İnsanlar Taleh Hacıyevi daha çox pianoçu kimi tanıyıblar. Oğlunu hədsiz dərəcədə sevən ana onun haqqında belə deyirdi: "Mənim oğlum gözəl piano çalır, o, çalanda hamı heyran qalır. Gözəl pianoçudur. Ondan çox nigaranam, mən dünyada olmayanda, o necə yaşayacaq, nə edəcək? Axı uşaq kimi safdır, köməksizdir. Allahdan ömür istəyirəm ki, onu tək qoymayım bu dünyada". Bu sözləri deyəndə Şəfiqə xanım haradan bilərdi ki, amansız əcəl oğlunu ondan daha tez aparacaq... Taleh uzun illər xəstəliklə mübarizə aparsa da, 2008-ci il iyul ayının 26-da Maştağada yerləşən ruhi əsəb xəstəxanasında vəfat edir. Oğlunun ölümü Şəfiqə xanımdan uzun müddət gizlədilir. Yalnız qırx mərasimi başa çatandan sonra oğlu Talehin vəfat etdiyini öyrənir.

Ürək xəstəliyindən əziyyət çəkən Şəfiqə xanım ömrünün son günlərini xəstəxanada keçirir. Onun yanına gələn Əməkdar artist Aybəniz Haşımovaya və millət vəkili Qənirə Paşayevaya bu sözləri deyir: "Məni ölməyə qoymayın. Mən yaşamaq istəyirəm...". Bu sözlərdən bir neçə gün sonra bəstəkar 89 yaşında 2013-cü il iyul ayının 26-da, oğlu Talehdən beş il sonra onun vəfat etdiyi ay və gündə dünyasını dəyişir...

Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()