24 iyun, 2024
Paylaş:

Salam Qədirzadə

Özümüzü dərk edəndən onun romantik eşq hekayələri ilə böyümüşük. Gənclik, hətta məktəb illərimiz belə onun bir-birindən gözəl, duzlu-məzəli əsərləri ilə keçib. Əlimizə fürsət düşən kimi çox zaman dərs kitablarımızı bir kənara atıb, ən pak hisslərimizi, ilk sevginin, ayrılığın, göz yaşının bizə verdiyi həyəcanı da onun əsərləri ilə yaşamışıq… Sədaqəti xəyanətdən onunla birgə ayırd etmişik. Onun kitabları heç vaxt rəflərdə tozlanmayıb, çünki əldən-ələ gəzib. Söhbət "Qış gecəsi", "46 bənövşə", "Sevdasız aylar", "Kəndimizdə bir gözəl var" kimi romantik, axıcı əsərləri ilə qəlblərimizdə silinməz iz buraxan məşhur sevimli yazıçımız Salam Qədirzadədən gedir...

Bakı şəhərində anadan olan yazıçının valideynləri əslən Maştağadan olublar. Ticarətlə məşğul olan atası ailəsinin ruzisini balaca dükandan gələn gəlirdən çıxarıb. Anası Ziba xanım isə evdə dərzilik edib. Yazıçı uşaqlıqdan şeir və hekayələr yazsa da, musiqini o qədər sevib ki, hətta bir gün tar çalmağı öyrənməyə də qərar verib. Sənədlərini götürüb musiqi məktəbinə yollanan yazıçı, bəstəkar Üzeyir Hacıbəyovun yoxlamasından keçməli olub. Növbə ona çatanda o, tarda bir musiqi ifa edib. Üzeyir bəy deyib ki, bala, sən bu sənəti at, tarzən olmaq sənlik deyil. Sonralar bu xatirəni yada salar, gülə-gülə Üzeyir bəyə rəhmət oxuyarmış. Çünki bəstəkarın məsləhətindən sonra o, yenidən ədəbiyyata meyil edib.

Milliyyətcə rus olan Roza adlı xanımla ailə quran yazıçı onunla elektrik qatarında tanış olub. Hər gün eyni qatarda rastlaşdığı, yolboyu kitab oxuyan rus gözəli Salam Qədirzadənin gözündən yayınmayıb. Bir gün cəsarətini toplayıb qıza könül açan gənc Salam, bu məhəbbətin qarşılıqlı olduğunu öyrənəndə, sanki dünyanı ona bağışlayıblar. İlk görüşlərində bir-birlərinə ayrı keçən illərindən danışıblar. Roza xanım ondan heç nəyi gizlətməsə də, amma yazıçı bir məsələni sevgilisindən sirr saxlayıb, ona Bakıda heykəltəraş qızla nişanlı olduğunu deməyib...

Bu evlilikdən onların iki övladı doğulub. Ruslan və Leyla. Oğlunun adını Puşkinin "Ruslan və Lyudmila" əsərindən götürüb. "Kəndimizdə bir gözəl var" əsərini isə qızı Leylaya ithaf edib. Çox zarafatcıl, şən adam olan Salam Qədirzadə həm də tələbkar idi. Səliqə-səhmanı çox sevən yazıçı, eyni zamanda da qayğıkeş biri olub. Həddindən artıq kövrək qəlbə sahib olduğu üçün heç kəsin xətrinə dəyməzdi. "Ürək şüşə kimidir, sındımı, bir daha calamaq olmaz", - deyərdi. Bəlkə də elə bu xüsusiyyətlərinə görə həyat yoldaşı onu həddindən çox sevib.

Bir dəfə yazıçı gül ticarəti ilə məşğul olan pullu dostları və şair Qabili Buzovnaya qutab qonaqlığına çağırır. Qabil də təzəcə nəşr olunmuş kitabını ona hədiyyə edir. Salama deyir, o qədər yazmışam ki, avtoqrafa söz tapa bilmirəm, səncə, bu kitaba nə yazım? Salam cavab verir: "Heç nə, yaz ki, ver qutabı, al kitabı. Qabil elə də yazır..."

Yazıçıya yaxşı vəzifələr təklif edilsə də bacardığı qədər onlardan imtina edirdi. "Nəyimə lazımdır vəzifə?", - deyərdi. 35-dək kitab müəllifi olan Salam Qədirzadə sadə həyat tərzi yaşamağa üstünlük verərdi. Deyilənə görə, avtomobilini "46 bənövşə" kitabından aldığı qonorarla alıbmış.

Yazıçıya heç bir fəxri ad verilmədiyi üçün çox incik olub. Bir neçə dəfə rəsmi orqanlara müraciət etsə də, müsbət cavab ala bilməyib. Hətta bu situasiya onun səhhətindən də yan ötməyib. O, gərgin zamanlarında qəzəbindən siqareti daha çox çəkirmiş. 64 yaşında insult keçirən Salam Qədirzadə heç bir vəsiyyət etmədən dünyadan köçüb. "Hər gün ömürdən gedir" adlı son kitabını isə görmək ona nəsib olmayıb…

Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()