17 mart, 2025
Paylaş:

Sara Qədimova

İrəvandan yük maşınında qaçan, özündən 24 yaş böyük vəzifəli şəxslə evlənən, İran şahının sevimlisi olan Xalq artisti Sara Qədimova...

Sara Qədimova Bakıda anadan olsa da hər kəs onu qarabağlı kimi tanıyıb. Əslən Ağdamın Abdal-Gülablı kəndindən olub. Çox kiçik yaşlarından anasını, daha sonra isə atasını itirib. Uşaqlıqdan musiqiyə olan həvəsi onu nəhəng sənətkarların iştirakı ilə keçirilən müsabiqəyə aparıb çıxarıb. Müsabiqədə Sara xanımın ifasında "Qatar" və "Gəlmə-gəlmə" Xalq mahnısını dinləyən görkəmli bəstəkar Üzeyir Hacıbəyov heyrətdən donub qalıb. Sonralar Üzeyir bəyin təklifi ilə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumuna, Hüseynqulu Sarabskinin muğam sinfinə qəbul olunan müğənni müəllimindən musiqi sənətinin sirlərini öyrənib. Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi işə başlayan Sara xanım nadir istedadı sayəsində qısa müddət ərzində müğənni kimi tanınmağa, sevilməyə başlayıb.

22 yaşında növbəti konsertlərinin birində həyatının axarını dəyişən bir təklif alır. Sonralar Sara Qədimova xatırlayırdı: "Qədir müəllim Tibb Texnikumunun direktoru idi. Mən mamalıq şöbəsində oxuyurdum. Bir gün konsertdən sonra o mənə yaxınlaşıb ciddi şəkildə "səninlə ailə qurmaq istəyirəm", - dedi. Sara xanım əvvəl tərəddüd edir, buna səbəb Qədir İslamzadənin Saradan 24 yaş böyük olması idi. Buna baxmayaraq, Sara xanım onunla evlənir. Bu nikahdan görkəmli xanəndə Akif İslamzadə dünyaya gəlir. Lakin 8 il sonra cütlük evliliklərini bitirir.

Türkiyənin sabiq dövlət başçısı Süleyman Dəmirəl prezident seçilməmişdən əvvəl Bakıda səfərdə olarkən Sara Qədimovanın ifasında Abbas Səhhətin məşhur "Könlümün sevgili məhbubu mənim, vətənimdir, vətənimdir, vətənim" muğamını dinləyib çox bəyənir. Hətta Dəmirəl prezident seçildikdən sonra da Sara xanımla görüşür. Onun səsinə heyranlığını gizlətməyən dövlət başçılarından digəri isə İran şahı olub. Günlərin birində Xan Şuşinski ilə Sara xanım Rza şahın dəvəti ilə İrana dəvət alır. Şahın qarşısında çıxış edən Sara xanımın ifası şahı necə valeh edirsə, onu ordenlə təltif edir.

Sara xanım bir dəfə İrəvana qastrol səfərinə yollanır. Gecə Canəli Əkbərovla Güldüzü kəndində kolxoz sədrinin evində söhbət edirlərmiş. Qəfildən qapı açılır və bir kişi içəri keçir. Konsertin hansı dildə olacağını soruşur. Sara xanım da cavab verir ki, afişada yazılıb, gedin oxuyun. Bu kişi də erməni imiş. Sabahsı günü konsertdə işıqları söndürürlər. Telefonlar kəsilir, aləm bir-birinə dəyir. Bu qarmaqarışıqlıqda Sara xanımla Canəli Əkbərov yük maşınına minib aradan çıxa bilirlər. Xalq şairi Məmməd Araz onun səsinin vurğunu idi. Sara xanıma ünvanlanmış şeir də yazmış, onu Azərbaycan musiqisinin "ağ çiçəyi" adlandırmışdı.

Görkəmli sənətkar uzun sürən xəstəlikdən sonra 82 yaşında dünyadan köçüb.

Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()